FÜZULİ Molla Mәhәmmәd Süleyman oğlu (1494, İraq, Kәrbәla – 1556, orada) – Azәrb. şairi, mütәfәkkir. Mәnbәlәrdә Bayatlı, Bağdadi nisbәlәrilә, hәmçinin “mövlana”, “hәkim” kimi epitetlәrlә xatırlanır. Ailәsi 15 әsrin sonlarında Azәrb.-dan İraqa köçmüş oğuz әşirәtinin bayat qәbilәsinә mәnsub olmuşdur. İlk tәhsilini Kәrbәlada almış, Bağdadda davam etdirmişdir. Hillә vә Kufә şәhәrlәrindә dә yaşamışdır. 50 ildәn artıq Nәcәf ş.-ndә yaşamış, hәmin müddәtdә orada Əli ibn Əbu Talibin türbәsindә xidmәt etmişdir. Ədәbi-bәdii vә elmi-fәlsәfi-irfani fәaliyyәtinin böyük hissәsi dә hәmin şәhәrlә bağlıdır. Ömrünün sonuna yaxın vәzifәsindәn uzaqlaşdırılmış vә Kәrbәlaya qayıtmışdır. Sağlığında İraqdan kәnara çıxmayan F. şәxsi mütaliәsi sayәsindә dövrünün bütün “әqli vә nәqli, hәkәmi vә hәndәsi” elmlәrini (riyazi vә humanitar elmlәr, mәntiq, tibb, nücum), dini-fәlsәfi cәrәyanları, әrәb tәrcümәlәri әsasında yunan fәlsәfәsini, әrәb, fars, türk vә farsdilli hind әdәbiyyatını öyrәnmişdir. Əbu Nuvas, Xaqani, Nizami, Nәvai, Cami, Sәlman Savәci, Nәsimi, Rumi, Kamal Xocәndi, Cәlili, Əhmәdi, Şeyxi kimi şairlәri xatırlaması onun poeziya tarixinә dәrindәn bәlәd olduğunu göstәrir. Şah I Tәhmasibә vә onun sәrkәrdәlәrinә, ayrı-ayrı valilәrә qәsidәlәr yazmasına baxmayaraq, saray hәyatına meyil etmәmiş, saraydan uzaq olduğunu iftixar hissilә qeyd etmişdir. Sultan Süleymana bir neçә qәsidә tәqdim etmiş F. sultan ordusu ilә Bağdada gәlәn türk şairlәri Xәyali vә Yәhya bәylә görüşmüş, “Leyli vә Mәcnun” (1537) әsәrini dә “Rum zәriflәri” adlandırdığı bu sәnәtkarların xahişilә qәlәmә almışdır. Şairin ailә hәyatı ilә bağlı mәhdud mәlumatlar içәrisindә Fәzli adlı bir oğlunun olması göstәrilir. F. “Fәzliyә nәsihәt” qәsidәsindә öz övladı ilә bağlı qayğılarını ifadә etmişdir.
F. yaradıcılığa çox gәnc yaşlarından başlamış, tez bir zamanda mәşhurlaşmışdır. Şeirdәn sadәcә forma gözәlliyi deyil, hәm dә mәzmun gözәlliyi vә informativlik tәlәb edәn şair klassik poeziyanın bütün forma vә janrlarından bәhrәlәnmiş, lirik, epik, mәnzum vә mәnsur әsәrlәr yazmışdır. F. Azәrb. dilindә “Divan”ın, “Söhbәtül-әsmar”, “Bәngü Badә” münazirә mәsnәvilәrinin, “Leyli vә Mәcnun” poemasının, “Hәdiqәtüs-süәda” mәqtәlinin, “Şikayәtnamә” mәktubunun; farsca lirik şeirlәr “Divan”ının, “Sәhhәt vә Mәrәz” (“Hüsn vә Eşq” adı ilә dә tanınır), “Rind vә Zahid” mәnsur әsәrlәrinin, elәcә dә “Yeddi Cam” (“Saqinamә”) fәlsәfi-irfani mәnzumәsinin; әrәbcә “Mәtlәül-etiqad” fәlsәfi traktatının, hәmçinin türkcә, farsca, әrәbcә qәsidәlәr “Divan”ının müәllifidir. Ərәb dilindә tәrtib etdiyi divan bu günәdәk gәlib çatmamışdır (Azәrb. tәzkirәçisi Sadıq bәy Əfşar
“Mәcmәül-xәvas” әsәrindә F.-nin әrәb dilindә öz xәttilә yazdığı divanını şәxsәn gördüyünü qeyd etmişdir).
F.-nin yaradıcılığında çox geniş yer tutan vә onun şәxsiyyәtini digәr әsәrlәrinә nisbәtәn daha qabarıq әks etdirәn qәzәllәri eşq mövzusu üzәrindә qurulmuşdur. F. sәnәtinin әn böyük ünsürü vә ondakı lirizmin әn qüvvәtli dәstәyi eşqdir. F.-dә eşq bütün dünyanı әhatә edәn bir keyfiyyәtdir; “meydәki hәrarәt”, “neydәki sәda”nın tәsiri ondandır. F. eşqinin hәdәfi mütlәq mәnada gözәl olan vә gözәlliyi ilә “aşiqlәr”dә özünә qarşı tәbii-fitri cәzb yaradan mükәmmәl “mәşuq”dur. Tәsәvvüf әdәbiyyatında ilahi substansiya, yaxud onun manifestasiyalarından birini (ilkin yaranış vә eşqin ilk mücәssәmәsi kimi şәrh olunan Mәhәmmәd peyğәmbәr obrazı, yaxud mahiyyәtcә onunla eyniyyәt tәşkil edәn imam, yәni mәnәvi tәkamül yolunda istiqamәtlәndirici kamil mürşid) simvolizә edәn mәşuq obrazı F. qәzәllәrinin baş qәhrәmanıdır. Konkret tәriqәtә bağlı әnәnәvi sufi tipindәn uzaq olan F. simvollaşdırılmış bütöv bir irfan (Allahı tanıma) sistemi işlәyib hazırlamışdır. Bu sistemdә fәrdi-mәnәvi tәkamül yoluna çıxmış şәxsin hiss-hәyәcanları, hәsrәt, ümid, qorxu vә s. kimi müxtәlif daxili halları, hәmin yolun eniş-yoxuşlarında çәkdiyi iztirablar, hәqiqәti tanıdıqdan sonra fani alәmin öz içindәkilәrlә birgә qәlbindә yaratdığı sıxıntı, onun Allaha müraciәti, Allah-insan, yaxud mürşidmürid münasibәtlәri әksini tapır. Bütün bu fәrdi-psixoloji halların yüksәk bәdii ustalıq fonunda verilmәsi F. konsepsiyasının sadәcә klassik әnәnәnin tәlәbi ilә uzlaşan bir sistem olmadığını göstәrir, onu daha canlı vә inandırıcı edir. Öz vәzlәrinin әsl hәqiqәtindәn xәbәrsiz olan, buna görә dә hәqiqi ilahi nemәtdәn mәhrum qalan zahidlәri, ehkamlar çәrçivәsindә mәhdudlaşan vә dinin hәqiqәtini anlamayan fәqihlәri, formal әlamәtlәrlә seçilmәyә can atan “kәlәkbaz” sufilәri tәnqid hәdәfinә çevirәn F. hәr cür sünilikdәn uzaqdır. Bu baxımdan o, mәhәbbәti vә “ilahilәşdirilmiş” gözәli tәrәnnüm edәn şair kimi deyil, öz mükәmmәl şәxsiyyәtini, öz-özlüyündә ilahi olan ali vә mütlәq mәşuqunu vә onunla özü arasındakı mürәkkәb münasibәtlәr sistemini yüksәk poetik dillә ifadә edәn Haqq aşiqi kimi çıxış edir. F.-yә görә, eşq әzәlidir vә maddi alәmin
yaranışından hәlә çox qabaq insan ruhuna bәxş edilmişdir. F.-nin “öz yükü ilә dağı әzәn” eşqi Quran ayәsindә tәrәnnüm edilәn vә “dağların götürә bilmәdiyi” ilahi әmanәtlә sәslәşәn (33:72) ali nemәtdir. Buna görә F.-nin sonsuz kәdәri sadә pessimizm olmayıb, ali başlanğıca qayıdış hәsrәtindәn doğur. Mәrkәzindә mütlәq Sevgilinin әmanәt verdiyi can anlayışının dayandığı hәyat-ölüm konsepsiyasında dünya hәyatının keçici lәzzәtlәrindәn әbәdi sәadәtә çağıran F. insanda öz ilahi “mәn”inә vә cövhәrinә inam hissi aşılayır.
Klassik Şәrq әdәbiyyatının başlıca mәzmun kateqoriyaları olan eşq vә gözәlliyin birgә tәrәnnümü F. lirik irsi üçün dә sәciyyәvidir. Bütün gizli, dәruni hisslәrinin ifadәsi olan bu iki anlam F.-dә hiperbolik mәzmun daşıyır. Xaliq vә mәxluq nisbәtindә eşqin predmeti hәm xaliq, hәm dә mәxluqdur; bu vәhdәt F. şeirindә öz ilkin nәşәtini ilahi әnginliklәrdәn alıb gerçәk dünyada kamillәşmә prosesi keçәrәk, son mәqamda mütlәq hәqiqәtә çatmaq vә ona qovuşmaq amalına xidmәt edir. Belәliklә, F. divanlarındakı qәzәllәrin böyük әksәriyyәtindә hәyatiliklә ilahilik vәhdәt tәşkil edir. Maddilik öz qüdrәtini ruhanilikdәn alır, ruhanilik isә öz növbәsindә maddiliyә dayaq olub onun tәkamülә çatmasına vә yenidәn öz ilahi “mәn”inә qayıtmasına istiqamәt verir.
Sadıq Şәrifzadә. “Füzulinin portreti”. 1958.
F. şeirlәrindә insanlığın hәqiqәt axtarışlarında tarixәn mәruz qaldığı tragizmin poetikmәnzәrәsi açılır, idrak vә әxlaqın ifrat empirik düşüncә vә qatı ehkamçı şüurla mübarizәdә sarsıntılı vә böhranlı anları bәdii inikasını tapır. F.-nin iztirabının әsas sәbәbi “mәn”in mәnәvi tәkamülü vә ideala qovuşması yolundakı keçilmәz sәdlәrdir. Fәlsәfi qayәli, irfani sәciyyәli bu nisgil fәrdi xüsusiyyәt daşımır, ümumbәşәri, dünya kәdәri mәqamındadır. Əzәli ali iradәdәn doğan vә sevәrәk qәbul edilәn bu faciәvilik şәxsi mәhrәm münasibәtlәrini vә әslindә özü üçün zövq mәnbәyi olan fәrdi-psixoloji hallarını bayağı kütlәyә aşkarlanmamasından ötrü iztirablarını önә çәkәn vә belәliklә aşkarda bәdbәxt vә miskin, daxilindә isә xoşbәxt olan şәrqli aşiq obrazının mәnәvi durumudur. F. bu nöqteyi-nәzәrdәn, özünün dә ayrı-ayrı misralarda dәfәlәrlә tәsdiq etdiyi kimi mәlamәtidir (bax Mәlamәtiyyә). Lakin bu, kor-koranә tәriqәtә bağlılıq vә tәqlid kimi deyil, real yaşantı kimi üzә çıxır.
F.-dә öz bitkin ifadәsini tapan islami mәrifәt (Hәqiqәti tanıma) sistemi genişspektrli bәdii-rәmzi söz düzümü ilә reallaşır. Quranın kainat iyerarxiyasında insana verdiyi üstün mövqeyә әsaslanan insan haqqında irfan nәzәriyyәsi vә Allah-insan-kainat münasibәtlәrinin insanla bağlı zahiri rәmzi yozumlarla ifadәsi çoxyönümlü mәzmun incәliklәrinin bir-birinә uyğun, elәcә dә tәzadlı cәhәtlәrinin çarpazlaşdığı mürәkkәb bәdii tәxәyyül lövhәlәrindә öz әksini tapır. Mehvәri mükәmmәl insan obrazının tәsvirindәn ibarәt olan F. yaradıcılığında zahiri rәmzlәr (üz, saç, xal, dodaq vә s.) vә digәr sufi simvolikası yerinә görә hәm ideya-model, hәm dә bәdii fiqur-poetik obraz kimi çıxış edir. Mәnayaratma üsullarının zәnginliyi, gerçәklik vә mәcaz yerdәyişmәsinә aparan rәmzin dәrin qatlarına nüfuzetmә F. sözünün әn sәciyyәvi cәhәtlәridir.
F. qәzәllәrinin böyük әksәriyyәti vahid süjetlidir. Mәtlә (ilk) vә mәqtә (son) beytlәr daha cilalıdır vә ara beytlәri semantik cәhәtdәn bir-birinә bağlayan mühüm bәdii-mәntiqi vasitә rolunu oynayır. Demәk olar ki, divandakı bütün mәtlә beytlәr qüdrәtli mәntiqi, dolğun poetik mәzmunu vә bu mәzmunun daşıyıcısı olan plastik vasitәlәrin mәna çalarlılığı, bәdii sintaksisi, ahәng vә ritmi ilә öz-özlüyündә müstәqil әsәr tәsiri bağışlayır. Sillogizmlәr әsasında qurulan beytlәrdәki lakoniklik ilk növbәdә mәntiqiliklә bağlıdır. Adәtәn bütün beytlәrdә fikri-emosional gәrginlik son hәddә çatdığından şah beyti müәyyәnlәşdirmәk çәtinlәşir.
F.-nin azәrbaycanca (2 tәrcibәnd, 1 tәrkibbәnd, 1 müsәddәs, 5 müxәmmәs, 3 mürәbbe, 42 qitә, 75 rübai) vә farsca (44 qitә, 94 rübai) divanlarındakı digәr şeirlәr orijinal bәdii-üslubi keyfiyyәtlәri ilә müvafiq janrların sonrakı inkişafına mühüm tәsir göstәrmişdir.
Üç dildә (azәrbaycanca 43, farsca 30, әrәbcә 12) yazdığı qәsidәlәri ayrıca divan şәklindә toplanmışdır. Öz dәrin mәzmunu vә ictimai yönümülә diqqәt çәkәn qәsidәlәrdә insan vә yaradılış, hökmdar vә zaman, hakim vә rәiyyәt problemlәrinә geniş yer verilmişdir. Xaqani Şirvaninin “Qәsideyi-şiniyyә”sinә nәzirә olan 134 beytdәn ibarәt farsca “Ənis ül-qәlb” qәsidәsi bu baxımdan sәciyyәvidir. “Gül”, “su, “xәncәr”, “qәlәm” rәdifli vә s. qәsidәlәri 16 әsr, elәcә dә sonrakı әsrlәr türkdilli qәsidә әdәbiyyatının zirvәsi sayıla bilәr. Dәrin hәyati-fәlsәfi mәzmunu ilә seçilәn qitәlәrindә isә bir sıra ictimai-fәlsәfi problemlәr qoyulmuşdur.
F.-nin epik poeziyasının әn yüksәk zirvәsi olan, elәcә dә onun fәlsәfi-irfani düşüncәlәrinin yer aldığı “Leyli vә Mәcnun” poeması tam orijinallığı ilә seçilir. Əsasında gözәllik vә mәhәbbәt fәlsәfәsinin bәdii izahı dayanan әsәrdә tәsәvvüfün әsas nәzәriyyәsi olan “vәhdәti-vücud” anlayışı hәm fәlsәfi, hәm dә әdәbi-bәdii şәkildә işlәnmişdir. Dibaçәdә әfsanә bәhanәsilә “mütlәq eşqi” vәsf edәcәyini göstәrәn F. “hәqiqi eşqi” “mәcazi eşqlә” qarşılaşdırır, “hünәr vә kamal әhli” olan zәka sahiblәrinin müsibәtini, müqәddәs arzular önünә çıxan maneәlәrin keçilmәzliyinә etirazı baş mövzuyla ustalıqla әlaqәlәndirir. Metaforik anlamda әsәr “seyri-süluk” (sufi praktikası) içindәki müridin (aşiqin) Haqqa çatması yolundakı әngәllәr vә bu әngәllәri keçәrәk, ruhunu cismani, maddi istәk vә arzulardan azad etmiş kamil insanın ilahi eşqi üzәrindә qurulmuşdur. Burada Leyli hәqiqәt sirri (mәbud), mürid rolunda olan Mәcnun isә hәqiqәt sirrinә çatmağa can atan insan (abid) kimi simvolizә edilir. İnsanı hәqiqәtdәn ayıran hicablardan (pәrdәlәr) vә insanın bu hicabları necә keçәcәyindәn bәhs edәn F.-yә görә, ilahi eşq yolundakı әn böyük әngәl bu dünyadır. Buna görә dә, F. mütlәq hәqiqәti tapmağa çalışan Mәcnun simvolundakı insan ruhunu yalnızlıq sәhrasında dolaşdırır. Əsәrdәki çöl vә vәhşi dünya simvolları aşiqin hәqiqәt yolundakı yalnızlığının ifadәsidir. Aşiq (Mәcnun) kamillәşәrәk fәna vә bәqa mәrtәbәsinә çatan zaman bu dünyadan әl çәkir, mәcazdan hәqiqәtә keçir. Bu yolda aşiqin çәkdiyi bütün iztirablar onun kamillәşmәsi vә hәqiqәtә çatması üçün zәruri ünsürlәrdir. Leylinin ay, çıraq, pәrvanә ilә danışması, sәbaya, buluda müraciәti, Mәcnunun dağla, sәyyarәlәrlә, göyәrçinlә söhbәti әsәrin metaforik interpretasiyasını daha da zәnginlәşdirir. F. bununla tәsәvvüfün epistemoloji yönünü estetik mәna çәrçivәsindә fәrqli simvollarla ifadә etmәyә çalışmışdır. Demәk olar ki, hәr beytdәki mәcazların düzümü şairin tәlqin etdiyi fikrin tәsir gücünü artıran psixoloji-mәntiqi vurğu rolunu oynayır.
Bu vә ya digәr şәkildә rәmz vә simvollardan, mәcazi ifadә vasitәlәrindәn geniş şәkildә bәhrәlәnәn F. hәm dә müstәqil, irihәcmli vә epik vüsәtli alleqoriyalar müәllifidir. Gәnc yaşlarında qәlәmә aldığı “Bәngü Badә” әsәrindә şәrabın vә bәngin (tiryәkin) metaforik surәtini yaratmışdır. Tiryәklә şәrabın qarşılaşdığı, şәrabın üstün tutulduğu 440 beytlik әsәr F.-nin mәsnәvi tәrzindә ilk tәcrübәsidir. Şah İsmayıla ihtaf olunmuş әsәr bәzi tәdqiqatçılara görә, Sultan Sәlimlә Şah İsmayıl arasındakı çәkişmәni simvolizә edir. Badә obrazının prototipi Şah İsmayıldır. Mәsnәvinin süjet xәttindә F. müstәqim şәrabın metaforik obrazından yararlanırsa, müqәddimәdә onun mistik anlamdakı mәnasına müraciәt edir; elәcә dә tәsәvvüfdәki mey obrazının mәzmun simvolikasından bәhrәlәnmәklә meyi özü ilә Xaliq arasında vәhdәt yolunun sarvanı, hәqiqәtә yol açan ilahi rәmz kimi şәrәflәndirir. Bәzi mülahizәlәrә görә, badәnin insanın ruhunu vә daxili alәmini, bәngin isә cismi, xarici alәmi, yaxud dünyanı tәmsil etdiyi bu әsәrdә iki alәm arasındakı mübarizә tәsvir olunur. F.-nin “Söhbәtül әsmar”ı “Bәngü Badә”dә irәli sürülmüş fikirlәrin davamı kimi sәslәnir. 200 beytlik mәsnәvidә meyvәlәrin diliylә real hadisәlәr vә insanlar arasındakı neqativ hallara münasibәt bildirilir. Əsәrdәn ilk dәfә Əmin Abid bәhs etmiş, sonra әsәrin Sankt-Peterburqda saxlanan külliyatda olduğu aşkara çıxmışdır.
F. yaradıcılığında tәsәvvüf fәlsәfәsinin әsasları “Yeddi cam” vә “Sәhhәt vә Mәrәz” әsәrlәrindә daha qabarıq şәkildә öz ifadәsini tapır. 327 beytdәn ibarәt “Yeddi cam” mәsnәvisindә mey artıq müstәqil vә aparıcı obraz olaraq bütün әsәr boyu “vәhdәti-vücud” doktrinasının bәdii-fәlsәfi izahına dair әsas fikri yönlәndirir. Əsәrdә mәzmun yükünü musiqi alәtlәrinin (ney, tar, ud, dәf, qanun vә setar) hekayәtlәri daşıyır. F.-nin müdrik qocanın mәslәhәtilә yeddi gün nuş etdiyi ilahi şәrabla dolu yeddi qәdәh sufilәrin әnәnәvi yeddi mәqamı vә Əttarın “Mәntiqüt-teyr”indәki yeddi vadinin davamı kimi çıxış edir. Hәr günkü şәrab mәclisindә hәmdәm obraz kimi müxtәlif musiqi alәtlәrinin seçilmәsi müsәlman mistik tәlimlәrindә musiqinin yaranış vә Kainat nizamındakı yeri vә rolu ilә bağlıdır. Sonuncu gün Müğәnni ilә mәhrәmanә söhbәt ruhi tәkamül mәrhәlәlәrindәn sonra Hәqiqәtә qovuşmuş sufinin sәadәtidir. Şәrti olaraq iki hissәyә bölünә bilәn “Sәhhәt vә Mәrәz”in “әxlati-әrbәә” (klassik islam fәlsәfә vә tibbindә insan orqanizmini tәşkil edәn dörd maye – qan, sәfra, sevda vә bәlğәm) nәzәriyyәsinә dair bilgilәri ehtiva edәn birinci hissәsindә daxili orqanların qarşılıqlı fәaliyyәti, orqanizmin ümumi işinin pozulmasının müxtәlif sәbәblәri vә aradan qaldırılması yollarının alleqorik tәsviri F.-nin tibb sahәsindә yüksәk erudisiyasından xәbәr verir. İkinci hissәdә Eşqin müşayiәtilә Ruhun Bәdәndә sәyahәti vә sonda Saflıq güzgüsündә özünüseyrinin tәsviri hәqiqәt vә mütlәqlik axtarışlarının insanın özündә tamamlanması ideyasının tәntәnәsidir. İki hissәnin bir-birilә üzvi surәtdә әlaqәsi ruhi-mәnәvi tәkamülün bәdәni düzgün idarәetmә texni-kasından başlaması haqqında islam irfanı etikasının tәmәl prinsiplәrinә әsaslanır.
Tәsәvvüfün F. yaradıcılığında mövqeyi baxımından ayrıca әhәmiyyәt kәsb edәn “Rind vә Zahid”dә onun dünya vә Kainat, elәcә dә fәlsәfi atmosfer içindә hәyat anlayışı ehtiva olunur. Əsәr boyu zahir tәrәfdarı olan Zahid (ata) ilә batin tәrәfdarı olan Rind (oğul) arasındakı müzakirәdәn rindlik vә zahidliyin bir dünyagörüşü hadisәsi kimi sәmәrәli nüvәsini әxz edәn F. onları saxta, zәrәrli, insan xislәtinә vә ilahi hikmәtlәrә zidd meyillәrdәn uzaqlaşdırmaq mәqsәdi güdür; Şәrq әdәbiyyatında zidd obrazlar kimi çıxış edәn rind vә zahidi barışdırmaq, bu- nunla da tәriqәti vә şәriәti vahid islami-irfani istiqamәtdә yönәltmәk ideyasını irәli sürür.
F.-nin fәlsәfi görüşlәri, әsasәn, “Mәtlә ül-etiqad fi mәrifәtil-mәbdә vәl-mәad” (“Mәnşә vә qayıdış yerini tanımağa dair etiqada giriş”) mәnsur әsәrindә әks olunmuşdur. İnsanın yalnız bilgi vasitәsilә Kainatın sirlәrini, başlanğıc vә sonunu öyrәnәrәk, Allaha qovuşa bilәcәyi ideyasından çıxış edәn şair Fales, Sokrat, Platon, Empedokl, Anaksaqor, Demokrit, Aristotel, Prokl kimi antik yunan filosoflarının, Farabi, İbn Sina, N.Tusi, Nәzzam kimi Şәrq filosoflarının fәlsәfi irsinә incә nüfuz yolu ilә bilik, elm, dünyanın yaranması vә sonu, ilk yaradılış, dörd ünsür nәzәriyyәsi, ruh vә vücud, Allahın varlığı, onun atributları, peyğәmbәrlik vә s. mәsәlәlәrә dair mülahizә vә mühakimәlәrә xülasә vermiş, yeri gәldikcә öz münasibәtini bildirmiş, tәqdim olunan bütün fәlsәfi-irfani problemlәr idrak nәzәriyyәsi ilә vәhdәtdә nәzәrdәn keçirilmişdir. Kәlam, fәlsәfә vә tәsәvvüf nöqteyi-nәzәrindәn işlәnmiş “Mәtlә ül-etiqad” ön söz vә dörd fәsildәn ibarәtdir. F. yunan filosoflarının alәmlәrin mәnşәyi haqqında fikirlәri ilә razılaşır, alәm anlayışına “Allahdan başqa hәr şey alәmdir” kimi tәrif verir, “әşyanın hәqiqәti yoxdur” deyәn sofistlәrin әksinә onun müәyyәn bir gerçәklik olduğunu bildirirdi. İnsanları vәhy vә ilham sahibi olan müdriklәr, tәdqiqatçı müәllimlәr vә eşitdiklәrinә әsaslanan tәqlidçilәr kimi tәsnif edirdi. Dünyanın ümumi quruluşu etibarilә vahid, zahiri vә batini etibarilә ikili olduğunu göstәrirdi. Emanasiya nәzәriyyәsini әsassız hesab edir, reinkarnasiyanı inkar edirdi.
Tәrcümәçi kimi dә xidmәt göstәrәn F. Caminin “Hәdisi-әrbәin”ini (“Qırx hәdis”) Azәrb. dilinә tәrcümә etmişdir. H.V.Kaşifinin “Rövzәtüş-şühәda” әsәrindәn tәbdil yolu ilә qәlәmә aldığı “Hәdiqәt üs-süәda” (“Sәadәtә çatmışların bağı”) F.-nin hәcmcә әn böyük әsәri olmaqla yanaşı, Kәrbәla vaqiәsi barәdә türkdilli oxucuya tәqdim olunan ilk müfәssәl әsәrdir. Çoxmәrtәbәli süjetә vә parlaq arxitektonikaya malik mәqtәl giriş, on hissә vә sonluqdan ibarәtdir. Real sәhnәlәr vә mәişәt lövhәlәri ilә müşayiәt olunan bu әsәr füzuliyanә tәrzdә qәlәmә alınmış canlı, kövrәk sәhnәlәrilә dә diqqәti cәlb edir.
F. sәlәflәri kimi sәnәtinin qüdrәtilә cәmiyyәtin başında duranlara tәsir etmәyә, onları düzgün yola salmağa çalışmış, bәzәn yumor, bәzәn isә açıq tәnqidә müraciәt edәrәk ictimai fikirlәrini oxucuya çatdırmışdır. Sultan Süleyman Qanuni F.-yә 9 axça (gümüş pul) mәblәğindә tәqaüd müәyyәn etmiş, lakin Osmanlı dövlәtinin bürokratik sistemi bu tәqaüdü almağa imkan vermәmişdir. F. bununla bağlı yazdığı “Şikayәtnamә”dә (“Nişançı paşaya mәktub”) öz qәzәbini ifadә etmişdir. Ana dilindә bәdii nәsrin ilk nümunәsi olan әsәrdә şairin dövründәki rüşvәtxorluq vә süründürmәçilik tәnqid olunur. Mәmurların özbaşınalığını vә qanunsuzluğu cәsarәtlә әks etdirәn bu mәktubda eyni zamanda istedadlı adamların qiymәtlәndirilmәmәsinә ciddi etiraz ifadә olunur. F.-nin Qazi Əlaәddinә, Əhmәd bәyә vә Bәyazid Çәlәbiyә yazdığı mәktubları da Azәrb. bәdii nәsri üçün әhәmiyyәtlidir. Şairin “Şah vә gәda” adlı poeması dövrümüzәdәk gәlib çatmamışdır.
F. yaradıcılığının tәsir dairәsi geniş olmuşdur. Yaşayıb-yaratdığı dövrdәn günümüzәdәk Yaxın Şәrq, xüsusilә türk xalqlarının sәnәtkarları onun әnәnәlәrini davam etdirmişlәr. F.-nin zәngin irsindәn 16–17 әsrlәrdә Azәrb. şairlәrindәn Əmani, Qövsi Tәbrizi, Saib Tәbrizi, Mәsihi, 18 әsrdә Vaqif, Vidadi, Nişat Şirvani, Mәhcur Şirvani, Arif Şirvani, Baba Şirvani, 19 әsrdә Heyran xanım, Qasım bәy Zakir, Raci, Qumri, Natәvan, Mirzә Şәfi Vazeh, İsmayıl Nakam, Mirzә Mehdi Şükuhi, Seyid Əzim Şirvani, Əbdülxaliq Cәnnәti, Əbdülxaliq Yusif, 20 әsrdә Əliağa Vahid, Hacı Mail Əliyev vә b. bәhrәlәnmişlәr. Əhsәni, Vәfai, Turdi, Nәşati, Mәxmur, Ağahi, Firqәt, Zövqi kimi özbәk, Mәxtumqulu, Kәminә, Nur Mәhәmmәd kimi türkmәn, Şeyx Qalib, Baqi, Nәfi, Nәdim kimi türk şairlәri F. әdәbi mәktәbinin davamçıları olmuş, Tofiq Fikrәt, Əbdülhәq Hamid, Cәfәr Cabbarlı kimi sәnәtkarlar bu irsә böyük mәhәbbәtlә yanaşmışlar. F. irsi hәlә şairin sağlığında әdib vә alimlәrin diqqәtini çәkmiş, müasirlәrindәn Qәstimonlu Lәtifi, Sam Mirzә, Əhdi Bağdadi әsәrlәrindә onu “tәrzindә mübtәda”, “tәriqindә müxtәre” vә s. kimi qiymәtlәndirmişlәr. Aşıq Çәlәbi, Hәsәn Çәlәbi Qınalızadә, Riyazi, Faizi, M.Nәsrabadi, Lütfәlibәy Azәr vә b.-nın tәzkirәlәrindә F.-nin hәyatına dair mәlumatlarla yanaşı, şeir nümunәlәrinә dә rast gәlinir. 19 әsrdәn F. irsi dünya şәrqşünaslıq elminin diqqәt mәrkәzindә olmuşdur. Avropada ilk dәfә F. sәnәti haqqında söz açan alimlәr sırasında H.Purqştall, N.E.Braun, xüsusilә A.Bombaçi vә E.Gibbin xidmәtlәri qeyd edilmәlidir. Rusiyada V.D. Smirnov, A.Krımski, Y.E.Bertels şairin tәqdiqatçıları olmuşlar. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Türkiyәdә Mahmud Əkrәm Rәcaizadә, Əbuziya Tofiq, Nәcib Asim, Əbdürrәhim Şәrif, İ.Müstәcәbizadә, Şәhabәddin Süleyman, İsmayıl Hәbib, Azәrb.-da Abdulla Tofiq Sur, Firidun bәy Köçәrli, Abdulla Şaiq, Fәrhad Ağazadә, M.S.Ordubadi F.-ni tәdqiq etmişlәr. F. irsi әtrafında elmi axtarışlar ilk növbәdә türk alimi Mәhәmmәd Fuad Köprülünün adı ilә bağlıdır. İsmayıl Hikmәt, Salman Mümtaz, Bәkir Çobanzadә, Əli Hüseynzadә, 1930-cu illәrin sonlarından ardıcıl olaraq şairin tәdqiqi vә nәşrilә mәşğul olan Hәmid Araslının fәaliyyәti füzulişünaslıqda xüsusi mәrhәlә tәşkil edir. Bundan başqa, Azәrb.-da Mir Cәlal Paşayev vә R.Azadәnin, Türkiyәdә Kamal Ədib Kürçüoğlu, Əbdülbaqi Gölpınarlı, Əbdülqadir Qaraxan, Əli Nihad Tәrlan, A.S.Lәvәnd, Kә-nan Akyüz vә Hasibә Mazıoğlunun, İraqda Ə.Bәndәroğlu vә Ə.Tәrzibaşının xidmәtlәri diqqәtәlayiqdir. 1959 ildә M.Cәfәrin, 1965 ildә M.Quluzadәnin, 1968 ildә F.Qasımzadәnin F.-yә hәsr olunmuş әsәrlәrindә şairin yaradıcılığı әtraflı tәdqiq edilmişdir. F. şeirinin tәdqiqi sonrakı illәrdә dә V.Feyzullayeva, S.Əliyev, L.Əlizadә vә b.-nın diqqәt mәrkәzindә olmuşdur. Füzulişünaslıq sahәsindә Y.Qarayev, A.Qasımova, N.Göyüşov, V.Almazov, Q.Kәndli, İ.Hәmidov, M.Axundova, M.Quliyeva, S.Hacı vә b.-nın xidmәtlәri var.
F. yaradıcılığı Azәrb. incәsәnәtinin inkişafına güclü tәsir göstәrmişdir. Ayrı-ayrı әsәrlәrinә görkәmli rәssamlar miniatürlәr, illüstrasiyalar çәkmişlәr. Ü.Hacıbәyli “Leyli vә Mәcnun” poeması әsasında eyniadlı ilk Azәrb. operasını yazmışdır. Us- tad xanәndәlәr muğam ifaçılığında әn çox F. qәzәllәrindәn istifadә etmişlәr. Azәrb. bәstәkarları (A.Mәlikov, C.Cahangirov, A.Rzayeva, S.Əlәsgәrov, M.Nәsirbәyov vә b.) şairin әsәrlәrinә musiqi (simfonik poema, kantata, romans vә s.) bәstәlәmişlәr. “Leyli vә Mәcnun”unun motivlәri әsasında eyniadlı film (1961) çәkilmişdir. Azәrb.-da F.-nin adına şәhәr, rayon, küçә, meydan vә s. var. Ona әdәbi әsәrlәr hәsr olunmuş (B.Vahabzadә, “Şәbi hicran”; Oqtay Salamzadә, “Sevgi iztirabı”; Əzizә Cәfәrzadә, “Eşq sultanı” vә s.), Ə.Əzimzadә, S.Şәrifzadә, L.Kәrimov vә b. şairin portretini, E.Şamilov heykәlini, N.Mәmmәdov heykәl-portretini yaratmışdır. Bakıda abidәsi qoyulmuşdur (heykәltәraşlar T.Mәmmәdov, Ö.Eldarov).
1994 il YUNESKO xәttilә F. ili elan edilmiş, 1996 ildә Prezident H.Ə.Əliyevin imzaladığı fәrmana әsasәn F.-nin anadan olmasının 500 illik yubileyi Bakıda tәntәnә ilә qeyd olunmuş, digәr bir fәrmanla EA-nın Əlyazmalar İn-tuna şairin adı verilmişdir.
F. divanı ilk dәfә 1828 ildә Tәbrizdә daşbasma üsulu ilә çap olunmuşdur. İndiyәdәk külliyyatı vә ayrı-ayrı әsәrlәri Azәrb.-la yanaşı bir sıra xarici ölkәdә dәfәlәrlә nәşr olunmuş, müxtәlif dillәrә (türk, rus, alman, ingilis, fransız, polyak, macar, ispan vә s.) tәrcümә edilmişdir. AMEA Əlyazmalar İn-tunda, elәcә dә dünyanın bir sıra kitabxana vә әlyazma fondlarında (Tehran, İstanbul, Moskva, Düşәnbә, Berlin, London, Vatikan vә s.) F.-nin әsәrlәrinin 1000-ә yaxın әlyazma nüsxәsi saxlanır. Ən qәdim әlyazması Mövlana Muzeyi kitabxanasında (Konya) saxlanan 1541/42 ildә köçürülmüş “Leyli vә Mәcnun” nüsxәsidir.
Ə s ә r l ә r i: Əsәrlәri, 2 cilddә (c. 1, tәrtibçi V.Feyzullayeva, T.Kәrimli; c. 2, tәrtibçi N.Araslı, E.Qasımova), B., 1995; Əsәrlәri, 6 cilddә (c. 1–5, tәrtibçi H.Araslı; c. 6, tәrtibçi Ə.Sәfәrli), B., 2005.
Əd.: S ә f ә r l i Ə., Y u s i f o v X. Qәdim vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı, B., 1982; M ә m m ә d o v Z. Azәrbaycan fәlsәfәsi tarixi. B., 1994; K a r a h a n Abdülkadir. Fuzuli: Muhiti, hayatı ve şahsiyeti. Ankara 1995; C ü m ş ü d o ğ l u N. Füzulinin sәnәt vә mәrifәt dünyası. B.-Tehran, 1997; Q u l i y e v a M. Klassik Şәrq bәlağәti vә Azәrbaycan әdәbiyyatı. B., 1999; M i r C ә l a l. Füzuli sәnәtkarlığı. B., 2007; Azәrbaycan әdәbiyyatı tarixi. 6 cilddә, c. 3, B., 2009; N ә c ә f o v Ə. Füzuli – şairin yaradıcılıq psixologiyası. B., 2012; M i r z ә y e v A. Azәrbaycan bәdii tәrcümә tarixindә Füzuli mәrhәlәsi. B., 2012; H ü s e y n o v R. Yoxdan var. B., 2014.