FURÚNKUL (lat. Furunculus) – heyvanlarda tük kisәciyi, piy vәzisi vә әtraf birlәşdirici toxumanın kәskin irinli-nekrozlu iltihabı. Bәdәnin tük örtüyü olan hәr yerindә inkişaf edә bilir, çox vaxt yelin, bel, cidov nahiyәlәri zәdәlәnir. F.-un heyvanın bütün bәdәnindә yayılması furunkulyoza sәbәb olur. Vaxtında müalicә olunmadıqda, heyvanın ölümü ilә nәticәlәnәn septik ağırlaşmalar baş verir. Dәri epidermisinin zәdәlәnmәsi, toz vә kirlә çirklәnmәsi, maddәlәr mübadilәsinin pozulması, avitaminozlar vә arıqlayıb üzülmә zamanı zәdәlәnmiş yerә daxil olan stafilokokk F.-a sәbәb olur.
M ü a l i c ә s i: zәdәlәnmiş nahiyә sabun vә ilıq su ilә yuyulur, tüklәr tәmizlәnir, solyuks lampası ilә, yayda günәş şüası ilә qurudulur, 2%-li salisil, kamfora, 70%-li yodlaşdırılmış spirtlә vә ya 2%-li briliyant yaşılı ilә silinib tәmizlәnir. İnkişafın başlanğıcında F.-a gündә 1–2 dәfә ixtiol mәlhәmi sürtülür vә istilik lampasının işığına verilir. Xәstәliyin başlanğıc mәrhәlәsindә novokainli antibiotikli ionoferez bloku tәyin edilir. Yetişmiş F. yarılır, irini çıxarılır vә antiseptiklәrlә işlәnir. İsidici kompreslәr, masaj, sıxmaq, hәmçinin yetişmәmiş F.-u çәrtmәk ciddi әks göstәrişdir.
P r o f i l a k t i k a s ı: heyvanların dәrisi tәmiz saxlanmalı; keyfiyyәtli vitaminli yemlәmә; qoşqu lәvazimatı bәrkidilmәli, qurudulmalı vә tәmiz saxlanmalı; vaxtaşırı, dövri olaraq qulluq әşyaları vaxtında dezinfeksiya edilmәli; tәmizlәnmәli; yelin yuyulduqdan sonra fәrdi salfetkalardan istifadә olunmalı.