GENETİK ELEMENTLƏR – genomun RNT-ni vә zülalları kodlaşdıran struktur genlәr olmayan sahәlәri. Genomun struktur-funksional tәşkilinin müxtәlif tәrәflәrinә aid olduğundan vahid tәsnifatda yığılması mümkün olmayan anlayışların yığma qrupu.
Prokariotların genomunun 10–20%-i, eukariotların isә genomunun 90–95%-indәn çox hissәsi nukleotidlәrin kodlaşmayan ardıcıllıqları ilә tәmsil olnmuş G.e.-in payına düşür. Bәzi G.e. genlәrin ekspressiyasının tәnzimlәnmәsi üçün zәruridir. Bunlara transkripsiyanın inisiasiyasında iştirak edәn promotorlar, transkripsiyanı, enxanserlәri vә saylenserlәri terminasiya edәn vә belәliklә onlardan çox uzaqda (yüzlәrcә vә minlәrcә nukleotid cütlüklәri qәdәr mәsafәdә) yerlәşmiş genlәrin ekspressiyasını müvafiq olaraq güclәndirәn, yaxud zәiflәdәn, hәmçinin genlәrin ekspressiyasına nәzarәt (o cümlәdәn DNT-nin konformasiyasının dәyişmәsi vasitәsilә) edәn spesifik zülallarla qarşılıqlı tәsirdә olan başqa ardıcıllıqlar aiddir. Tәnzimlәyici G.e.-ә transkripsiyanın repressor genlәri ilә qarşılıqlı әlaqәdә olan operatorlar da aiddir. Bu sonuncular bәzi promotorlar vә attenuatorlar (transkripsiyanı zәiflәdәnlәr) kimi struktur genlәrinin kodlaşdırıcı ardıcıllıqları daxilindә yerlәşә bilәrlәr. Molekulyar biologiyada G.e.-in bütün bu tiplәri çox vaxt genlәrin özlәrinin tәnzimlәyici sahәlәri hesab olunur. G.e.-in başqa kateqoriyası speyserlәr – nukleotidlәrin qonşu genlәri sәrhәdlәndirәn ardıcıllıqları sәrhәdlәrә ayırmaq üzrә oxşar funksiya yerinә yetirәn (promotorların vә enxanserlәrin qarşılıqlı әlaqә imkanlarını mәhdudlaşdıran) insulyatorlardır.
Eukariotlarda xromosomların, prokariotlarda isә nukleotidlәrin tәşkilindә vә fәaliyyәtindә genom üzrә fiksә olunmuş lokallaşmaya malik G.e. mühüm rol oynayırlar. Bunlara aiddir: replikasiyanın başlanğıcı vә sonu olan sahәlәr; telomerlәr vә sentromerlәr; DNT-nin membranlara vә müxtәlif hüceyrә strukturlarına bağlandığı yerlәr; sayt-spesifik rekombinasiyanın baş verdiyi sahәlәr. G.e.-in bir hissәsi dә genlәrarası vә telomer sahәlәrindә bәzәn böyük miqdarda olan tәkrarlanan ardıcıllıqlardır. Genlәrin daxilindәki kodlaşdırıcı ardıcıllıqlarda da tәkrarlara tәsadüf olunur. Onlar DNT-nin konformasiyasının dәyişmәsindә, genom yenidәnqurulmalarında iştirak edә bilәrlәr, lakin әksәr hallarda tәkrarların funksional әhәmiyyәti müәyyәn olunmamışdır.
Zülalları kodlaşdıran nukleotid ardıcıllıqlarına malik G.e. haqqında anlayış müxtәlif orqanizmlәrin genomu içәrisindә vә genlәri arasında yerdәyişmәlәrә qabil olan mobil genetik elementlәrә (insersion ardıcıllıqlara, transpozonlara), episomlara, profaqlara, retroviruslara, patogenlik “adacıqlarına”, inteqronlara (gen kassetlәrinә) tәtbiq oluna bilәr. Prokariotların genomlarının plastikliyi, genom yenidәnqurulmaları, virulentlik üçün cavabdeh olan gen bloklarının üfüqi köçürülmәlәri, ksenobiontlara qarşı davamlılıq vә bir çox başqa әlamәtlәr mobil elementlәrlә әlaqәlidir. Mobil elementlәr genin tәsirinin tәnzimlәnmәsinә cәlb olunmuşlar, gen mühәndisliyindә istifadә olunan vektor sistemlәrinin yaradılması üçün әsas ola bilirlәr.