GELOVÁNİ Mixail Georgiyeviç (6.1.1893, Kutaisi qub., Leçxum qәzası, Lasuriya k. – 21.12.1956, Moskva) – gürcü teatr vә kinoaktyoru. SSRİ xalq artisti (1950). SSRİ Dövlәt mükafatı laureatı (1941, 1942, 1947, 1950). Sәhnә fәaliyyәtinә 1912 ildә Bakıda başlamış, sonralar Batumidә (1913–14 vә 1916 ildәn), Kutaisi (1914–15) teatrlarında, Ş. Rustaveli ad. Gürcüstan Dram Teatrında (Tbilisi, 1921–22 vә 1936–39) çıxış etmişdir. Rolları: Kotsiya (“Dünәnkilәr”, Ş.Dadiani), Tariel Mklavadze (“Tariel Mklavadze”, E.Ninoşvili), Vaska Pepel (“Hәyatın dibindә”, M.Qorki) vә s. G. filmlәrdә çәkilmişdir (“Axırıncı maskarad”, 1934; “Tüfәngli adam”, 1938; “Vıborq tәrәfi”, 1939; “Saritsının müdafiәsi”, 1942; “And”, 1946; “Berlinin süqutu”, 1950) vә s. İ.V.Stalinin rolunun ilk ifaçılarındandır. 1927 ildәn hәmçinin kinorejissor kimi fәaliyyәt göstәrmişdir (“Gәnclik qalib gәlir”, 1929; “Əsl qafqazlı”, 1931 vә s.). 1942–48 illәrdә Moskva Akademik Bәdaye Teatrının, 1954–56 illәrdә Kinoaktyor teatr studiyasının (Moskva) aktyoru olmuşdur. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.