GEKKONLAR, i l i ş k ә n b a r m a q l ı l a r (Gekkonidae) – kәrtәnkәlәlәr fәsilәsi. Əcdad formalarının qazıntı qalıqları Eosendәn mәlumdur. Uz 3,5 sm-dәn (dәyirmibarmaqlı gekkonlar-Sphaerodactylus) 30 sm-әdәk vә daha artıq (nәhәng bananyeyәn gekkon–Rhacodachtylus leachianus) olur. Gövdәsi möhkәm, azca yastılaşmışdır. Dәrisi aralarında qarışıq (nizamsız), yaxud düzgün sıralarla yerlәşәn nisbәtәn iri hamar, yaxud qabarcıqlı xırda dәnәvәr pulcuqlarla, gözlәri iri şәffaf pәrdә ilә örtülüdür. Başı böyükdür, enli, dilinin ön tәrәfindәn kiçik kәsiyi vardır. Ətrafları yaxşı inkişaf etmiş, çox vaxt uzun caynaqlıdır. Bir çox növlәrin barmaqlarının alt tәrәfindә enlilәşmiş lövhәciklәr olur; onların üzәrindә substratın әn xırda kәlә-kötürlüyünә ilişәn sormaclar sistemi yaradan mikroskopik tükcüklәr vә qılcıqlar yerlәşir; bu sistem kәrtәnkәlәyә hamar şaquli sәthdә hәrәkәt etmәyә vә hәtta başıaşağı sallanmağa imkan verir. Quyruğu quruluşuna vә xarici görünüşünә görә çox müxtәlifdir, bir qayda olaraq qırılan vә tez dә bәrpa olunandır. Fәsilәnin bütün nümayәndәlәri üçün boz, yaxud qәhvәyi rәng çalarlarından ibarәt qoruyucu rәng sәciyyәvidir; ağacda yaşayan tropik növlәr arasında әlvan rәnglilәri (mәs, Madaqaskar gündüz gekkonu, Phelsuma madagascariensis) dә rast gәlir. Bir sıra növlәrin bәdәn rәngi sutkanın müxtәlif vaxtlarında vә heyvanın fiziki vәziyyәtindәn asılı olaraq dәyişir. Fәsilәnin bәzi nümayәndәlәrinin bәdәninin yan tәrәflәrindә vә quyruğunda qәribә formada büküşlәr var. Tәqr. 80 cinsi 900-dәn çox növü var. Bütün qitәlәrin, әsasәn tropik, subtropik vә qismәn mülayim zonalarında yayılmışdır. G.-ın әksәriyyәti ağaclarda, qayalarda vә tikililәrdә mәskunlaşmışdır; sәhrada yaşayan növlәr gündüzlәr gizlәnmәk üçün yuva qazırlar. Gecә vә alatoranlıqda fәaldırlar. Bir çoxu xarakterik sәslәr çıxara bilir. Başlıca olaraq onurğalı vә onurğasız heyvanlarla, bәzi növlәri, hәmçinin meyvәlәrlә qidalanır. Demәk olar ki, bütün G. yumurtaqoyandır, kirәclәşmiş bәrk qabıqlı 1–2 yumurta qoyur.
Madaqaskar gündüz gekkonu (Phelsuma madagascariensis).