GENERAL-KVARTİRMEYSTER (alm. Generalquartiermeister – baş tәchizat rәisi) – 16–20 әsrlәrdә bir sıra Qәrbi Avropa dövlәtlәrinin ordularında ali qәrargah vәzifәlәrindәn biri. Əvvәllәr yalnız müharibә dövründә tәtbiq edilir, 18 әsrin sonlarından daimi olmuşdu. G.-k. hәrbi әmәliyyat meydanın tәdqiqi, kәşfiyyat әmәliyyat planlarının işlәnib hazırlanması, hәrbi әmәliyyatlar gedişinin qeydiyyatı, orduların hәrәkat istiqamәtlәrinin müәyyәnlәşdirilmәsi, onların mәnzillәrdә yerlәşdirilmәsi vә s. ilә mәşğul idi. Birinci dünya müharibәsindәn (1914–18) sonra orduların çoxunda bu vәzifә lәğv edilmişdi.
Azәrbaycan Xalq Cümhuriyyәtinin (AXC) Hәrbi Nazirliyindә dә G.-k. vәzifәsi mövcud idi. 1918 ilin sonlarında AXC Ordusunun Baş Ərkani Hәrbinin (Baş Qәrargahının) tәrkibindә G.-k. İdarәsi yaradılmışdı. 1919 ilin mart ayından G.-k. bilavasitә Baş Qәrargahın tәrkibindә fәaliyyәt göstәrmәyә başlamışdı. AXC Ordusu Baş Qәrargahı G.-k. İdarәsinin rәisi vәzifәsini әvvәlcә polkovnik V.N.Sokolov, sonra isә podpolkovnik Mahmud bәy Zeynalov icra etmişdilәr. 1919 il iyulunda bu vәzifәyә Hәrbi Mәktәbin rәisi, polkovnik V.D.Karqaleteli tәyin edilmiş vә 1920 ilin martında ona gen.-m. rütbәsi verilmişdi.
ABŞ-ın Silahlı Qüvvәlәrindә G.-k başda olmaqla Kvartirmeyster korpusu (1962 ildә lәğv edilmiş, 1981 ildә yenidәn bәrpa olunmuşdu), B.Britaniyanın Silahlı Qüvvәlәrindә isә Ordu G.-k. Departamenti mövcuddur. Bunlar quru qoşunları birlәşmәlәrinin bütün növ tәchizatını, onların mәnzillәrdә yerlәşdirilmәsini, silahların tәmirini vә s. işlәri hәyata keçirir.