FÜGER Henrix Fridrix (8.12.1751, Haylbronn – 5.11.1818, Vyana) – alman vә Avstriya rәssamı. Almaniyada klassisizm cәrәyanının görkәmli nümayәndәlәrindәn biri. 1764 ildәn Lüdviqsburq İncәsәnәt Akademiyasında saray rәssamı Nikola Jübaldan dәrs almış, 1769 ildәn Leypsiqdә tәhsilini davam etdirmişdir. Tәhsilini tәkmillәşdirmәk mәqsәdilә İtaliyaya getmişdir. Neapolda Kazerta sarayının freskalarını işlәmişdir. 1774 ildә hәmişәlik Vyanaya köçmüş, ingilis sәfiri Robert Keyt vasitәsilә yüksәk tәbәqәnin vә Avstriya imperator ailәsi üzvlәrinin rәğbәtini qazanmışdır. 1776 ilin payızında F.-ә Romada uzunmüddәtli tәhsil alması üçün tәqaüd verilmişdir, 1781–83 illәrdә Neapol yaxınlığında yaşamış vә çalışmışdır. Bu dövrdәn onun yaradıcılığında Anton R.Mengsin tәsiri hiss olunmağa başlamışdır. 1783 ildә F. Vyana Zәrif Sәnәtlәr Akademiyasının vitse-direktoru, 1795 ildә direktoru, 1806 ildә Vyana Rәssamlıq-Tarix Muzeyinin direktoru vә Belveder sarayının mühafizi, Münxen vә Milan Zәrif Sәnәtlәr Akademiyasının fәxri üzvü olmuşdur. Yaradıcılığının әsasını portret boyakarlığı (“Mariya Tereza de Burbonun portreti”, “Frans Brokmanın portreti”, “Knyaz Nikolay Yusupovun portreti” vә s.) vә bәdii miniatür tәşkil edir. Bibliya, tarixi vә mifoloji mövzularda da (“Vestalkanın edam olunması”, “Virsaviyanın yuyunması”, “Didonanın ölümü”, “İnsanlara od gәtirәn Prometey” vә s.) әsәrlәr işlәmişdir. Avstriya rәngkarlığının inkişafında böyük xidmәtlәri olmuşdur.