GEL DİLİ (qael, şotland, ersk dili) – şotland gellәrinin dili. B. Britaniyada – Şotlandiyanın şm.-q.-indә vә Hebrid a-rında [tәqr. 92 min nәfәr, yaxud әhalinin 1,9%-i bu dili başa düşür, 59 min nәfәr, yaxud әhalinin 1,16%-i bu dildә danışır (2001)], hәmçinin Kanadanın Yeni Şotlandiya әyalәtindә yayılmışdır.
G.d. kelt dillәrinә aiddir (qoydel qrupu). Mәnşә etibarilә irland dilinin dialekti olmuşdur. İlk irland mühacirlәrinin Şotlandiyaya 5 әsrdә gәlmәsinә baxmayaraq, G.d. yalnız 11 әsrdә irland dilindәn ayrılmağa başlamışdır. Fonetik әlamәtlәrlә yanaşı, G.d.-ndә 3 böyük dialekt zonası fәrqlәnir: şәrqi, cәnub-qәrbi, qәrbi. Cәnub-qәrb dialektinin daşıyıcıları şimali irland dialektinin daşıyıcıları ilә bir-birlәrini nisbәtәn asan başa düşürlәr.
G.d.-nin fonetik sisteminә qәdim cingiltili samitlәrin karlaşması, karların aspirata keçmәsi, samitlәrin ilk dәyişikliklәr sisteminin sadәlәşmәsi xasdır. Morfologiyası üçün hal sistemindә 2 halın olması (adlıq hal vә yiyәlik hal), sintetik dәyişmәlәrin ixtisarı, feili adlar әsasında analitik “uzunmüddәtli” forma kateqoriyasının yaranması vә s. xarakterikdir. Vikinqlәr ilә uzun әsrlәr davam edәn әlaqәlәr nәticәsindә leksikasında Skandinaviya dillәrindәn keçmiş çox sayda sözlәr var.
G.d.-nin bәzi abidәlәri 16 әsrin әvvәlindә meydana çıxmışdır, lakin 18 әsrin ortalarına qәdәr әdәbiyyatda vә mәtbuatda, әsasәn, klassik yeni irland dilindәn istifadә olunmuşdur. Yazısı latın qrafikası әsasındadır; 19 әsrdә irland dili ilә eyni prinsiplәrә malik, lakin ondan әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn xüsusi orfoqrafiya hazırlanmışdır. G.d.-ndә bәdii әdәbiyyat, әsasәn, gellәrin yaşadığı vilayәtlәrdә mövcuddur; bu dildә dövri mәtbuat nәşr olunur, mәktәblәrdә tәdris edilir, radioverilişlәr aparılır.