FURFUROL, f u r f u r a l, 2 - f u r a l d e h i d, – furan sırasının әn sadә aldehidi, C5H4O2; tәzә çovdar çörәyi iyli sarımtıl yağlı maye; tqayn.162°C, sıxlığı 1,1594 q/sm3, suda (20°C-dә kütlәyә görә 8,3%) hәll olur. Su, pentaxloretan vә brombenzolla azeotrop qarışıq әmәlә gәtirir. F. kimyәvi xassәlәrinә görә aromatik aldehiddir. Ammonyakla hidrofuramid (C4H3OCH=N)2CHC4H3O, aminlәrlә aldiminlәr C4H3OCH=NR әmәlә gәtirir. Tәrkibindә fәal metil vә ya metilen qrupları olan birlәşmәlәr (asetosirkә efiri, malon turşusu, aldehid, keton vә s.) ilә kondenslәşir. Sianid turşusunun iştirakı ilә F.-un benzoin kondenslәşmәsindәn furoin әmәlә gәlir ki, bu da oksidlәşdikdә furilә çevrilir. F. Kannissaro reaksiyasına daxil olur. F. öz-özünә oksidlәşәrәk qarışqa vә polimer turşularını, β–formilakril turşusunun törәmәlәrini әmәlә gәtirir. Müxtәlif agentlәrlә oksidlәşmәsindәn malein anhidridi, malein vә fumar, dibrommukon vә piroselik turşuları alınır. Kijner–Volf vә Klemmensen reaksiyaları üzrә reduksiyasından metilfuran әmәlә gәlir. F.-un müxtәlif şәraitlәrdә katalitik hidrogenlәşmәsindәn furfuril spirti, tetrahidrofurfuril spirti vә ya silvan alınır. F.-un benzoil peroksidin iştirakı ilә xlorlaşdırılmasından 5-xlortörәmәsi, tüstülәnәn HNO3 ilә nitrolaşmasından 5-nitrotörәmәsi әmәlә gәlir.
F. bitki mәnşәli pentozanlı xammalın (qarğıdalı qişası, vәlәmir vә düyü qabığı, pambıq qozası vә s.) duru mineral turşular ilә hidrolizindәn alınır. F. furan, silvan, furfuril spirti, tetrahidrofuran, dәrman vasitәlәri, furan qatranları vә pestisidlәrin alınmasında xammal, neft vә bitki yağlarının tәmizlәnmәsindә ekstragent kimi istifadә olunur. Sinir zәhәridir.