FURUNKULYÓZ – dәrinin mәhdud nahiyәsindә (yerli F.) vә ya dәri örtüyünün müxtәlif nahiyәlәrindә (ümumi F.) çoxsaylı furunkulların meydana çıxması. Yerli F., adәtәn, әtraf nahiyәlәri stafilokokklarla çirklәnmiş furunkulun qeyri-düzgün aparılan müalicәsinin nәticәsindә baş verir. Ümumi F.-un sәbәbi: maddәlәr mübadilәsinin pozulması (mәs., şәkәrli diabet zamanı), hipovitaminozlar (A, C), orqanizmin üzülmәsi vә s. Xәstәliyin gedişi, adәtәn, uzun müddәtli, residivli olur. Müalicәsi, әsasәn, ümumidir: autohemoterapiya, antibiotiklәr, antistafilokokk qamma-qlobulini, pәhriz әsas xәstәliyin müalicәsi.