FÚRTVÉNQLER (Furtwängler) Vilhelm (25.1.1886, Berlin – 30.11.1954, Baden-Baden) – alman dirijoru, bәstәkar, musiqi yazıçısı. Uşaqlıq illәrindә fp.-da çalmağı vә kompozisiyanı Y.Raynberger, M. fon Şillinqs vә b.-dan öyrәnmişdir. Sonralar F. yaradıcılığına böyük tәsir göstәrmiş H.Şenkerin rәhbәrliyi altında musiqi nәzәriyyәsi ilә mәşğul olmuşdur. Dirijor kimi ilk dәfә 1906 ildә Münxendә çıxış etmişdir. Breslau (1905–06), Sürix (1906–07) vә Münxenin (1907–09) opera teatrlarında repetitor olmuş, Strasburqda teatr dirijoru (1910–11) işlәmişdir. 1911–15 illәrdә Lübek, 1915–20 illәrdә Manheym opera teatrlarının musiqi rәhbәri olmuşdur. 1922–28 illәrdә “Gevandhauz” ork.-nin, 1922–45 illәrdә vә 1952 ildәn ömrünün sonunadәk Berlin filarmonik orkestrinin baş dirijoru vәzifәsindә çalışmışdır. 1920-ci illәrin әvvәllәrindәn daima, Vyana filarmonik ork. ilә әmәkdaşlıq etmiş, Avropa vә ABŞ-ın müxtәlif ork.-lәri ilә çıxışları olmuşdur. 1931 ildә ilk dәfә Bayröyt festivalında iştirak etmişdir. Üçüncü reyx dövründә rәsmi tәbliğat vә mәdәni siyasәtdәn uzaq olmağa çalışmışdır. P.Hindemitin “Rәssam Matis” (1934) operasının tamaşasının qadağan edilmәsinә etiraz әlamәti olaraq, F. bütün rәsmi vәzifәlәrdәn imtina etmiş vә diqqәtini konsert fәaliyyәtinә yönәltmişdir. 1945 ilin әvvәllәrindә Almaniyanı tәrk etmәyә mәcbur olmuş, İsveçrәyә köçmüşdür. 1947 ildә F. dirijorluq fәaliyyәtinә yenidәn başlamış, beynәlxalq musiqi festivallarının iştirakçısı olmuş, Milanın “La Skala” teatrında R.Vaqnerin operalarına dirijorluq etmişdir. Alman vә Avstriya bәstәkarlarının, әsasәn, L. van Bethoven, V.A.Motsart, R.Vaqner, İ.Brams vә A.Bruknerin simfonik vә opera әsәrlәri F.-in repertuarının әsasını tәşkil edirdi. Konsert proqramlarına hәmçinin P.İ.Çaykovski, S.Frank, A.Dvorjak vә müasirlәri olmuş bәstәkarların (R.Ştraus, M.Ravel, B.Bartok, P.Hindemit, A.Şönberq, İ.F.Stravinski vә b.) musiqisi dә daxil idi. F.-in fonoqrafik irsindә Bethoven, F.Şubert, Brams, Brukner vә Çaykovskinin simfoniyalarının lent yazıları, Bethovenin “Fidelio” (1953), Vaqnerin “Tristan vә İzolda” (1952), “Valkiriya” (1954) operalarının, 2- ci dünya müharibәsi dövrünün konsert yazıları әsas yer tutur. F. bәstәkar kimi, әsasәn, simfonik vә kamera-instrumental musiqi sahәsindә fәaliyyәt
göstәrmişdir; әsәrlәri sırasında 3 simfoniya (1941, 1945, 1954), fp. ilә ork. üçün Simfonik konsert (1937) var. Musiqi haqqında bir sıra kitab vә mәqalәlәrin müәllifidir.