GENDER PSİXOLOGİYASI - müəyyən cinsin nümayəndəsi kimi şəxsiyyətin xarakteristikasının formalaşması və inkişafı qanunauyğunluqlarını öyrənən psixologiya sahəsi; bu xarakteristika cinsi diferensiasiyanın təzahürü, yəni kişi və qadının şəxsi keyfiyyətlərinə, sosial rolları və statusuna görə müqayisəsi ilə şərtlənir. G.p. gender fərqlərinin psixologiyası, qadın psixologiyası (yaxud feminist psixologiya), kişi psixologiyası, gender sosiallaşması, gender münasibətlərinin psixologiyası kimi istiqamətləri birləşdirir.
Gender fərqlərinin psixologiyası ümumi və diferensial psixologiyanın əsasında formalaşaraq, cinslər arasındakı psixoloji fərqlərin aşkara çıxarılması və onların səbəbinin axtarışını ehtiva edir. Qadın və kişi psixoloji xarakteristikasında fərqlilikdən daha çox oxşarlıq var. Koqnitiv mühitdə qadında verbal qabiliyyət, kişidə isə vizualməkan və riyazi qabiliyyət daha dolğun inkişaf etmişdir. Sosial davranışda fərqlər daha güclü ifadə olunur: kişilər qadınlara nisbətən daha aqressivdir, qadınlar üçün ailə, kişilər üçün iş əhəmiyyətlidir. Cinsi determinasiyanın sosiobioloji modeli (bu modelə görə cinslərin diferensiasiyası - universal bioloji prosesdir) öz yerini sosiomədəni modelə vermişdir; bu modeldə cinsi diferensiasiya sosiallaşmanın və konkret sosial rolların mənimsənilməsinə mədəniyyətin təsirinin nəticəsidir.
Qadın psixologiyası, yaxud feminist psixologiya “qadınların öyrənilməsi” (Women's Studies) fənlərarası elm sahəsinin inkişafı ilə əlaqədar yaranmışdır. “Qadınların öyrənilməsi”nin bəzi nümayəndələri kişi və qadın psixikası arasında minimum fərqlərin mövcudluğuna dair yanaşmanı dəstəkləyir, digərləri qadının “androsentrik” mədəniyyətdə alçaldılmış şəxsiyyət keyfiyyətlərini yüksəltmək üçün psixoloji fərqləri maksimuma çatdırmağa cəhd edirdilər. Fərqlərin azaldılmasının tərəfdarlarının fikirləri androginiya konsepsiyasında əksini tapdı: kişilərdə qadın, qadınlarda kişi keyfiyyətlərinin mövcudluğu artıq şəxsiyyətin inkişafınm pozulması kimi qiymətləndirilmirdi. Gender müxtəlifliyinin maksimallaşdmlmasınm tərəfdarları hesab edirdilər ki, qadın psixologiyası onun bir sıra keyfiyyətləri sayəsində kişidəkindən mükəmməldir: məs., müstəqillik və asılılığı süni şəkildə qarşı-qarşıya qoymaq yox, münasibətlər prosesində inkişaf edib və mükəmməlləşmək qabiliyyəti; dünyanı qaydalar sistemi kimi yox, insanların qarşılıqlı münasibətləri sayəsində bir bütöv halında görmək; fiziki, əqli və emosional sahələrin vəhdəti.
“Kişilərin öyrənilməsi”nin (Men's Studies) əsasında “kişi psixologiyası”nın yaranması kişilərin ictimai həyatının bir sıra mühüm faktorlarının aşkarlanmasına təkan verdi: kişilər qadınların hesabına institusional imtiyazlardan istifadə edirlər; kişilərin yüksək status və imtiyazlar naminə kişilik stereotiplərini (kişi identikliyi) qəbul etmələri onlara şəxsiyyətlərarası səthi münasibətlər, zəif səhhət və erkən ölüm bahasına başa gəlir; patriarxal cəmiyyətdə bərabərsizlik nəinki qadınlar, hətta kişilər arasında da olur. Kişi eyniyyətinin spesifikası, onun sabit kəmiyyətləri və standartları, səbəbləri və dəyişmə tendensiyaları, “kişilik böhranı”nın psixoloji aspektləri öyrənilir.
“Gender sosiallaşması” - inkişaf psixologiyası əsasında yaranır və şəxsiyyətin gender eyniyyətinin formalaşması prosesinin təhlilinə yönəlik baxışdır. Şəxsiyyətin gender eyniyyətinin formalaşmasına müxtəlif sosiallaşma institutlarının (ailə, məktəb, yaşdaşlar, KİV) təsirinin təhlili göstərir ki, kişi və qadınların inkişafı müxtəlif psixoloji kontekslərdə, ehtimal ki, şəxsiyyətin hərtərəfli inkişafının çatışmazlığı fonunda gedir.
Sosial psixologiyanın əsasında formalaşmış gender münasibətlərinin psixologiyası cinslər arasında münasibətlərin modellərini təhlil edir (iki baza modeli fərqləndirilmişdir: dominant-asılı və partnyor). Müxtəlif səviyyələrdə gender münasibətlərinin sosial-psixoloji determinantları genderə məxsus anlayışlar, stereotiplər, mexanizmlər və eyniyyətlərdən ibarətdir.