GENERAL-QUBERNATORLUQ – 1) 18 әsr – 20 әsrin әvvәllәrindә çar Rusiyasında yerli inzibati-әrazini idarәçilik forması. Adәtәn bir neçә quberniya vә ya vilayәtdәn ibarәt idi. 19 әsr – 20 әsrin әvvәllәrindә G.-q. canişinliklәrlә yanaşı mövcud olmuşdur. Bu dövrdә G.-q. Sibirdә vә imperiyanın ucqar әrazilәrindә, hәmçinin paytaxtlarda әsas idarәçilk forması idi. Daxili siyasi vәziyyәtin kәskinlәşmәsilә әlaqәdar müvәqqәti G.-q.-lar [mәs., Qafqaz canişinliyi tәrkibindә Tiflis (1860– 66), Kutais (1856–67), Bakı (1906–06) vә Yelizavetpol (1905–07) G.-q.-ları] tәşkil edilirdi. Birinci dünya müharibәsi (1914–18) zamanı rus qoşunlarının işğal etdiyi әrazilәrdә Qalisiya-Bukovina G.-q.-u (1914–17) vә Türkiyәdә Ermәnistan hәrbi G.-q.-u (1916–17) yaradılmışdı. Fevral inqilabından (1917) sonra G.-q.-lar lәğv edilmişdi. Yalnız Türküstan G.-q.-u (1867 ildә yaradılmışdı) 1918 ilin aprelinәdәk mövcud olmuşdu.
2) Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) dövründә ermәnilәrin azәrb.-lara qarşı törәtdiyi qırğınlarla әlaqәdar 1919 il 28 fevral tarixli qәrarı ilә Naxçıvan G.-q.-u (arxiv sәnәdlәrindә “Cәnub-Qәrbi Azәrbaycan G.-q.-u” vә ya “Naxçıvan, Ordubad, Şәrur-Dәrәlәyәz vә Vedibasar r-nlarının müvәqqәti G.-q.-u” adlanır) yaradılmış, Bәhram xan Naxçıvanski general-qubernator tәyin edilmişdi. Qarabağda ermәni silahlı dәstәlәrinin azğınlığı getdikcә daha dәhşәtli xarakter aldıqda, bu özbaşınalıqlara qarşı qәtiyyәtli mübarizә aparmaq mәqsәdilә 1919 il 15 yanvar tarixli qәrarı ilә Zәngәzur, Şuşa, Cavanşir vә Cәbrayıl qәzaları üzrә müvәqqәti G.-q. yaradılmış, Xosrov bәy Sultanov Qarabağın gen.-qubernatoru vәzifәsinә tәyin edilmişdir.
3) Prussiya (19 әsrin әvvәllәri) vә Almaniya (19 әsrin son qәrinәsi – 20 әsrin ortaları) tәrәfindәn işğal edilmiş, mülki idarәçiliyindә olan vә dövlәt-hüquqi statusu olmayan әrazilәr: Berq (1813–15), Frankfurt (1813–15), Vezer vә Reyn arasında (1813–15), Orta Reyn (1814), Aşağı Reyn (1814), Aşağı vә Orta Reyn (1814–15), Almaniya Lotaringiyası (1870–71), Elzas (1870–71), Reyms (1870–71), Belçika (1814–18) vә Varşava (1915–18) G.-q.-ları. İkinci dünya müharibәsi (1939–45) dövründә Polşa әrazisindә G.-q. (1939–44) yaradılmışdı.