GAVDUŞAN VURUŞMASI (1774) – Dağıstan feodallarının birlәşmiş qüvvәlәri ilә Quba xanlığı qoşunu arasında döyüş. G.v. iyul ayında Xudat yaxınlığındakı Gavduşan düzündә olmuşdur. Quba xanlığının güclәnmәsi vә Fәtәli xanın yürütdüyü siyasәt Qarabağ, Şәki, Şamaxı xanlığının vә Kartli-Kaxeti çarlığının, hәmçinin bir sıra Dağıstan feodallarının mәnafeyinә uyğun gәlmirdi. Quba xanlığının qüvvәtlәnmәsi Dağıstan feodallarının qarәt mәqsәdilә vaxtaşırı Azәrb. әrazisinә basqınlarının qarşısını kәsirdi. Buna görә dә Fәtәli xanın qaynı olan Qaraqaytaq usmisi Əmir Hәmzәnin başçılığı ilә Cәnubi Dağıstan feodallarının Quba xanlığına qarşı ittifaqı tәşkil edildi. Əmir Hәmzә öz hәrәkәtlәrinә bәraәt qazandırmaq üçün Şamaxı әtrafında avarlı Nutsal xanın qardaşları Bulucanın vә Mәhәmmәd Mirzәnin qәtlә yetirilmәsindәn istifadә etdi. Hәmin ittifaqa qazıqumuxlu Mәhәmmәd xan, avarlı Umma xan, Tabasaran qazısı Rüstәm, Qarabağ vә Şәki xanları, hәmçinin Şamaxıdan qaçmış Ağası xan da qoşuldu. Quba ş.-nә doğru irәlilәyәn feodalların birlәşmiş qoşunları ilә ağır döyüşlәrdә mәğlub olan Fәtәli xan Dәrbәndә qayıtmağa macal tapmayıb Salyana çәkildi. Quba vә Şirvanın bәzi yerlәri işğal edildi. Qәlәbәdәn ruhlanan Əmir Hәmzә birlәşmiş qoşunların başında Dәrbәnd istiqamәtindә hәrәkәt edәrәk bacısı Tuti Bikәnin başçılığı ilә müdafiә edilәn Dәrbәnd qalasına Fәtәli xanın hәlak olması vә onların xanın cәnazәsini özlәri ilә gәtirdiklәri xәbәrini çatdırdı. Lakin qardaşının yalanına inanmayan Tuti Bikә qala divarlarından düşmәnә atәş açmağı әmr etdi. Əmir Hәmzә qala divarlarından uzaqlaşsa da, Dәrbәndi 9 ay mühasirәdә saxladı. Bu müddәt әrzindә Fәtәli xan Dәrbәndә qayıtdı. Hәmin vaxt Qaraqaytağa gen. İ.F. de Medemin başçılığı ilә rus hәrbi qüvvәlәri gәlmişdi. Onların mәqsәdi II Yekaterinanın әmrilә Cәnubi Qafqazı vә Cәnubi Dağıstanı öyrәnmәk üçün göndәrilmiş S.Qmelinin ölümünә sәbәb olmuş Əmir Hәmzәni cәzalandırmaq idi. Bundan istifadә edәn Fәtәli xan kömәk üçün gen. Medemә müraciәt etdi. O, tәrәddüdsüz vә Rusiyanın hakim dairәlәrindәn icazә almadan Fәtәli xana kömәk etdi. Belәliklә, düşmәn qoşunları Dәrbәndin mühasirәsindәn әl çәkib geri dönmәyә mәcbur oldular. 1775 ildә Fәtәli xan hakimiyyәtini yenidәn bәrpa etdi.