GAVDUŞANTƏPƏ – Azәrb. Resp. Qusar r-nu әrazisindә arxeoloji abidә. G. Qusar– Xudat avtomobil yolundan 14 km solda, Qalacıq k.-ndәn 1 km c.-ş-dәdir. Hünd. 12 m olan tәpәdәn e.ә. 3-cü minilliyin sonu – 2-ci minilliyin ortalarına aid әkinçi tayfaların yaşayış yeri aşkar edilmişdir. Mәdәni tәbәqәnin qalınlığı 2 m-dәn çoxdur. Buradan qara vә boz rәngli müxtәlif gil qablar, daş (dәn daşları, bülövlәr, kәtmәnlәr vә s.), sümük alәtlәr vә s. tapılmışdır. G. әhalisi, әsasәn, әkinçilik vә maldarlıqla mәşğul olmuşdur.