GENETİK UYUŞMAZLIQ – ali bitkilәrdә ya qamet kimi, elәcә dә göbәlәklәrdә vә yosunlarda vegetativ hüceyrәlәr kimi, funksiya cәhәtdәn normal qametlәrin birlәşmәsinin qeyri-mümkün olması. Reproduktiv tәcridin bir formasıdır. G.u. reaksiyalarını tәmin edәn fizioloji mexanizmlәr yәqin ki, olduqca müxtәlifdir; lakin onlar ibtidai göbәlәklәrin az bir qismindә müfәssәl öyrәnilmişdir.
G.u.-a genetik nәzarәtin hәr biri müxtәlif takson üçün sәciyyәvi olan bir neçә tipi var. Bәzi hallarda yalnız bir genin müxtәlif, yaxud yalnız eyni allellәri olan hüceyrәlәrin birlәşmәsi baş verir; digәr hallarda isә G.u. reaksiyasını müәyyәn edәn bir neçә genin qarşılıqlı tәsiri mümkün ola bilәr.
Ali bitkilәr arasında G.u. çiçәyin hermafrodit tipli növlәrindә yayılmış vә çarpaz tozlanmanı tәmin edәn adi üsullardan biridir. Bu zaman G.u.-ın sporofit vә qametofit tiplәri ayırd edilir. Hәr iki halda G. u. reaksiyası dişiciyin diploid toxuması ilә haploid tozcuq arasında baş verir. G.u.-ın sporofit tipindә tozcuğun hәrәkәti ata bitkidә – sporofitdәn, qametofit tipindә isә yalnız onun öz genotipindәn, yәni qametofitin genotipindәn asılıdır. Çoxhüceyrәli heyvanlarda G.u. az yayılmışdır. Bәzi onurğasızlar mәs., tunikalılar müstәsnalıq tәşkil edir.