FUZARİOZLAR – Fuzarium cinsindәn olan anamorf göbәlәklәrin, o cümlәdәn F. culmorum, F. qraminearum, F. avenaceum, F. oxusporum göbәlәklәrinin törәtdiyi bitki xәstәliklәri. F. simptomlarının tipi patogenin vә bitkinin mәnsub olduğu növdәn, әtraf mühit şәraitindәn asılıdır. Çox vaxt F.-a zәiflәmiş, xüsusilә monokulturada olan bitkilәr yoluxur. İnkişafın müxtәlif fazalarında bitkidә kök çürümәsi vә borulu saralıb-solma (traxeomikoz) F.-ın әn tipik tәzahürüdür. F. bütün iqlim zonalarında yayılmışdır; aqrosenozlarda [mәs., payızlıq bitki cücәrtilәrinin xәstәliyi çәhrayı qar kifi F. (Mikrodochium) nivale], meşә tingliklәrindә (enliyarpaqlı vә iynәyarpaqlı ağaclarda cücәrtilәrin fuzarioz yerәyatması), bitkiçilik mәhsullarının saxlanması dövründә (mәs., taxıl bitkilәrinin kefli taxıl kifi zamanı yoluxmuş dәn “mәstlәşib” insanların vә heyvanların zәhәrlәnmәsinә sәbәb olur) zәrәrlidir. İnfeksiya mәnbәyi yoluxmuş torpaq, çoxillik bitkilәr, bitki qalıqları, toxumlardır. F.-dan mühafizәyә növbәli әkin, substratların dezinfeksiyası, sağlam әkin vә sәpin materialından, F.-a davamlı sortlarıdan istifadә edilmәsi, bitki qalıqlarının mәhv edilmәsi, biopreparatlar vә fungisidlәrlә işlәnmәsi kimi tәdbirlәr kompleksi daxildir.