FUTUROLÓGİYA – geniş mәnada – Yerin vә bәşәriyyәtin gәlәcәyi haqqında tәsәvvürlәrin mәcmusu, dar mәnada – sosial proseslәrin perspektivini әhatә edәn elmi biliklәr sahәsi, proqnozlaşdırma vә proqnostikanın sinonimi. F. terminini 1943 ildә alman sosioloqu O.Flextheym “gәlәcәyin fәlsәfәsi” mәnasında işlәtmiş, onu ideologiya vә utopiyaya qarşı qoymuşdur. 20 әsrin 60-cı illәrindә bu termin “gәlәcәyin tarixi”, “gәlәcәk haqqında elm” mәnalarında geniş yayılmışdı. Lakin sosial proseslәrin perspektivlәri bir çox elmlәr tәrәfindәn öyrәnildiyindәn, “F.” termini özünün çoxmәnalılığı vә qeyri-müәyyәnliyinә görә, proqnozlaşdırmanın nәzәriyyә vә praktikasının mәcmusunu nәzәrdә tutan “gәlәcәyin tәdqiqi” termini ilә әvәzlәnmәyә başladı. 1973 ildәn Ümumdünya gәlәcәyin tәdqiqi federasiyası mövcuddur vә ora bir sıra proqnostik elmi cәmiyyәtlәr, o cümlәdәn Beynәlxalq sosioloji assosiasiyanın F. üzrә Tәdqiqat komitәsi daxildir.
F.-da apologetik, islahatçı, sol radikal vә s. cәrәyanları ayırmaq olar. 60-cı illәrdә müxtәlif texnoloji nәzәriyyәlәrә (bax Postindustrial cәmiyyәt) әsaslanan vә müasir qәrb cәmiyyәtinin hәyatiliyini, modernlәşmәsinin mümkünlüyünü göstәrәn apologetik cәrәyan daha geniş yayılmışdı [D.Bell, H.Kan (ABŞ), R.Aron, B. de Juvenal (Fransa)]. İslahatçı cәrәyanın nümayәndәlәri [F.Baade (AFR), R.Yunqk (Avstriya), F.Polak (Niderland), İ.Qaltunq (Norveç)] Qәrb cәmiyyәti ilә sosializmin “konvergensiya”sını zәruri sayır, sol radikallar [A.Uoskou (ABŞ) vә b.] isә elmi-texniki inqilab gedişindә “Qәrb sivilizasiyası”nın fәlakәtә uğrayacağını qaçılmaz hesab edirdilәr. 70-ci illәrin әvvәllәrindә cәmiyyәtin mövcud inkişaf tendensiyaları gedişindә “qlobal fәlakәt”in qaçılmaz olacağı konsepsiyası ilә çıxış edәn cәrәyan ön plana çıxdı. Mahiyyәtcә apologetik olan bu cәrәyanda Avropadan, Şimali vә Cәnubi Amerikadan bir çox tanınmış alim, siyasәtçi, iş adamı, mәdәniyyәt vә incәsәnәt xadimini әtrafında toplamış Roma klubu (1968) aparıcı mövqe qazandı. Onun tәşәbbüsü ilә bәşәriyyәtin gәlәcәk inkişaf perspektivlәrinin müasir informasiya texnologiyaları әsasında “qlobal modellәşdirilmәsi” konsepsiyaları işlәnib hazırlanmağa başlandı. Bu sahәdә fәaliyyәt göstәrәn tәdqiqatçılar iki әsas istiqamәtә ayrıldılar: onlardan biri sosial pessimizm ideyalarını inkişaf etdirir [C.Forrester, D.Medous, R.Geylbrouner (ABŞ)], digәri (“texnooptimistlәr”) Qәrb cәmiyyәtinin “optimallaşdırılması” vasitәsilә fәlakәtdәn qaçmağın mümkünlüyünü әsaslandırırdılar [A.Tofler, M.Mesaroviç, E.Laslo (ABŞ), E.Peştel (AFR), K.Frimen, V.Ferkiss (B. Britaniya), İ.Kayya (Yaponiya), Q.Linneman (Niderland), A.Errera (Argentina) vә b.]. Roma klubunun 25-illiyi ilә bağlı hazırlanmış “İlk qlobal inqilab” (1990) mәruzәsindә müasir dünya problematikasının hәlli üçün fәaliyyәt proqramı tәklif edilmişdir; Şәrqlә Qәrb arasında uzun sürәn qarşıdurmanın başa çatmasından sonra beynәlxalq münasibәtlәrdә yaranmış yeni vәziyyәt kontekstindә müasir qlobal problematikanın, yeni meydana gәlmiş geostrateji blokların rәqabәti mühitindә formalaşan yeni iqtisadi şәraitin sәciyyәsi verilmiş, bәşәriyyәti narahat edәn әnәnәvi problemlәr sırasında yeni prioritetlәr (iqtisadi inkişaf, әhali, әtraf mühit, tәbii resurslar, maliyyә, beynәlxalq tәhlükәsizlik vә s.) göstәrilmiş, yeni normativ ictimai dәyәrlәr (mәdәniyyәtlәrin qarşılıqlı fәaliyyәti, tolerantlıq, multikulturalizm vә s.) müzakirәyә çıxarılmışdır.