FUNKSİONAL DİLÇİLİK – dilin ünsiyyәt vasitәsi kimi işlәnmәsinә daha çox diqqәt yetirәn dilçilik mәktәb vә cәrәyanlarının mәcmusu; struktur dilçiliyinin bir qolu kimi yaranmışdır. İ.A.Boduen de Kurtene, F. de Sössür, O.Yespersen F.d.-in sәlәflәri olmuşlar. Əsas prinsipi – dilin ifadә vasitәlәrinin mәqsәdyönlü sistemi kimi izah edilmәsi (teleoloji prinsip) R.O.Yakobson, N.S.Trubetskoy, S.O.Kartsevski tәrәfindәn “Praqa dilçilik dәrnәyinin tezislәri”ndә irәli sürülmüş (1929), daha sonra Praqa dilçilik mәktәbinin digәr nümayәndәlәrinin, hәmçinin dilin 3 funksiyası konsepsiyasını әsaslandırmış K.Bülerin әsәrlәrindә inkişaf etdirilmişdir.
R.O.Yakobson nitq aktının müxtәlif komponentlәrinә: danışan, haqqında danışılan, әlaqә, şәrait, kod vә mәlumata yönәldilmiş nitq ünsiyyәtinin 6 funksiyasını tәdqiq etmişdir. Yakobson tәrәfindәn inkişaf etdirilmiş “dinamik sinxroniya” nәzәriyyәsi dilin tarixi inkişafı, dilin mәnimsәnilmәsi prosesi (uşaq nitqinin inkişafı), afaziya nәticәsindә dilin mәhv olması prosesi ilә dillәrin tipoloji diferensiasiyası arasında dәrin paralelizmi üzә çıxardı. Yakobsonun müxalif mәnanı fonemdәn diferensial әlamәtә, hәmçinin qrammatik mәnadan onun diferensial әlamәtlәrinә (“korrelyasiyalarına”) keçirmәsi böyük әhәmiyyәt kәsb edirdi. Yakobsonun (Q.Fant vә M.Halle ilә birgә) tәklif etdiyi 12 binar akustik әlamәtdәn ibarәt sistem fonologiya elmini xeyli zәnginlәşdirdi.
A.Martinenin әsәrlәrindә dilin “ikiqat parçalanması” fikri, fonologiya haqqında “funksional fonetika” kimi anlaşılması, “monem”in 3 sintaktik tipinin fәrqlәndirilmәsi müddәası irәli sürülmüşdür. Praqa mәktәbi әnәnәlәrinin riyazi dilçiliyin formal aparatı ilә özünәmәxsus birlәşmәsi Çexoslovakiyada E.Qaiçova, E.Beneşova vә b. ilә birgә P.Sqall tәrәfindәn işlәnmiş “funksional törәdәn qrammatika”nı xarakterizә edir. Geniş mәnada F.d. A.Frey vә Cenevrә mәktәbinin digәr nümayәndәlәrinin funksionalizmini, C.R.Fyors vә M.A.K.Hallideyin “funksional strukturalizm”ini, İ.İ.Revzinin “funksional yanaşma”sını vә s. әhatә etmәklә Praqa mәktәbi çәrçivәsindәn çıxmışdır.
Dilә bütövlükdә funksional yanaşmanın daha geniş izahı da mövcuddur. Bu mәnada funksional yanaşma formal yanaşma ilә müqayisә edilir.
Bir sıra hallarda funksional yanaşma müәyyәn vahidin daha böyük vahid tәrkibindә oynadığı rola, başqa sözlә, onun sintaktik mövqeyinә yönlәnmә kimi başa düşülür. Bütövlükdә dilә funksional yanaşma müxtәlif sosial funksiyaların yerinә yetirilmәsi üçün tәtbiq edilәn dil vasitәlәrinin “funksional” (üslubi) tәbәqәlәşmәsinin öyrәnilmәsi zamanı da ortaya çıxır. Bu mәnada “funksional dialektologiya”, “funksional üslubiyyat”, “dilin funksional diferensiasiyası vә stratifikasiyası”, “dilin funksional növlәri”, “funksional dillәr”, “funksional dialektlәr”, “funksional üslublar” vә s.-dәn bәhs etmәk olar. Cәmiyyәtdә dilin funksiyalarının vә dil situasiyalarının öyrәnilmәsi ilә әlaqәdar formal (struktur) tipologiyadan fәrqli olaraq, dillәrin funksional tipologiyasından da danışılır.