FUNQNQUYEN (Phùng Nguyên) – Şimali Vyetnamda Qırmızı çayın aşağı axarı hövzәsindә Orta Tunc dövrünә (tәqr. e.ә. 2-ci minilliyin birinci yarısı) aid arxeoloji mәdәniyyәt. 1959 ildә müәyyәnlәşdirilmişdir. Əsasәn, uzunmüddәtli yaşayış mәskәnlәri, dirәküstü evlәr, torpaqda ocaqlar, tәsәrrüfat quyuları aşkar edilmişdir. Meyitlәr avadanlıqla birlikdә düzbucaqlı çuxurlarda arxası üstә dәfn olunmuşdur. Keramika dulus çarxında hazırlanmışdır: ağzıәyri vә dairәvi oturacaqlı küpәlәr, altlıqlı kasalar, asimmetrik “ayaqlı” (şm.-da Yanszı çayı hövzәsinәdәk bir sıra mәdәniyyәtlәrdә olduğu kimi) “qәdәhlәr”; çәrtmә (çox vaxt ikiqat spiral әsasında) vә hörmәyәbәnzәr ornament; iylәr. Qazıntılar zamanı toxa vә baltaların kәsici hissәlәri (düzbucaq vә trapesiya formasında), kәrkilәr, mizraq vә ox ucluqları, bilәrziklәr, daş muncuqlar, nadir hallarda tunc mәmulatlar vә onların daş bәnzәtmәlәri tapılmışdır. Sakinlәrin mәşğuliyyәti suvarma çәltikçilik (dağәtәyi yerlәrdә – quru dәrәlәrdә), donuzçuluq, balıqçılıq, ovçuluq vә yığıcılıq olmuşdur. Yerli Neolit әnәnәlәri әsasında formalaşmış F. Donqdau mәdәniyyәtinin әsasını tәşkil etmişdir.