GECƏGÖRMƏ CİHAZLARI – obyektlәri onların mәxsusi vә ya әks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görә qaranlıqda, yaxud zәif işıqlandırılmış şәraitdә tapmaq vә müşahidә etmәk üçün cihazlar; iş prinsiplәri obyektin İQ şüalardakı tәsvirinin görünәn tәsvirә çevrilmәsinә әsaslanır. G.c.-nın әsasını İQ şüaların qәbuledicisi, güclәndirici vә tәsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinә yetirәn fotoelektron cihaz tәşkil edir. Mәnbәdәn (işıqlanan gecә sәması, ulduzlar, ay vә s.) gәlәn şüalar obyektdәn әks olunaraq G.c.-nın obyektivinә düşür vә obyektin gözlә görünmәyәn tәsvirini (“portretini”) yaradır; bu “portret” qәbuledicidә görünәn tәsvirә çevrilir. Passiv (tәbii gecә işığında işlәyir) vә aktiv (adәtәn, İQ diapazona yaxın işıqlandırma ilә işlәyir) G.c. olur. Elektron-optik çevirici vә ya onun analoqu – fotohәssas inteqral sxem әsasında hazırlanan G.c. daha geniş yayılmışdır. Konstruktiv cәhәtdәn G.c. monokl, binokl, müxtәlif silahların nişangahı, eynәklәr, hәmçinin fotokamera vә videokamera şәklindә hazırlanır; enerji mәnbәyi kimi akkumulyatorlar işlәdilir. Bütün G.c. tozdan vә nәmdәn qoruyan hermetik zәrbәyәdavamlı gövdәyә malikdir. G.c., әsasәn, hәrbi vә kәşfiyyat aparatlarında, hәmçinin ov, xilasetmә әmәliyyatları, gecә foto vә video çәkilişlәri, görünmә dәrәcәsi aşağı olan şәraitlәrdә gәmi vә avtomobillәrin idarә olunması zamanı tәtbiq edilir.
Pulsar Challenger GS gecәgörmә cihazı.