FUTBÓL (ing. football, foot – ayaq + ball – top sözlәrindәn) – iki komanda (qapıçı da daxil olmaqla hәrәsindә 11 oyunçu) arasında otla örtülmüş xüsusi meydançada (uz. 100 m-dәn 110 m-dәk, eni 69 m-dәn 75 m-dәk) 90 dәq. müddәtindә (45 dәq. olmaqla 2 taym vә 15 dәq. fasilә) topla (diametri 68–70 sm, kütlәsi 410–450 q) oynanılan komanda idman oyunu. İdmançılar müәyyәn olunmuş vaxt әrzindә ayaqla vә ya bәdәnin hәr hansı hissәsi (әl istisna olmaqla) ilә topu fәrdi şәkildә vә partnyorlarına ötürmәlәrlә rәqib qapısından (tirin uz. 7 m 32 sm; ştanqın hünd. 2 m 44 sm) daha çox sayda keçirmәyә çalışırlar. Topla oynanılan digәr idman oyunlarından fәrqli olaraq, tәkcә qapıçı әl ilә oynamaq hüququna malikdir (cәrimә meydançası daxilindә), qalan oyunçular yalnız kәnar xәtdәn topu әl ilә oyuna daxil edә bilәrlәr. F. taktikasında “oyundankәnar vәziyyәt” (ofsayd) mühüm әhәmiyyәt kәsb edir: meydançanın rәqibә aid hissәsindә olan oyunçu topu öz yoldaşından yalnız o zaman qәbul edә bilәr ki, onunla qapı xәtti arasında rәqib komanda- dan qapıçı da daxil olmaqla, әn azı iki oyunçu olsun. Meydançada qayda pozuntusuna görә sәrbәst vә hәrәkәtsiz vәziyyәtdә qoyulmuş topa cәrimә zәrbәsi (rәqib komandanın oyunçuları topdan әn azı 9 m kәnarda dayanmalıdırlar); cәrimә meydançasında qayda pozuntusuna görә yalnız qapıçı tәrәfindәn müdafiә olunan rәqib komandanın qapısına 11 m-lik zәrbә (penalti) tәyin edilir. 1970 ildәn matçın baş hakimi müәyyәn qayda pozuntularına görә oyunçuya sarı kart (xәbәrdarlıq edilir); ikinci sarı karta, yaxud çox kobud qayda pozuntusuna görә qırmızı kart (meydançadan kәnarlaşdırma) göstәrir. F. üzrә bir sıra yarışların reqlamentindә әsas vaxt әrzindә heç-heçә ilә nәticәlәnәn görüşlәrdә qalibi müәyyәnlәşdirmәk üçün әlavә vaxt (hәrәsi 15 dәq. olmaqla 2 hissә), sonra isә penalti seriyaları nәzәrdә tutulur; uşaq,
yeniyetmә vә gәnclәrin iştirak etdiyi matçlarda meydançanın ölçülәrinin vә vaxtın qısaldılması reqlamentlә müәyyәn edilir.
Tarix. F.-un bir neçә tarixi sәlәfi mәlumdur. Mәs., Xan sülәlәsinin (e.ә. 206 – eramızın 220 ili) hakimiyyәti dövründә çinlilәr saç vә lәlәklә doldurulmuş topa (“szu-çju”) ayaqları ilә zәrbә vururdular. Qәdim romalılar düzbucaqlı meydançada “harpastum”; 11 әsrdәn fransız kәndlilәri bayramlarda “la sul” oynayırdılar. İngilislәr 2 әsrdәn kral II Eduard xüsusi fәrmanla (1314) oyunu qadağan edәnәdәk küçәlәrdә dәstә ilә top qovurdular. İntibah dövründә italyanlar bayram günlәrindә şәhәr meydanlarında “ill kalçio” oynayırdılar. İlk qaydalar toplusu 1848 ildә Kembric un-tindә tәrtib edilmiş, 15 il sonra Londonda “Frimeysons” (“Azad bәnna”) yemәkxanasında 11 klubun nümayәndәlәri dünyada ilk Futbol assosiasiyasını (1863) yaratmışlar. Onlar 13 (digәr mәlumatlara görә 14) әsas qaydanı tәsdiq etmiş, 8 il sonra isә tarixdә ilk futbol turnirini – İngiltәrә kubokunu (1871) tәşkil etmişlәr. Bir il sonra Qlazqoda ilk beynәlxalq görüş keçirilmişdir: İngiltәrә yığma komandası Şotlandiya yığması ilә heç-heçә (0:0) oynamışdır. 1904 ildә Beynәlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) tәsis edilmişdir; 1908 ildә London Olimpiya Oyunlarında ilk dәfә futbol turniri keçirilmişdir. Cәnubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) 1916 ildәn Cәnubi Amerikanın rәsmi çempionatlarını keçirir. 1954 ildә Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) vә Asiya Futbol Konfederasiyası (AFK), 1957 ildә Afrika Futbol Konfederasiyası (KAF), 1961 ildә Şimali vә Mәrkәzi Amerika vә Karib hövzәsi ölkәlәri Futbol Konfederasiyası (KONKAKAF) yaradılmışdır. 1966 ildә Okeaniya Futbol Konfederasiyası (OFK) tәsis edilmiş; 1973 ildәn OFK Millәtlәr kuboku keçirilir. Bu kuboklarda Yeni Zelandiya (5 dәfә), Avstraliya (4 dәfә, 2006 ildәn AFK-da iştirak edir) vә Taiti (1 dәfә) yığma komandaları qalib gәlmişdir.
20 әsrin 2-ci yarısında F. dünyada әn populyar idman növü olmuşdur. Buna hәr il әnәnәvi beynәlxalq klub turnirlәrinin (Avropa çempionlar kuboku – sonradan UEFA Çempionlar liqası; UEFA kuboku – sonradan Avropa liqası; Libertadores kuboku; Qitәlәrarası kubok – sonradan FİFA klubları dünya çempionatı vә b.) tәşkili vә keçirilmәsi, komfortabelli futbol stadionlarının inşası; televiziya, reklam, sponsorlar, bukmekerlik vasitәsilә böyük pul vәsaitlәrinin cәlb edilmәsi; idmançıların daimi miqrasiyası, assimilyasiyası, naturalaşdırılması ilә bütövlükdә idman prosesinin qloballaşdırılması; oyunçu vә mәşqçilәr üçün sәrt müqavilә sistemini tәtbiq etmәklә F.-un davamlı olaraq peşәkarlaşması; idman formalarının, inventarın, trenajorların, istehsalında, mәşq meydançalarının yaradılma- sında әn yeni texnologiyalardan istifadә; tibb, farmakologiya, KİV-lә sıx әlaqә rәvac verir.
Premyer-liqa (İngiltәrә), La Liqa (İspaniya), A Seriya (İtaliya), Bundesliqa (Almaniya) vә Liqa-1 (Fransa) dünyanın aparıcı liqalarıdır (onların çempionatlarında әn güclü klublar oynayır). 1956 ildә “France Football” jurnalı Avropa mövsümünün әn yaxşı futbolçusunu müәyyәn etmәk üçün әnәnәvi “Qızıl top” nüfuzlu mükafatını tәsis etmişdir. Mükafatın ilk sahibi S.Metyuz (1956) olmuşdur; sonralar sayca әn çox mükafat alanlar: Y.Kruiff (1971, 1973, 1974), M.Platini (1983, 1984, 1985), M. van Basten (1988, 1989, 1992), A.Di Stefano (1957, 1959), F.Bekkenbauer (1972, 1976), K.Kiqan (1978, 1979, İngiltәrә), K.H.Rummenigge (1980, 1981, Almaniya), Ronaldo (1997, 2002). “Qızıl top” mükafatı “FİFA ilin oyunçusu” (1991 ildәn verilir) mükafatı ilә müvәqqәti birlәşmәsindәn (2016 ilin payızınadәk) sonra “FİFA Qızıl top” adlandırılmışdır. Hәmin mükafata layiq görülәnlәr: “FİFA ilin oyunçusu” mükafatının son nominantları olmuş (müvafiq olaraq: 2009 vә 2008) L.Messi (2010, 2011, 2012, 2015) vә Kriştianu Ronaldu (2013, 2014, 2016, 2017), L.Modriç (2018). Fransanın idman qәzeti “L’Équipe” vә “Adidas” şirkәtinin tәşәbbüsü ilә 1968 ildәn Avropa mövsümünün әn yaxşı bombardirinә “Qızıl buts” (eyniadlı mükafat 1982 ildәn dünya çempionatının әn yaxşı bombardirinә verilir) mükafatı tәqdim olunur. Bu mükafata daha çox layiq görülәnlәr: Kriştianu Ronaldu 4 dәfә (2007–08, 2010–11, uruqvaylı L.Suareslә birlikdә 2013–14, 2014–15), L.Messi 6 dәfә (2009–10, 2011–12, 2012–13, 2016–17, 2017–18, 2019–20); hәrәsi 2 dәfә olmaqla 9 futbolçu, o cümlәdәn Eysebio (1968, 1973) vә G.Müller (1970, 1972). Müxtәlif idman nәşrlәri vә beynәlxalq federasiyaların çoxsaylı sorğularının nәticәlәrinә görә 20 әsrin әn yaxşı futbolçuları onluğuna daxil edilәnlәr: Pele (bütün siyahılarda 1-ci yerdә), D.Maradona, Y.Kruiff, F.Bekkenbauer, M.Platini, A. Di Stefano, Harrinça, Eysebio, F.Puşkaş, S.Metyuz. 20 әsrin әfsanәvi mәşqçilәri arasında – V.Potsso, K.Rappan, B.Quttman, E.Errera, R.Mixels, M.Zaqalo, H.Şön, R.Peysli, C.Trapattoni, A.Fergüson, F.Kapello. Əfsanәvi futbol klubları onluğu – “Real”, “Barselona”, “Mançester Yunayted”, “Liverpul”, “Bavariya”, “Milan”, “İnternasional”, “Yuventus”, “Ayaks”, “Santos”. 2010 ildәn FIFA-ın tәşәbbüsü ilә “İlin әn yaxşı mәşqçisi” nominasiyası üzrә tәqdimat mәrasimi keçirilir: J.Mourinyo (2010), J.Qvardiola (2011), V. Del Boske (2012, hәr ikisi – İspaniya), Y.Haynkes (2013), Y. Löv (2014, Almaniya), Luis Enrike (2015, İspaniya), K.Ranyeri (2016, İtaliya), Z.Zidan (2017, İspaniya), D.Deşam (2018, Fransa), Y.Klopp (2019, İngiltәrә).
Qadın futbolu. İlk rәsmi matç 23.3. 1895 ildә İngiltәrәnin “Krauç-End” stadionunda keçirilmiş, Şimali London komandası Cәnubi London yığma komandasına qalib gәlmişdir (7:1). İlk qadın futbol klublarından 1917 ildә Lankaşirdә zavod nәzdindә yaradılmış “Dik, Kerrs Ledis” ingilis qadın
futbolunun lideri olmuşdur. UEFA 1971 ildә qadın komitәsini tәsis etdikdәn sonra qadın futbolu rәsmәn tanınmışdır. 300 tәhsil müәssisәsindә futbol komandalarının yaradıldığı ABŞ-da qadın futbolu daha çox inkişaf etmişdir. 1991 ildәn dünya çempionatları keçirilir (4 ildә 1 dәfә); ABŞ (1991, 1999, 2015, 2019), Norveç (1995), Almaniya (2003, 2007), Yaponiya (2011) yığmaları qalib komandalardır. Qadın futbolu 1996 ildәn Olimpiya Oyunlarının proqramına daxil edilmişdir; qaliblәr – ABŞ (1996, 2004, 2008, 2012), Norveç (2000), Almaniya (2016) yığma koman- daları. 2001 ildәn Avropada güclü klub komandalarının turnirlәri keçirilir; qadın Çempionlar liqası (2009/10 ilә qәdәr – UEFA kuboku) әsas turnirdir. Ən titullu klublar – “Frankfurt” (2002–15, Almaniya; 4 qәlәbә) vә “Olimpik” (2011–16, Lion, Fransa; 3 qәlәbә). Qadın futbolu tarixinin әn tanınmış oyunçuları: M.Hamm, C.Fodi (Foudi), M.A.Vambax, K.Lloyd (hamısı – ABŞ), B.Prins, B.Viqmann, K.Ştegemann, N.Angerer (hamısı – Almaniya), Marta, Kristiana, Formiqa (hamısı – Braziliya), Sun Ven (Çin), Sava Xomare (Yaponiya) vә b.
Azәrb.-da ilk F. komandaları 1911 ildә Bakıda tәşkil olunmuşdur (bax “Azәrbaycan” xüsusi cildi, “Bәdәn tәrbiyәsi vә idman” mәqalәsi). 1914 ildә F. ittifaqı, F. liqası vә hakimlәr kollegiyası yaradılmış, hәmin il Bakı, 1928 ildә isә Azәrb. çempionatı keçirilmişdir. “Neftçi” futbol komandası 1966 ildә SSRİ çempionatının bürünc mükafatını qazanmışdır. Ə.Mәmmәdov, Y.Kuznetsov, A.Banişevski SSRİ yığma komandası heyәtindә dünya çempionatının (1966) bürünc mükafatçısı, İ.Ponomaryov 24-cü Olimpiya Oyunlarının (1988, Seul) çempionu, T.Bәhramov vә E.Əzimzadә FİFA-nın ilk azәrb. hakimlәri olmuşlar. Azәrb. Futbol Federasiyaları Assosiasiyası (AFFA) 1992 ildә Bakıda tәsis edilmişdir, UEFA-nın vә FİFA-nın üzvüdür (1994).