FURYE (Fourier) Jan Batist Jozef (21.3.1768, Oser – 16.5.1830, Paris) – fransız riyaziyyatçısı. Paris EA üzvü (1817), Peterb. EA fәxri üzvü (1829). Oserdә hәrbi mәktәbi bitirdikdәn sonra, orada müәllim işlәmişdir. 1796–98 illәrdә Politexnik mәktәbindә dәrs demişdir.
İlk elmi tәdqiqatları cәbrә aiddir. O, cәbri tәnliyin verilmiş sәrhәdlәr arasındakı köklәrinin sayı haqqında teoremi (Furye teoremi, 1820 ildә nәşr olunub) isbat etmişdir; cәbri tәnliyin verilmiş sәrhәdlәr arasındakı köklәrinin sayına aid mәsәlәnin tam hәlli 1829 ildә J.Ş.F.Şturm tәrәfindәn alınmışdır. 1818 ildә Furye İ.Nyutonun verdiyi tәnliyin tәqribi hәlli üsulunun tәtbiq edilmәsi şәrtlәrini araşdırmışdır (fransız riyaziyyatçısı J.R.Myrayldan xәbәrsiz). Ölümündәn sonra çap olunmuş (1831) “Müәyyәn tәnliklәrin tәhlili” onun tәnliyin hesablama üsulu ilә hәllinә aid işlәrinin yekunudur.
F.-nin әsas tәdqiqat sahәsi riyazi fizika olmuşdur. 1807 vә 1811 illәrdә o, bәrk cisimdә istiliyin yayılmasına aid ilk kәşflәrini etmiş, 1822 ildә isә riyaziyyatın sonrakı tarixindә mühüm rol oynamış “İstiliyin analitik nәzәriyyәsi” әsәrini çap etdirmişdir. İstilikkeçirmә tәnliyi üçün bu vә ya digәr sәrhәd şәrtlәri daxilindә dәyişәnlәrin ayrılması üsulunu (Furye üsulu) vermiş vә onu bir sıra xüsusi hallara (kub, silindr vә s.) tәtbiq etmişdir. Bu üsül әsasında F., funksiyaları triqonometrik sıralarla tәsvir edir (bax Triqonometrik sıralar, Furye sırası). Dәyişәnlәrin ayrılışı üsulu S.Puassonun, M.V.Ostroqradskinin vә 19 әsrin başqa riyaziyyatçılarının әsәrlәrindә inkişaf etdirilmişdir. “İstiliyin analitik nәzәriyyәsi” әsәri triqonometrik sıralar nәzәriyyәsinin vә riyazi analizin bәzi ümumi problemlәrinin işlәnib-hazırlanmasında istinad mәnbәyi olmuşdur. Müxtәlif sahәlәrdә verilmiş funksiyaların triqonometrik sıraya ayrılışına aid ilk misalları F. vermişdir. Onun istәnilәn funksiyanı belә sırayaayırma cәhdi uğursuz olsa da, hәmin problemә aid böyük işlәrin başlanğıcını qoymuşdur (P.Dirixle, N.İ.Lobaçevski, B.Riman vә b.). Çoxluqlar nәzәriyyәsi vә hәqiqi dәyişәnli funksiyalar nәzәriyyәsinin yaranması bu tәdqiqatlarla bağlıdır.