FUNKSİONALİZM, m e m a r l ı q d a – tikilinin formal vә estetik xüsusiyyәtlәrinin onun funksiyasından birbaşa asılılığını tәsbit edәn cәrәyan; modernizmin istiqamәtlәrindәn biri. 20 әsrin 1-ci yarısında yaranmışdır. Memarlıq әsәrinin әsas keyfiyyәtlәrindәn biri kimi sәmәrәliliyin hәlә Vitruvi tәrәfindәn qeyd olunmasına baxmayaraq, tikilinin estetik formasının onun tәyinatından asılı olaraq müәyyәnlәşdirilmәsi yalnız Maarifçilik dövründә mümkün olmuşdur. F. ideyalarını X.Qrinou qabaqlamışdır; 19 әsrin ortalarından C.Röskin, E.Violle-le-Dük, H.P.Berlage roman üslubuna vә qotikaya istinadәn tikilinin funksiya vә formasının uyğunluğu prinsipini inkişaf etdirmişlәr; bu prinsip “Sәnәtkarlıq vә peşә” hәrәkatı, “Alman Verkbundu”, “Vyana Sesessionu” birliklәri tәrәfindәn inkişaf etdirilmişdir. L.Salliven F.-in “forma funksiyanı izlәmәlidir” әsas formulunu işlәyib hazırlamışdır. F.-in formalaşmasına modern üslubu tәsir göstәrmişdir. Sәnaye qurğularının layihәlәndirilmәsindә әldә edilmiş nailiyyәtlәr (mühәndislәr E.Freysine, F.Ennebik, A.Q.Eyfel), yeni texnologiyalar (yığma inşaat, dәmir-beton), eklektizm vә bozar üslubunun alternativi olan yeni funksionalist estetikanın әsası olmuşdur.
F.-in әsas müddәları 20 әsrin әvvәllәrindә A.Lozan, O.Perre vә P.Berensin işlәrindә formulә olunur vә tikililәrindә hәyata keçirilmişdir. Onların davamçıları V.Qropius, L.Mis Van der Roe vә Le Korbüzye F.-in aparıcı memarlarıdırlar.
F.-in müddәaları Almaniya, SSRİ, Çexoslovakiya, İtaliya, Şm. Avropa ölkәlәri vә digәr yerlәrdә bir çox halda memarlıq avanqardının inkişafını müәyyәn etmiş vә müasir dizayn prinsiplәrinin tәmәlini qoymuşdur. 1950-ci illәrdә F. ideyalarından müharibәdәnsonrakı modernizm, brutalizm, sonralar hay-tek vә neofunksionalizm yaranmışdır. “F.” terminindәn bәzәn modernizmin, müasir hәrәkatın, beynәlxalq üslubun sinonimi kimi dә istifadә olunur.