FUNKSİONAL PSİXOLOGİYA – psixi hadisәlәri orqanizmin mühitә uyğunlaşması zamanı onların daşıdıqları funksiya baxımından öyrәnәn cәrәyan. 19 әsrin sonlarında tәkamül tәliminin tәsiri altında yaranmışdır. F.p.-da bir neçә cәrәyan mövcud idi. Avropa ölkәlәrindә psixi funksiyaların tәbiiyyat elmi baxımından şәrhinә T.Ribo (Fransa), N.N.Lange (Rusiya), E.Klapareddә (İsveçrә), idealist şәrhinә K.Ştumpfda vә Vürtsburq mәktәbinin (Almaniya) nümayәndәlәrindә rast gәlinir. F.p.-nın U.Ceymsin adı ilә bağlı olan ABŞ variantı iki mәktәblә tәmsil olunurdu: Çikaqo (C.Dyui, C.Encell, Q.Karr) vә Kolumbiya (R.Vudvorts). Psixologiya orqanizmin dәyişәn tәbii vә sosial mühitә uyğunlaşması prosesindә şüurun funksiyaları (yaxud “fәaliyyәtlәri”) haqqında elm kimi başa düşülürdü. Psixologiyanın tәdqiqat sahәsi tәkcә şüuru deyil, hәm dә davranışı (uyğunlaşma hәrәkәtlәri), onun motivlәrini, öyrәnmә mexanizmlәrini vә s. әhatә edirdi. Bu cәrәyanın nümayәndәlәri eksperimental psixologiyanı xeyli zәnginlәşdirmişlәr. 1920-ci illәrdә biheviorizm ABŞ F.p.-sını sıxışdırıb aradan çıxarmışdır.