GENETİK METOD – tәbii vә sosial hadisәlәrin inkişafının tәhlilinә әsaslanan tәdqiqat üsulu. Tarixәn G.m. elmdә (17 әsrdәn başlayaraq) inkişaf ideyasının qәrarlaşması nәticәsindә yaranmışdır: riyaziyyatda – diferensial hesabı, geologiyada – Layel nәzәriyyәsi, kosmoqoniyada – Kant–Laplas hipotezi, biologiyada – tәkamül nәzәriyyәsi vә s. G.m. metodlardan biri olaraq aksiomatik metodun әsaslandırılması üsulu kimi müasir riyaziyyata vә mәntiqә daxil olmuşdur. G.m. inkişafın ilkin şәrtlәri, başlıca mәrhәlәlәri, әsas meyillәri vә istiqamәtlәrinin müәyyәnlәşdirilmәsini tәlәb edir. Bu cür tәdqiqatda әsas mәqsәd öyrәnilәn hadisәlәrin zamanca әlaqәsini müәyyәn etmәk, aşağı formalardan yüksәk formalara keçidlәri öyrәnmәkdir. Lakin G.m. yeganә, mütlәq metod kimi istifadә edildiyi vә digәr metodlarla tamamlanmadığı tәqdirdә sәhvlәrә vә gerçәkliyin tәhrif edilmәsinә, inkişaf prosesinin bayağılaşdırılmasına, vulqar tәkamülçülüyә gәtirib çıxarır. Müasir elmdә G.m. struktur-funksional tәhlil, sistemli tәhlil metodları, elәcә dә müqayisәli-tarixi metod vә s. ilә birlikdә tәtbiq olunur.