GENEALOGİYA (yun. γενεαλογία – şәcәrә) – 1) fәrdin, kollektivin, yaxud etnosun nәsil keçmişi haqqında tәsәvvürlәr mәcmusu; 2) genealoji mәlumat daşıyan nәsil şәcәrә cәdvәllәri vә rәsmlәri; 3) nәsillәrin tarixi, ayrı-ayrı şәxslәrin mәnşәyi, qohumluq әlaqәlәrinin tәyin olunması, nәsil şәcәrәlәrinin tәrtibi ilә mәşğul olan kömәkçi tarix fәnni.
Genealoji şüur ibtidai cәmiyyәtlәrdә fәrdin, yaxud kollektivin sosial, dini, hüquqi vә etnomәdәni identifikasiyası ehtiyacından yaranmışdır. Ənәnәvi cәmiyyәtlәrdә G. mifologiya ilә sıx bağlı idi. Tәdricәn xәtti (fәrdi, genealoji) qohumluq hesabı tәşәkkül tapmışdır. Afrika vә Avstraliya tayfaları, Şimal xalqları vә b. hәm әfsanәvi (totemik әsatirlәr), hәm dә real qohumluq әlaqәlәri haqqında yaddaşı qoruyub saxlayırlar; Okeaniya tayfalarının şifahi nәsil şәcәrәlәri onlarla nәsli ehtiva edir.
G. sosial, yaxud qohum qrupların qapalılığının, peşәkar mәşğuliyyәtlәrin irsi xarakterinin qorunmasına, nikahın tәnzimlәnmәsinә, dәstәklәnmәsinә, torpaq vә digәr mülkiyyәtin ayrı-ayrı zümrәlәrin, yaxud sosial qrupların әlindә saxlanmasına yardımçı olmuşdur. Müasir dünyada genealoji biliklәr, ailә tarixi milli özünüdәrkin mühüm elementinә çevrilmişdir.
Qәdim dünyanın bir çox ölkәsindә (Çin vә Yaponiyadan Qәdim Romaya qәdәr) allahların vә ilahәlәrin qohumluq әlaqәlәri mifologiyanın mühüm elementini tәşkil edirdi. Erkәn G.-lar birbaşa kosmoqonik vә digәr mifoloji tәsәvvürlәrә gedib çıxır. İlk әcdad olan allah (erkәn sülalә G.-ları üçün sәciyyәvidir; әnәnә hazırda Yaponiyanın imperator evindә saxlanılır), ilk valideyn olan әfsanәvi, yaxud mәşhur qәhrәman hakimiyyәtin ardıcıllığını tәsdiq edir, gәlәcәk nәsillәrin yüksәk sosial statusunu legitimlәşdirirdi. Hökmdarların (mәs., Axey Yunanıstanında Heraklidlәrin) nәsil şәcәrәsi eyni zamanda kollektivin vahid birlik kimi tarixilik qismindә çıxış edirdi. Əcdadların genezisi vә nәsillәrin hesabı onların әlaqәsini göstәrir, hadisәlәrin ardıcıllığı vә zaman mәrhәlәlәri haqqında tәsәvvür yaradırdı. Qohumluq әlaqәlәri siyasi ittifaqların xarakter vә mәzmununu müәyyәnlәşdirir vә әksәr Avropa münaqişәlәrindә müәyyәn rol oynayırdı.
Erkәn Orta әsrlәrdә 3–4 nәsildәn (şifahi әnәnә üçün normal hәdd) artıq olmayan şifahi G. әnәnәsi yayılmışdı; ilk dәfә kral G.-ları çox sayda әcdadları göstәrmәyә başladılar. Qәrbi Avropada G. kelt vә german regionlarında digәrlәrindәn daha erkәn meydana gәldi. Yazılı әnәnәnin yaranmasında genealoji konstruksiyanın (hökmdarların vә din xadimlәrinin nәsil siyahıları vә s.) örnәyi kimi Bibliya çıxış edirdi. Avropada erkәn orta әsrlәr G.-ları frank sülalәlәrinә hәsr olunmuşdu (7–9 әsrlәr); ilk belә G. Avstraziyada tәrtib edilmişdi (623–639). 814 ilә qәdәr Karolinqlәrin G.-sı yaradıldı vә ona bir çox tәqlidlәr edildi. Genealoji tәfәkkür çәrçivәsindә etnogenealogiyalar tәşәkkül tapdı. Onlar getdikcә güclәnәn xristian әnәnәsinin tәsiri altında formalaşırdı. 11 әsrin ortalarına qәdәr yalnız iri suverenlәrin G.-ları mövcud idi. Sonralar orta әsr zadәganları nәsl mәnşәyini Böyük Karla vә Karolinqlәrә bağlamağa çalışaraq, kral qanına sahib olduqlarını iddia etmәyә başladılar. 13 әsrin әvvәllәrindә Vettinlәr, Zikkingenlәr vә b. sülalәlәr öz nәsillәrini Böyük Karla bağlayırdılar. Eyni zamanda G.-nın antik mifoloji personajlar әsasında qurulması modellәri dә mövcud idi: Bulon qraflarının G.-ları onları Priamla әlaqәlәndirirdi. 12– 13 әsrlәrdә nisbәtәn az mәşhur olan ailәlәr dә G.-lar yaratmağa başladılar. 13 әsrdәn onların G.-ları daha güclü G.-lara birlәşәrәk, tәdricәn hökmran olan ümumavropa vә ümumxristian Bibliya modelinә qovuşdular.
Orta әsrlәrdә әcdadların sırasına xristian dünyasının görkәmli şәxsiyyәtlәrini daxil etmәk vә bununla da ictimai rәydә nәslin statusunu daha da yüksәltmәk üçün G.-nı qәdimlәşdirmәk sәylәri ilә әlaqәdar olaraq G.-lara әlavәlәr, bәzәn hәtta saxtalaşdırmaq cәhdlәri edilirdi. Yüksәk sosial statusa malik şәxslәr üçün G.-lar onların hansısa torpaqlara vә bu torpaqlar üzәrindә hakimiyyәtә iddialarını tәsdiqlәmәklә çox zaman siyasi әhәmiyyәt daşıyırdı; G.-nın kömәyilә hakimiyyәtin legitimlәşmәsi hakimiyyәti irsәn övladlara ötürmәyә qanuni imkan yaradırdı. Mәnbәlәrdә sadә centrilәrin әmlak vә hüquqi imtiyazlar әldә etmәk üçün tәrtib olunmuş G.-ları da qorunub saxlanmışdır. Kәndli G.-ları torpağın saxlanması, yaxud әnәnәvi asılılıq statusunun tәsdiqlәnmәsinә xidmәt edirdi. Tәrtib edilmә mәqsәdlәrindәn asılı olaraq G.-lar çox zaman hüquqi xarakterli mәtn- lәrin daxilindә yerlәşdirilirdi.
15 әsrdә hakim sülalәlәrin tarixinә dair bir sıra mәlumat kitabçaları yarandı, genealoji kolleksiyalar formalaşdı. Bu zaman genealoji cәdvәllәr qohum әlaqәlәrinin qeydәalınma forması kimi tәsdiqini tapdı. G.-ların tәrtibi zamanı müxtәlif sәnәdlәrdәn geniş istifadә olunmağa başlandı. 16–18 әsrlәr G.-nın çiçәklәnmә dövrü idi. 16 әsrdә Rusiyada böyük Moskva knyazlarının beynәlxalq statusunu möhkәmlәndirmәk mәqsәdilә Rürikin Roma imperatoru Avqustdan törәmәsi rәsmi olaraq bәyan edildi. 1540-cı illәrdәn şәcәrә kitabları tәrtib olunmağa başlandı. Rәsmi rus G.-ları üçün şәcәrәlәrin hәm bilәrәkdәn (qәdim olmayan nәsillәrin, daha qәdim vә çox zaman artıq yox olmuş ailәlәrin şәcәrәlәrinә birlәşdirilmәsi, әcdadların yüksәk sosial statuslarını tәsdiq etmәk mәqsәdilә saxta sәnәdlәrdәn istifadә), hәm dә qәsdәn olmayan (bir çox Rüriklәr vә tanınmış boyar familiyaları üçün әcdadların siyahısındakı sәhvlәr sәciyyәvidir) tәhriflәr adi hal idi. Mәşhur nәsillәrin ilk әcdadlarının Qәrbi Avropa, Qızıl Orda vә digәr yerlәrdәn çıxması haqqında rәvayәtlәr geniş yayılmış vә rәsmәn qeydә alınmışdı. G. orta әsrlәrdә tam şәkildә sosial etiket sisteminә daxil olmuşdu. Yaxşı şәcәrәyә malik olmaq sonradan zadәganlıq tituluna yiyәlәnmiş ailәlәrin qaçılmaz atributuna çevrilmişdi. Piriney y-a-nda Yeni dövrdә dә “tәmiz qan” anlayışı mövcud idi, genealoji aspekt cәngavәr ordenlәrinә üzv qәbulu zamanı mühüm rol oynayırdı.
G. elmi fәnn kimi 16 әsrin sonlarından tarixçilәrin sәyi nәticәsindә tәşәkkül tapmağa başladı. İlk vaxtlar o, praktiki mәqsәdlәrlә hazırlanan şәcәrәlәrin (әsasәn cәmiyyәt elitasına mәnsub şәxslәrin vә nәsillәrin) tәdqiqindәn ibarәt idi. 17–18 әsrlәrdә Fransada elmi G.-ların tәrtibi A. Düşen, P.Anselm vә Ş.Dükanjın, İngiltәrәdә C. Daqdeylin, İspaniyada L. Salasar-i-Kastronun, Almaniyada K.M.Şpener, Y.V.İmhof vә İ.X. Qattererin adı ilә bağlıdır. Onlar G.-ların tәrtibi vә öyrәnilmәsi üçün sәnәdli aktları, memuarları vә maddimәdәniyyәt abidәlәrini tәnqidiqaydada tәdqiq etmәyә başladılar. Genealoji mәlumatlarla tәnqidi iş metodları Almaniyada daha geniş yayıldı vә G. kömәkçi tarixi fәnn (heraldika, tarixi xronologiya vә s. ilә yanaşı) kimi mәhz bu ölkәdә yarandı. İlk G. kafedrası 1721 ildә Yen Un-tindә (Saksoniya) tәsis olundu. Şәcәrә cәdvәllәrinin vә rәsmlәrinin tәrtibi metodları tәkmillәşdi. Alman alimi M. Eytsingerin yaratdığı artan şәcәrәlәr üçün nәslin ümumi nömrәlәnmә sistemindәn (1590) X. Sosa istifadә etmiş (İspaniya, 1676), sonra S. Kekule fon Stradonits (Almaniya, 1896; Sosa – Stradonits sistemi adını almışdır) onu tәkmillәşdirmişdir. Azalan qohumluq nömrәlәnmәsi üçün Fransada 1940-cı illәrdә J. d’Abovil sistemi (ingilisdilli ölkәlәrdә R.B. Henrinin adı ilә “Henri sistemi” adlanır) yaradıldı. O.Lorens (1832–1904, Almaniyada işlәmişdir) G.-nın sosial tarix tәdqiqatlarında imkanlarını vә G.-da statistik metodların perspektivlәrini göstәrdi. O.Forst de Battaqlia (1889–1965, Avstriya, Almaniya vә İsveçrәdә işlәmişdir) elmi G.-nın inkişafına böyük tәsir göstәrmişdir.
20 әsrdә G.-ya maraq güclәndi. Tәdqiqatçılar imtiyazsız tәbәqәlәrin – kәndlilәr, bürgerlәr, tacirlәr, sәnәtkarlar vә b.-nın G.- larına müraciәt etdilәr; bu G. dövlәt idarәlәrinin tarixi öyrәnilәrkәn istifadә olunurdu. Bir çox ölkәdә yalnız peşәkar tәdqiqatçıları deyil, G. sevәrlәri dә birlәşdirәn genealoji cәmiyyәtlәr meydana gәldi. G.-da digәr fәnlәrin, mәs., biologiyanın nailiyyәtlәrindәn fәal istifadә olunur (qohumluq әlaqәlәrini bәrpa etmәk, yaxud dәqiqlәşdirmәk üçün yazılı mәnbәlәrlә yanaşı, genetik ekspertizanın istifadәsi). 20 әsrin son rübündәn kompüter mәlumat bazaları, genealoji saytlar yaradıldı. Bәzi regionlarda genealoji mәnbәlәrin kompüterdә sistematik kompleks işlәnmәsi hәyata keçirilir. 1990-cı illәrdә genealoji mәnbәlәrin mәrkәzlәşmiş surәtçıxarma vә saxlanması cәhdlәri olmuşdur.
1929 ildә Barselonada Genealoji vә heraldik elmlәrin 1-ci Konqresi (1953 ildәn mütәmadi; 27-cisi 2006 ildә B.Britaniyada, Edinburq ş.-ndә tәşkil edilib) keçirildi. 1971 ildә Beynәlxalq genealogiya vә heraldika konfederasiyası, 1998 ildә beynәlxalq genealoji kollokviumlar (iki ildә bir dәfә keçirilir: 1-ci Moskvada 1999 ildә, 4-cü Parisdә 2005 ildә) keçirәn Beynәlxalq genealoji akademiya (BGA) yaradılmışdır. 2001 ildә Beynәlxalq genealogiya vә ailә tarixi in-tu (Bolonya, İtaliya) tәşkil olundu. G. tarixi demoqrafiyada geniş tәtbiq edilir.