FUNKSİONAL BOYAQ MADDƏLƏRİ - xarici fiziki tәsir nәticәsindә özünün fiziki vә ya fiziki-kimyәvi xassәlәrini dәyişә bilәn, yaxud yeni praktiki әhәmiyyәtli funksional xassәlәr göstәrәn, әsasәn sintetik olan boyaq maddәlәri. “F.b.m.” termini 1980–90-ci illәrdә elmi әdәbiyyatda möhkәmlәnmiş vә udma diapazonu yaxın UB-dәn görünәn vә yaxın İQ sahәyә qәdәr olan üzvi boyaq maddәlәrinin müxtәlif sinif nümayәndәlәrini birlәşdirir; bunlar müxtәlif mühitlәrdә hәll olması, fotofiziki (lüminoforlar, qeyri-xәtti optik materiallar) vә fotokimyәvi (mәs., sinqlet oksigenin generasiyası) xassәlәri, elektrikkeçiriciliyi (üzvi yarımkeçiricilәr, sintetik metallar, fotokeçiricilәr) ilә xarakterizә olunurlar; belә boyaq maddәlәri üçün onların kimya texnologiyasında, müasir texnikada (molekulyar elektronikada, fotonikada), tibbdә, biologiyada vә s. qeyri-әnәnәvi (boyama üçün işlәdilmir) istifadәsi sәciyyәvidir.
Xarici tәsirdәn optik xassәlәrini dәyişәn F.b.m. arasında bir neçә әsas qrup ayrılır: işığın tәsirindәn udulma spektrinin dәyişmәsi ilә dönәn molekuldaxili çevrilmәyә mәruz qalan fotoxrom effektli boyaq maddәlәri (spiropiranlar vә spirooksazinlәr, metalların ditizonatları, indiqoid vә tioindiqoid boyaq maddәlәri vә s.); temp-run dәyişmәsi ilә optik xassәlәrini dәyişәn termoxrom, o cümlәdәn dönәn termoxrom (müxtәlif fotoxromlar) vә dönәn termoxromogen (mәs., triarilmetan boyaq maddәlәrinin laktonları) birlәşmәlәr; elektrik sahәsinә daxil edildikdә optik xassәlәri dönәn dәyişәn elektroxrom birlәşmәlәr (4,4′-dipiridilin dördlü duzları (viologenlәr), nadir torpaq elementlәrinin diftalosianinlәri vә s.); müsbәt vә mәnfi dixroizmli dixroik boyaq maddәlәri (azoboyaq vә antraxinon boyaq maddәlәri vә s.); flüoressent boyaq maddәlәri, mәs., generasiya edәn (lazer) boyaq maddәlәri [kumarin törәmәlәri, ksanten (rodaminlәr), oksazin vә polimetin boyaq maddәlәri].
Fotoxrom boyaq maddәlәri informasiyanın tәhlili vә saxlanılması qurğularında, sensorlarda vә s.; termoxrom birlәşmәlәr termoqeydiyyat, indikator (dönәn) vә termoçap (dönmәyәn) qurğularında; elektroxrom birlәşmәlәr informasiyanı әks etdirәn elementlәrdә vә s.; generasiya edәn boyaq maddәlәri şüalanma tezliyi dәyişәn lazer üçün aktiv mühit kimi istifadә olunur.
F.b.m. hәmçinin müasir texnikanın digәr sahәlәrindә, kimya texnologiyasında tәtbiq edilir.