FURLAR, f o r l a r, f o r d u n q a l a r (әrәbcә f u r a v i; özlәrini foora adlandırırlar) – Sudanın c.-q.-indә (Mәrkәzi Darfur vilayәti, Şimali Darfurun c.-u vә Cәnubi Darfurun şm.-ı) xalq. Sayları 1,1 mln. nәfәrdir (2016); 30 mindәn 100 min nәfәrәdәk adın ş.-indә (Sila regionunun ş.-indә), tәqr. 5 min nәfәr Misirdә, 3 min nәfәr MAR-da yaşayır. Kunqara, tuncara vә dacu qruplarına bölünürlәr. Nil-Böyük Sәhra dillәrinin fur ailәsinә daxil olan fur dilindә danışırlar. Dindarları, әsasәn, müsәlmandır; xristianlar vә islamaqәdәrki inanclarını qoruyub saxlayanlar da var.
Şifahi әnәnәyә görә, F.-ın әcdadları 14– 15 әsrlәrdә c.-dan gәlmiş vә 16 әsrdә 36 sultanlıq yaratmışdılar. Onlardan әn güclüsü әvvәllәr Bornuya vә Sennara tabe olan Darfur sultanlığı idi. Darfur Şimal-Şәrqi Afrikanın әn iri qul alveri mәrkәzi olmuşdur. İslamı dövlәt dini elan etmiş Süleyman Solonqun (1596–1637) vә onun xәlәflәrinin (Keyra sülalәsi) zamanında Darfurun sәrhәdlәri ş.-dә Atbara çayınadәk genişlәnmişdi. F. Sudan әrәblәrinin güclü tәsirinә mәruz qalmışlar. Ənәnәvi mәdәniyyәtlәri Şimali Afrika xalqları üçün sәciyyәvidir. Suvarma toxa vә xış әkinçiliyi (darı, buğda, çәltik, durra, pambıq), hәmçinin maldarlıqla (qaramal vә davar, dәvә) mәşğul olurlar. Sәnәtkarlıq sahәlәrindәn dәmirçilik, zәrgәrlik, dulusçuluq, dabbağlıq, hәsirhörmә, sümük üzәrindә oyma inkişaf etmişdir. Matrilateral ortokuzen nikahlar, sororat vә levirat, gәlin üçün işlәyib-ödәmә tәtbiq olunur. Kompakt yaşayış mәskәnlәri üstünlük tәşkil edir. Evlәri düzbucaqlı planda çiy kәrpicdәn tikilir, dam örtüklәri yastı olur. Ənәnәvi kişi geyimlәri enli vә uzun açıq rәngli köynәk vә şalvardan, qadın geyimlәri isә әlvan vә ya tünd-rәngli paltar-köynәkdәn, üzlәrini örtәn şaldan ibarәtdir. Buğdadan vә düyüdәn hazırlanan yemәklәr, tәrәvәz vә süd mәhsulları geniş yayılmışdır. Nәğmәlәr, nağıllar, tarixi rәvayәtlәr; musiqi vә rәqs sәnәti inkişaf etmişdir.
F. Sudan azadlıq hәrәkatının (2003) yaranmasında vә Sudanda Vәtәndaş müharibәsindә (Darfur münaqişәsi) iştirak etmişlәr; münaqişә nәticәsindә F.-ın 100 mindәn çoxu Çadın ş.-inә qaçmışdır.