FUNDAMENTAL ASTRONOMİK SABİTLƏR – astronomik hesablamalar (mәs., müxtәlif vaxtlarda vә yerlәrdә aparılmış astronomik müşahidәlәri müqayisәetmә, elәcә dә KA-ın uçuşunu planlaşdırma vә s.) zamanı istifadә olunan fiziki vә astronomik parametrlәr.
Göy cisimlәrinin hәrәkәtini ifadә etmәk üçün istifadә edilәn düsturlara, müşahidәlәrdәn tәyin edilmәli olan çoxlu sayda sabitlәr (mәs., planetlәrin kütlәlәri, ölçülәri, onların fırlanma sürәtlәri, orbit elementlәri vә s.) daxildir. Bu kәmiyyәtlәrin qiymәtlәri hәm onların tәyin edilmәsi üçün istifadә edilmiş müşahidәlәrin mәcmusundan, hәm dә göy cisimlәrinin hәrәkәtini ifadә edәn düsturlar sistemindәn asılıdır. Belә olduğu halda, hәr bir yeni nәzәriyyә, hәr bir yeni müşahidә qeyd etdiyimiz bütün sabit kәmiyyәtlәrin yenidәn qiymәtlәndirilmәsini tәlәb edәrdi ki, bu da rasional üsul deyil. Ona görә dә, nәinki astronomik, hәmçinin bәzi qeyri-astronomik: geodezik, geofizik vә s. üsullarla tәyin edilmiş vә әlaqәdar elmi mәrkәzlәr tәrәfindәn qәbul edilmiş standart qiymәtlәr çoxluğunu әks etdirәn sabitlәr F.a.s. sisteminә daxil edilir. Astronomiyanın, astrofizikanın inkişafından, elәcә dә hesablamaların dәqiqlik dәrәcәsindәn asılı olaraq F.a.s. sisteminә daxil olan sabitlәrin siyahısı dәyişә bilәr, bu halda aşağıdakı mәqamlara xüsusi diqqәt yetirilir: sabitlәrin çoxlu sayda müşahidәlәrdәn alınan әdәdi qiymәtlәri nәzәri müddәalarla dәqiq uzlaşmalı, hәr bir sabit üçün qәbul olunmuş qiymәtlә onun müşahidә olunan qiymәti arasındakı fәrq minimal olmalı, F.a.s. sistemi kifayәt qәdәr uzun müddәt әrzindә dәyişmәmәlidir.
İlk F.a.s. sistemi 1896 ildә qәbul edilmişdi vә sonralar, müşahidәlәrin dәqiqliyinin artırılması vә astronomik düsturların tәkmillәşdirilmәsi hesabına, dәfәlәrlә dәyişdirilmişdir. Hәlә ki, (2017) Beynәlxalq Astronomiya İttifaqı tәrәfindәn 2009 ildә qәbul edilmiş F.a.s. sistemi qüvvәdәdir.
F.a.s.-i bir neçә qrupa ayırmaq olar. Birinci qrupa Yerin hәndәsi parametrlәri, ikinciyә Yerin dinamik parametrlәri, üçüncü qrupa Günәş sisteminin dinamik xassәlәri (geosentrik vә heliosentrik qravitasiya sabitlәri, Günәş vә planetlәrin kütlә nisbәtlәri vә s.) daxildir. Axırıncı qrupa müxtәlif zaman şkalaları arasında keçidi tәmin edәn miqyas әmsallarını aid etmәk olar.
2009 ildә qәbul edilmiş F.a.s. sistemindә bәzi sabitlәrin qiymәti dәqiqdir. Belә F.a.s. tәyinedici sabitlәr adlanır; onları tәbii (işığın sürәti) vә kömәkçi (Qauss sabiti, zaman şkalaları arasında keçid әmsalları) sabitlәrә ayırırlar. 2009 ildә zaman şkalasından asılı olaraq ilk dәfә bәzi sabitlәrin qiymәtlәrinin fәrqlәnmәsi konsepsiyası daxil edilmişdir. F.a.s.-in tәyini vә onların statusu barәdә alimlәrin diskussiyası davam etmәkdәdir.