GEEZ [(klassik) qәdim efiop dili] – Aksum çarlığında yayılmış dil. 10–11 әsrlәrә qәdәr hәm yazıda, hәm dә şifahi nitqdә işlәdilmiş, daha sonra isә xristian Efiopiyasının dini vә dünyәvi yazısında istifadә olunmuşdur. Efiopiya kilsәsindә liturgiya ayininin dili funksiyasını saxlamışdır. 3–4 әsrlәrdәn başlayaraq, epiqrafik abidәlәrdә qeyd olunmuşdur; G. dilindә xeyli orijinal vә tәrcümә әdәbiyyatı mövcuddur. Efiop-sami dillәrinә (şm. yarımqrupuna) aiddir. Dialektlәri yoxdur, epiqrafik abidәlәrin dilindә bәzi özünәmәxsusluqlar nәzәrә çarpır. Ulu sami dilinin 29 samit fonemindәn 24-ü saxlanılmışdır, dodaq-arxa damaq, kar vә emfatik dodaq samitlәri vardır. Sait fonem sayı 7-dir. Vurğu qaydaları tam öyrәnilmәmişdir.
Cins (qadın, kişi), kәmiyyәt (tәk, cәm), hal (işarәlәnmiş, işarәlәnmәmiş) әsas ad kateqoriyalarıdır. Növ sistemi geniş yayılmışdır. Əsas növlәr arasında morfoloji cәhәtdәn ifadә olunmuş müqayisә semantik baxımdan zәif ifadә edilmişdir. Əsas vә ya ondan әvvәlki xәbәrdә әksini tapan hәrәkәti ifadә etmәk üçün xüsusi feil formasından istifadә olunur. “Hallo” vә “kona” (olmaq) kömәkçi feillәrilә düzәlәn analitik zaman quruluşuna malikdir.
Söz sırası nisbәtәn sәrbәstdir. Tәyin edәn, adәtәn, tәyin olunanı izlәyir. Sadә feilli cümlәdә daha geniş yayılmış söz sırası “xәbәr+subyekt+obyekt”, sadә adlıq cümlәdә isә “subyekt+xәbәr” şәklindәdir. Leksikasında çox sayda kuşit vә yunan dilindәn keçәn alınma sözlәr, әrәb, arami, qәdim yәhudi vә latın dilindәn yaranan terminlәr var. G. dilindәki mәtnlәr Efiopiya yazısı ilә yazılmışdır.