FUNT STERLİNQ (ing. Pound sterling, Pound, British pound) – Böyük Britaniya vә Şimali İrlandiya Birlәşmiş Krallığının milli valyutası; Gernsi, Cersi vә Men a. taxt-tac әrazilәrinin paralel valyutası; B.Britaniyanın dәnizaşırı әrazilәrinin (Folklend a-rı, Hibraltar, Müq. Yelena, Askenson (Ascension) vә Tristan-da-Kunya adaları) qanuni ödәniş vasitәsi. Adı rәsmәn 1694 ildәn, İngiltәrә Bankı banknotların emissiyasına başladığı vaxtdan tәsdiq edilmişdir.
İngiltәrә Bankı tәrәfindәn buraxılmış vә F.s.-ә nominasiya olunmuş banknotlar İngiltәrә vә Uels әrazisindә qanuni ödәniş vasitәsidir. 3 Şotlandiya (Şotlandiya funtu, unikal dizaynlı) vә 4 Şimali İrlandiya (Şimali İrlandiya funtu, unikal dizaynlı) bankı tәrәfindәn buraxılmış banknotlar yalnız emissiya olunduqları әrazilәrdә qәbul edilir.
1816 –1914 illәrdә F.s. fiksә olunmuş qızıl tәrkibә malik idi. Birinci dünya müharibәsinin әvvәlindә F.s.-in mәzәnnәsi ABŞ dollarına 1/3 nisbәtdә aşağı düşmüşdü. Genuya valyuta sistemi (qızıl devizli standart) çәrçivәsindә bilavasitә qızıla (külçәnin dәyәri 1700 F.s. olmuşdur) mübadilә edilirdi. 1925 ildә F.s.-in revalvasiyası hәyata keçirildi. 1929–36 illәr dünya valyuta sisteminin böhranı B.Britaniya valyutasının 25% devalvasiyasına vә 1931 ildәn sterlinq (1933 ildәn isә dollar) blokunun formalaşmasına gәtirib çıxardı. 1990 ildәn B.Britaniya valyuta mәzәnnәlәri Avropa mexanizminә qoşuldu, lakin 16.9.1992 ildә, valyuta mәzәnnәsi kәskin şәkildә aşağı düşdükdәn sonra (“qara çәrşәnbә”, F.s.-ә qarşı C.Soros “oynayırdı”) onu tәrk etdi.
Avropa valyuta sisteminә daxil olmayan B.Britaniya öz milli valyutasını qoruyub saxlamışdır. 18–20 әsrin birinci yarısında F.s. bir çox ölkәdә әsas ehtiyat valyutası olmuşdur. İkinci dünya müharibәsindәn sonra B.Britaniyanın iqtisadi vәziyyәtinin zәiflәmәsi vә ABŞ-ın dünya iqtisadiyyatında üstünlüyünün güclәnmәsi ilә әlaqәdar F.s. bu baxımdan әhәmiyyәtini itirsә dә, Bretton-Vuds valyuta sistemi vә Yamayka valyuta sistemi çәrçivәsindә ehtiyat valyuta statusunu saxlamışdır. Xüsusi borcalma hüquqları (Special Drawing Rights, SDR) sәbәtindә F.s.-in payı 1.10.2016 ildәn 8,09%-dir (2009 ildәn 11,3%). Beynәlxalq Valyuta Fondu vә Avropa Mәrkәzi Bankının mәlumatlarına әsasәn beynәlxalq ehtiyat yığımlarında F.s.-in payı 3,8–4% (ABŞ dolları vә avrodan sonra 3-cü yer) tәşkil edir.