GÉLMERSEN Qriqori (Qreqor) Petroviç (11.10.1803, Dukersqof, Estlandiya qub., indiki Estoniya – 15.2.1885, Sankt-Peterburq) – rus geoloqu, gen., Peterburq EA akad.-i (1850). Demidov mükafatçısı (1842). 1825 ildә Derpt (indiki Tartu) Un- tini bitirmişdir. Geol. tәhsilini Berlin, Bonn vә Heydelberq un-tlәrindә tәkmillәşdirmişdir (1830–32). 1838 ildәn Dağ-Mәdәn Mühәndislәri Korpusu İn-tunun (indiki Sankt-Peterburq Dağ-Mәdәn İn-tu) prof.-u, 1856–72 illәrdә direktoru. Geologiya Komitәsinin tәşkilatçılarından biri vә ilk direktoru (1882–83). Uralda, Altayda, hәmçinin Kareliyada, müasir Finlandiyanın әrazisindә vә s. yerlәrdә geol. tәdqiqatlar aparmışdır. Üstyurd platosunun geol. quruluşu barәdә ilk mәlumatları dәrc etdirmiş, Donetsk, Moskvaaltı vә digәr hövzәlәrin geologiyası vә kömürlülüyünü, Moskvaaltının dәmir filizlәrini, Taman vә Kerç y-a-larında palçıq vulkanları vә neft yataqlarını öyrәnmişdir. Rusiyanın Avropa hissәsinin ilk geol. xәritәlәrindәn birinin müәllifi (1841). Müqәddәs Aleksandr Nevski ordeni ilә tәltif olunmuşdur (1878). 1879 ildә Peterburq EA onun adına hәr 5 ildәn bir verilәn mükafat tәsis etmişdir. Novaya Zemlya arxipelaqının Cәnub a. sahilindә adaya, qazıntı faunasının 2 formasına onun adı verilmişdir.