FÚNKSİYA (lat. functio – hәyatakeçirmә, icraetmә), f ә l s ә f ә d ә – birinin dәyişmәsi digәrinin dә dәyişmәsinә sәbәb olan iki (yaxud bir qrup) obyekt arasında münasibәt. F. obyektin bir parametrinin digәr parametrdә doğurduğu dәyişikliyin (әlverişli, qeyri-әlverişli – disfunksional, yaxud neytral – afunksional) nәticәlәri (funksionallıq), yaxud ayrı-ayrı hissәlәrin müәyyәn tamın hüdudları daxilindә qarşılıqlı әlaqәlәri (fәaliyyәt göstәrmә) baxımından nәzәrdәn keçirilә bilәr.
F. anlayışını elmә Q.Leybnits gәtirmişdir. Sonralar elmin müxtәlif sahәlәrindә funksional tәdqiqat metodları yayıldıqca, fәlsәfәdә fundamental kateqoriyalardan biri kimi F.-ya maraq artmışdır. Anlayışlar, yaxud “funksiyalar” nәzәriyyәsini işlәyib hazırlamış E.Kassirerdә funksional yanaşma daha geniş formada reallaşmışdır. İdrak nәzәriyyәsinin funksional yanaşma әsasında qurulması cәhdi F. haqqında fәlsәfi tәsәvvürlәrә müәyyәn tәsir göstәrmişdir. Bioloji vә sosial elmlәrdә mәqsәdyönlü sistemlәrin öyrәnilmәsi ilә әlaqәdar geniş istifadә olunan funksional ifadәlәrin vә izahların әsaslılığı, mәqbulluğu vә sübutluluğu problemlәri tәdqiq edilir. Bax hәmçinin Sistem, Sistemli yanaşma.
F. s o s i o l o g i y a d a– müәyyәn sosial institutun, yaxud ayrıca sosial prosesin daha yüksәk tәşkilati sәviyyәyә malik ictimai sistemin tәlәbatlarına vә ya onu tәşkil edәn sosial qrup vә fәrdlәrin maraqlarına nәzәrәn oynadığı rolu bildirir. Mәs., dövlәt, ailә, incәsәnәt vә s.-in cәmiyyәt qarşısında rolu. F.-nın 2 növü fәrqlәndirilir: a) institutun, yaxud sosial qrupun açıq bәyan etdiyi mәqsәd vә vәzifәlәrә uyğun gәlәn aşkar F.-lar; b) özünü yalnız müәyyәn müddәtdәn sonra aşkarlayan vә fәaliyyәt iştirakçılarının bәyan etdiklәri niyyәtlәrdәn fәrqlәnәn gizli (latent) F.-lar. Vahid sosial prosesin müxtәlif komponentlәri arasında müşahidә olunan asılılıq da F. adlanır; bu zaman sistemin bir hissәsindәki dәyişiklik digәr hissәsindәki dәyişikliyin nәticәsi olur (mәs., sәnaye inkişafının F.-sı kimi şәhәr vә kәnd әhalisinin nisbәtindәki dәyişiklik).