“FÜYUZAT” – hәftәlik elmi, ictimai-siyasi, әdәbi-tәnqidi jurnal. 1906 il noyabrın 1-dәn 1907 il noyabrın 1-dәk Bakıda Azәrb. dilindә nәşr edilmişdir (cәmi 32 nömrә). Jurnalın redaktoru Ə.Hüseynzadә, naşiri H.Z.Tağıyev idi. “F.”-ın әsas mәqsәdi xalqı maariflәndirmәk, ictimai vә milli şüuru oyatmaqla siyasi birliyә nail olmaq idi. Jurnalın ideya istiqamәtini tәşkil edәn “türklәşmәk, islamlaşmaq, müasirlәşmәk” prinsipi Azәrb. milli hәrәkatının әsas şüarına çevrilmişdi. “F.”-çılar “maarif, ittihad vә hürriyyәt” şüarı ilә mövcud siyasi quruluşun tәkamül yolu ilә dәyişdirilmәsinin, inkişafının vә tәrәqqisinin tәrәfdarı idilәr. Jurnalda dünyada baş verәn siyasi hadisәlәr, azadlıqla irtica, inqilabla istibdad vә Şәrqlә Qәrb arasında gedәn mübarizәni әks etdirәn mәqalәlәr dәrc olunurdu. Ədәbiyyatşünaslığa, yaradıcılıq metodu vә әdәbi tәnqidә, hәmçinin rus, Avropa, türk, fars klassiklәrinin hәyat vә yaradıcılığına dair yazılar ilk dәfә mәhz “F.”-ın sәhifәlәrindә işıq üzü görürdü. Jurnal romantizm әdәbiyyatının yaranmasına da güclü tәsir göstәrmişdi. Mәhәmmәd Hadi, Hüseyn Cavid, M.Ə.Sabir, S.Sәlmasi, Abdulla Şaiq, Ə.Raiq, Əhmәd Kamal, Y.Z.Talıbzadә, İ.Tahir, S.Tahirzadә, M.Ə. Rәsulzadә, Abdulla Sur, Ə.Sәbur, Abdullah Cövdәt, Abbas Sәhhәt, Tofiq Fikrәt, Hәsәn Sәbri Ayvazov, Ə.Hәsәnov vә b. “F.”-da әmәkdaşlıq etmişlәr.