FU-Sİ (hәmçinin Pao-si, Bao-si, Tay-xao) – Çin mifologiyasında allah-demiurq vә mәdәni qәhrәman. Özündә bir çox xalqların müxtәlif allahlarının dәyişdirilmiş cәhәtlәrini daşıdığına görә, ilkin mifi bәrpa etmәk çәtindir. Fu-Si hәlә insanlardan әvvәl Yer üzünә gәlib, adәtәn, bir әlindә pәrgar, digәrindә günәş diski tutan yarıminsan-yarımilan şәklindә, çox vaxt öz bacısı, yaxud arvadı Nüyva (insan nәslini onunla birlikdә Xuanxenin sarı rәngli palçığından yaratmışdır) ilә yanaşı tәsvir edilir. Fu-Si insanlara ovçuluğu vә balıq tutmağı, әtin bişirilmәsini (o cümlәdәn mәrasim mәqsәdilә) öyrәtmiş, “Dәyişmәlәr kitabı”ndakı falçılıq sisteminin әsasını tәşkil edәn 8 triqramı ilk dәfә cızmış, simli musiqi alәti vә yazını kәşf etmişdir. Fu-Si haqqında miflәr xalq yaddaşında neolitәqәdәrki keçmişin bir çox hәqiqәtәuyğun detallarını qoruyub saxlayır. Fu-Si Çin mifologiyasından başqa, myao miflәrindә dә mövcuddur. Sonrakı konfusiçi әnәnәsindә Fu-Si qәdim dövrün ilk müdrik hökmdarı (e.ә. 2852– 2737 illәrdә hakimiyyәtdә olduğu ehtimal edilir), Üç zati-alidәn birincisi (San-xuan) kimi yeni mәna qazanmışdır. Fu-Sinin mәqbәrәsi Xenan әyalәtinin cәnub-şәrqindә yerlәşir, Fu-Sinin nisbәtәn az tanınan digәr mәzarına isә Şandun әyalәtinin cәnubunda sitayiş olunur; Qansu әyalәtinin Tyanşuy ş.-ndә 15 әsrdә inşa edilmiş Fu-Si mәbәdi yerlәşir.