GELADA (Theropithecus gelada) – әntәrmeymunlar fәsilәsindәn mәmәli heyvan. Bir cinsә mәnsub yeganә növ. Bәdәninin uz. 80 sm-әdәk, kütlәsi 20 kq-әdәk olur. Dişilәri erkәklәrindәn xırdadır. Xarici görünüşünә vә mimikasına görә pavianlara oxşayır. Tük örtüyü sıxdır; rәngi qara-qonur, yaxud qara, qarın tәrәfi daha açıq rәnglidir. Erkәklәrin uzun tüklәrdәn ibarәt mantiyası çiyinlәrini vә kürәyin yuxarı hissәsini örtür. Quyruğunun (uz. 50 sm-әdәk) ucu fırçalıdır. Boynunda vә sinәsindә qıcıqlanma zamanı, dişilәrdә isә cinsi dövrün ayrı-ayrı mәrhәlәlәrindә dә qızaran, qum saatı formasında çılpaq dәri nahiyәsi vardır. Oturaq döyәnәklәri kiçikdir. Afrikada, Efiopiya platosunun şm. hissәsindә yayılmışdır. 1800 m-dәn artıq yüksәklikdә rast gәlinir, qayalı vә ya kol basmış yerlәri sevir. Gündüz fәal olur, gecәni mağaralarda, yaxud qaya yarğanlarında keçirir. Əsasәn yerüstü hәyat sürür. Başlıca olaraq bitki mәnşәli yemlәrlә (kök, soğanaq, meyvә, toxum, yarpaq), hәmçinin xırda onurğasız vә onurğalı heyvanlarla qidalanır. Qoca erkәk fәrdlәrin başçılığı ilә kiçik qruplar әmәlә gәtirirlәr; bәzәn zәif tәşkil olunmuş iri sürülәr (400-әdәk fәrd) halında birlәşirlәr. Qışda soyuqdan qorunmaq üçün yüksәklikdәn aşağılara enirlәr. Çox vaxt plantasiyalara hücum edәrәk onlara böyük zәrәr verirlәr. Zooparklarda, bağlı saxlandıqda yaxşı çoxalırlar. BTMC-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
Gelada (Theropithecus gelada).