FUTUNALAR, f u t u n a l ı l a r – Polineziya xalqlarının Qәrbi Polineziyada adı. 1) Şәrqi F. (faka F.) Uollis vә Futunadakı (Fransanın dәnizaşırı icması) Futuna a-rının (Futuna vә Alofi) yerli әhalisi. Sayları 4 min nәfәrdir; 5 min nәfәri Yeni Kaledoniyada yaşayır (2016). Polineziya dillәrinin futuna qrupuna daxil olan şәrqi futuna (fakafutuna) dilindә danışırlar. Dindarları, әsasәn, xristiandır.
Ənәnәvi futuna rәqslәrinin ifaçıları.
Futuna a-rı Lapita mәdәniyyәti daşıyıcıları tәrәfindәn tәqr. e.ә. 1000 ildә mәskunlaşdırılmışdır. Eramızın 2-ci minilliyinin ikinci yarısından tonqaların “imperiyası”na daxil olmuşlar; mәdәniyyәt vә dil baxımından samoalılara yaxındırlar. 1616 ildәn avropalılarla (hollandlarla) tәmasdadırlar.
Ənәnәvi futuna evi.
Cәmiyyәtlәri 3 sosial tәbәqәdәn ibarәtdir: sau (ali başçılar), aliki (rәhbәrlәr) vә seka (icmaçılar). Futuna a-rı Tui Sinqave vә Tui Anqaifo titulları daşıyan ali başçılar (sau) vә baş rәhbәrlәr (aliki lasi) başda olmaqla seçkili şura (fono lasi) tәrәfindәn idarә olunan Sinqave (q.-dә) vә Alo (ş.-dә) siyasi dairәlәrinә bölünür. Ənәnәvi mәşğuliyyәtlәri balıqçılıq, toxa әkinçiliyi (taro, yams), donuzçuluqdur. Tapa istehsalı vә hәsir toxunması yayılmışdır. Müasir F. kopra vә sәdәf istehsalı, heyvandarlıq, balıqçılıqla mәşğul olur, Yeni Kaledoniya vә Vanuatuda muzdla işlәyirlәr. Ənәnәvi evlәri ikiyamaclı damı olan, dirәk konstruksiyalı, adәәn, divarsız düzbucaq planlı tikililәrdir; platforma üzәrindә qurulmuş evlәrә (xüsusilә Alofi a.-nda, ehtimal ki, uveaların tәsiri ilә) dә rast gәlinir. Ənәnәvi sosial strukturun әsasını totem qohum birliklәri tәşkil edirdi. Yaş siniflәri vә kişilәrin icma evlәri var idi. Tәdbirlәr üçün kava içilmәsi sәciyyәvidir. Ənәnәvi dinlәrinin vә mifologiyalarının әsas allahları sәmavi allah Tanqaloa, adalara od gәtirmiş Mafuike, yarımallah Mauidir; hәmçinin heyvan ruhlarına – Feke (sәkkizayaqlı ilbiz), Fonu (tısbağa), Tafolaaya (balina) sitayiş edirdilәr.
Futuna qızları bayram geyimindә.
2) Qәrbi F. (F.-aniva) Futuna vә Yeni Hebrid (Vanuatu) a-rının c.-undakı Aniva a-rının yerli әhalisi. Sayları 2 min nәfәrdir; 5 min nәfәri Yeni Kaledoniyada yaşayır. Futuna qrupuna daxil olan qәrbi futuna (futuna-aniva) dilindә danışırlar.