GÉLDER Art (Arent) de (26.10.1645, Dordrext – 25 vә ya 27.8.1727, orada) – holland boyakarı, qrafik. Əvvәl Dordrextdә S. van Xohstratendәn, 1661–67 illәrdә Amsterdamda Rembrandtdan dәrs almışdır. Doğma şәhәrindә yaşamışdır. Bibliya, mifoloji, janr süjetli tablolarında, portretlәrdә (“Sәyahәt edәn musiqiçi”, Ermitaj, S.-Peterburq; “Hәmin Adam”, 1671, Drezden Şәkil Qalereyası; “Avtoportret”, 1685 ildәn sonra, Ermitaj, S.-Peterburq) Rembrandtın yaradıcılığından asılılıq aydın görünür. “Mәbәdin önündә” (1679, Mauritsxöys, Haaqa; “Rәssam emalatxanada” (1685, Ştedelev Rәssamlıq İn-tu, Frankfurtna-Mayn; “Lot qızları ilә” (A.S. Puşkin ad. Dövlәt Tәsviri Sәnәt Muzeyi, Moskva) vә s. әsәrlәrindә G., Rembrandt yaradıcılığının demәk olar ki, bütün maneralarından istifadә etmişdir. Bәzi әsәrlәrindәki rәsm gözәlliyi ilә fransız rokokosunu qabaqlamışdır. 22 tablodan ibarәt “İsanın әzabları” adlanan son dramatik silsilәsi ekspressivliyi ilә nәzәrә çarpır (tәqr. 1715, Şәkil Qalereyası, Aşaffenburq; Köhnә pinakoteka, Münxen). Rәssamın şöhrәti yaşadığı dövrdә doğma şәhәrinin hüdudlarını aşmışdı (әsәrlәrini satmamışdır); 18–19 әsrlәrdә G.-in tablolarını çox vaxt Rembrandtın әsәri hesab edirdilәr.