GELLƏR, q a e l l ә r, q o y d e l l ә r (özlәrini irland dilindә – Gaedheal, şotland dilindә – Gáidheal adlandırırlar) – kelt xalqı, irlandların vә şotlandların tәrkibindә etnik qrup, İrlandiya, Şotlandiya vә Men a.-nın yerli әhalisi. Əsasәn, İrlandiyanın q. sahillәrindә (Kerri, Qoluey, Meyo vә Doneqol qraflıqları), Şotlandiyanın şm.-q.-indә (Haylend), hәmçinin Qlazqo, İnverness vә s. şәhәrlәrdә, Hebrid a-rında (B.Britaniya) vә Men a.-nda yaşayırlar. Sayları İrlandiyada 100 min nәfәr (20 әsrin sonları), B.Britaniyada irland G.-ı 95 min nәfәr, şotland G.-i 90 min nәfәrdir. Hәmçinin Kanadada (әsasәn, Yeni Şotlandiya әyalәtindәki Keyp-Breton ş.-ndә), ABŞ-da, Avstraliyada yaşayırlar. İrland vә gel dillәrindә danışırlar, ingilis dili dә yayılmışdır. Dindarları, әsasәn, xristiandır.
G.-in vәtәni İrlandiyadır. 5 әsrin sonlarında gel tayfalardan olan skottlar Şimali Britaniyaya köç etmiş, burada Dal Riata tayfa ittifaqını, 843 ildә Alba krallığını yaratmış vә nәhayәt, ölkәni birlәşdirәrәk öz adlarını Şotlandiyaya (ing. Skotland) vermişlәr. Şotland G.-indә qәbilә vә feodal münasibәtlәrinin xüsusiyyәtlәrini özündә birlәşdirәn qohumluğu ata xәtti üzrә hesablanan klanlar formalaşmışdır. 9 әsrdәn G.-in bir çox torpaqları vikinqlәr tәrәfindәn işğal edilmiş, özlәri isә ya Norveç, yaxud da Şotlandiya krallarının tәbәәliyindә olmuşlar. 1169 ildә İrlandiyanın ingilislәr tәrәfindәn işğalına başlanıldı, uzunmüddәtli vә amansız mübarizәdәn sonra pәrakәndә İrlandiya krallıqları tabe edildi. Şotlandiyada separatizm tәzahürlәrinin (14–15 әsrlәrdә Adalar lordluğu) müşahidә olunmasına baxmayaraq, gel etnik elementinin (16 әsrin әvvәllәrinәdәk Şotlandiya kralları gel dilini bilirdilәr) mühüm rolu sayәsindә vahid dövlәt quruluşunun saxlanılması hesabına İngiltәrә ilә azadlıq müharibәlәrindә müvәffәqiyyәt әldә olunmuşdu. 17 әsrin ortalarında baş vermiş vәtәndaş müharibәlәrindә G.-in çoxu Kromvel diktaturasına qarşı kralın tәrәfindә vuruşurdular. 1689–1746 illәrdә onların bir çoxu yakovçular (Stüartlar sülalәsinin tәrәfdarları) üsyanlarını dәstәklәmişdi. Üsyanların uğursuzluğu klan quruluşunun dağılmasına vә gel mәdәniyyәtinin (geyim, tuluqzurnası vә s.) tәqib olunmasına gәtirib çıxardı. 19 әsrin ortalarınadәk G. Britaniya a-rı әhalisinin çox hissәsini tәşkil etsәlәr dә, İngiltәrәnin siyasi, iqtisadi vә mәdәni ekspansiyası (ingilislәr uzun müddәt G.-i “vәhşi” hesab edirdilәr) vә milli hәrәkatlarının yatırılması nәticәsindә onların sayı kәskin azaldı. Gel r-nlarında hәr vәchlә protestanlıq vә ingilis dili yayılırdı. Bütün bunlar G.-in kütlәvi miqrasiyasına, şәhәrlәrә köçmәlәrinә vә ingilisdilli әhali tәrәfindәn assimilyasiyasına sәbәb oldu. Müasir B.Britaniya vә İrlandiyada Avropa strukturlarının kömәyilә G.-in hәyat tәrzinin vә mәdәniyyәtinin qorunması istiqamәtindә tәdbirlәr görülür: etnik tәşkilatlar fәaliyyәt göstәrir, festivallar keçirilir, tәhsilin, mәtbuatın inkişafına, gel dilindә televiziya verilişlәrinin hazırlanmasına vәsait ayrılır.
G.-in rahib hәrәkatı ilә sıx bağlı olan erkәn orta әsrlәr mәdәniyyәti B.Britaniyaya vә kontinental Avropaya nәzәrәçarpacaq dәrәcәdә tәsir göstәrmişdir. G. әlifbalı Oqami yazısı, mәşhur әdәbi [eposlar (dastançı-filidlәr kral saraylarında yaşayırdılar; mifoloji, tarixi – “kral”, Olsterdә Kuxulin haqqında, Lensterdә Finn haqqında epik silsilәlәr), salnamәlәr, qissәlәr, bardların poeziyası vә s.], musiqi [әsas musiqi alәtlәri arfa (6 әsrdәn mәlumdur; epos ifası arfa musiqisiilә müşayiәt olunurdu), tuluqzurnası], memarlıq (mәbәdlәr, qalalar), heykәltәraşlıq (daşdan monumental xaçlar vә s.), nәqqaşlıq (xüsusilә kitab miniatürü; Kells İncili daha mәşhurdur), tәtbiqi incәsәnәt (kilsә müxәllәfatı, qabacaq, silahlar, bәzәk әşyaları) әsәrlәri yaratmışlar. Əsas әnәnәvi mәşğuliyyәtlәri köçәbә maldarlıq, әkinçilik, balıqçılıq, ovçuluqdur. Ənәnәvi evlәri quru hörgü üsulu ilә (bәrkidici mәhlulsuz) daşdan tikilmiş, üzәri süpürgә kolları ilә örtülmüş dam altında vә bir sırada yerlәşәn yaşayış vә tәsәrrüfat otaqlarından ibarәtdir; ocaq mәrkәzdә, yaxud yan divarda yerlәşir. Ənәnәvi geyimlәri şotland G.-indә dama-dama yun parçadan çiyinlik (pled), kişilәrdә qırçınlı yubka (kilt), qadınlarda yubka vә şaldır. Rәnglәr vә xanaların (tartan) forması 18 әsrin sonundan – 19 әsrin әvvәllәrinәdәk bu vә ya digәr klana mәnsubluğu bildirirdi. 1746 ildә B.Britaniya hökumәti tәrәfindәn qadağan edilmiş gel geyimi 18 әsrin sonunda Britaniya ordusundakı şotland alaylarının hәrbi forması vә şotlandların milli geyimi kimi qәbul edilirdi. Şotlandiyada vә digәr ölkәlәrdәki G.-in nәsillәri arasında idman yarışları, tuluq zurnaçılarının, rәqqasların çıxışları vә s. ilә müşayiәt olunan “dağ oyunları” keçirilir. Ən sevilәn oyunları ötüstü hokkey (şotland dilindә şinti, irland dilindә hurlinq), İrlandiyada gel futboludur (pel gelah).
Folklor janrlarından tәpәlәrdә yaşayan “kiçik xalq” (sidlәr), Finn haqqında peşәkar dastançılar (şenahlar) tәrәfindәn ifa olunan hekayәlәr, nağıllar (sehrli, heyvanlar haqqında vә s.), balladalar, mәhәbbәt nәğmәlәri, ovsunlama, xeyir-dua vermә vә lәnәtlәmә yayılmışdır. G.-in rәqs havaları populyar “xalq musiqisi” üslubunda qorunub saxlanılmışdır; violin, tuluqzurnası, fleyta, qavaldan ibarәt ansamblla ifa olunur.