GELLNER Ernest (9.12.1925, Paris – 5.11.1995, Praqa) – ingilis filosofu, antropoloq vә politoloqu, Britaniya akademiyasının üzvü (1974). Praqada böyümüş, 1939 ildә ailәsi ilә birlikdә B. Britaniyaya mühacirәt etmişdir. 2-ci dünya müharibәsinin sonunda Çexoslovakiya ordusuna könüllü daxil olmuşdur. Oksford un-tindә tәhsil almışdır. 1962–84 illәrdә London iqtisadiyyat mәktәbinin fәlsәfә, mәntiq vә elmi metod üzrә, 1984–93 illәrdә Kembric un-tinin sosial antropologiya üzrә prof.-u olmuş, 1993–95 illәrdә Praqada Mәrkәzi Avropa un-tindә Millәtçiliyin tәdqiqi mәrkәzini yaratmış vә ona rәhbәrlik etmişdir. G. millәtçiliyi siyasi prinsip kimi qәbul edәn, mәdәni oxşarlığı isә sosial әlaqәlәrin әsası sayan nәzәriyyәnin müәllifidir. G.-ә görә, insan cәmiyyәtinin fәrqli cәhәtlәri vә sosial hadisәlәrin ilkin çıxış nöqtәsi mәdәniyyәt vә tәşkilatdır. G. millәtçiliyә sosial tәşkilatlanmanın universal, özlüyündә açıq-aşkar, tәbii prinsipi kimi baxışı rәdd edir, bildirirdi ki, o, sәnaye cәmiyyәtinin inkişafında konkret sosial şәraitinin nәticәsidir vә mәdәniyyәtin, tәşkilatlanmanın xüsusi әlaqәsi ilә müәyyәnlәşir. G.-ә görә, mәhz mәdәniyyәt millәtin formalaşmasının әsasında durur, onun simasını müәyyәnlәşdirir. O, Avropa ölkәlәrinin nümunәsindә “millәtçilik erası”na keçidin ümumi modelini qurmağa, keçid prosesinin әsas mәrhәlәrini göstәrmәyә çalışmış, bu prosesin çıxış nöqtәsini Vyana konqresi (1814–15) hesab etmişdi. Gәlәcәk haqqında danışarkәn, G. qeyd edirdi ki, iqtisadi vә siyasi proseslәr qaçılmaz olaraq millәtçiliyin bünövrәsini “yuyub aparacaq” vә ona gәtirib çıxaracaq ki, beynәlxalq sülhün qorunması, qlobal fәlakәtlәrin qarşısının alınması vә s. mәsәlәlәrin hәllinә aid mühüm qәrarlar artıq fövqәlmilli, regional sәviyyәlәrdә qәbul olunacaqdır. O hәmçinin güman edirdi ki, gәlәcәkdә hәr hansı konkret әraziyә bağlı olmayan millәtçilik formaları (“qeyri-әrazi millәtçiliyi”) yayılacaqdır.