GÉNKO Anatoli Nestoroviç (16.11.1896, S.-Peterburq – 26.12.1941, Leninqrad) – rus dilçisi vә etnoqraf-qafqazşünası. Zadәgan ailәsindәndir. Petroqrad Un-tinin (indiki S.-Peterburq Dövlәt Un-ti) tarix-filologiya vә şәrq dillәri fakültәlәrini bitirmişdir (1920). N.Y.Marrın tәlәbәsi olmuşdur. Asiya muzeyinin elmi mühafizi (1923–30), SSRİ EA Şәrqşünaslıq İn-tu Qafqaz kabinetinin müdiri (1930–38; 1940–41), Rusiya (Dövlәt) Maddi Mәdәniyyәt Tarixi Akademiyasının (1923–29) vә Yafәs İn-tunun (1924–30) elmi işçisi, Dil vә Tәfәkkür İn-tunun mәslәhәtçisi (1930–36), Leninqrad Dövlәt Un-tinin dağ dillәri kafedrasının müәllimi vә müdiri (1924 ildәn, 1935 ildәn prof.), Şәrq İn-tunun dosenti (1925–30), Şәrqşünaslıq İn-tu Qafqazşünaslıq Assosiasiyasının üzvü (1934 ildәn), SSRİ EA Etnoqrafiya İn-tu Qafqaz kabinetinin müdiri (1936–38 vә 1940–41) vәzifәlәrindә işlәmişdir. 1923– 36 illәrdә Qafqaza 20-dәn çox ekspedisiya tәşkil etmiş, dağ xalqlarına dair dilçilik, folklor vә etnoqrafiya materialları toplamışdır. 1930-cu illәrә doğru Marrın yafәs nәzәriyyәsindәn uzaqlaşmışdır. Marrın ölümündәn sonra rus qafqazşünaslığının liderlәrindәn biri olmuşdur. Abaza, ubıx, xınalıq, saxur dillәrinin ilk tәdqiqatçısı, saxur dilinin latın qrafikalı ilk әlifbasının (1934) banisi olmuşdur. G. Qafqaz xalqlarının çoxdillilik problemlәrini öyrәnmişdir. Tabasaran-rus, abxaz-rus vә s. (nәşr olunmamış) lüğәtlәrin, abxaz dilinin qrammatikasının müәllifidir (әlyazması Leninqradın mühasirәsi zamanı itmişdir). Ümumi funksiyalarına әsaslanaraq, yazısız dillәrin tәsnifatını aparmışdır. Qafqazşünaslıq vә etnogenez problemlәrinin tarixi-filoloji vә etnoqrafik cәhәtdәn kompleks öyrәnilmәsinin tәrәfdarı olmuşdur. 1938–40 vә 1941 illәrdә hәbsdә olmuş, hәbsdә ikәn vәfat etmişdir. 1991 ildә bәraәt verilmişdir.
Əd.: Л а в р о в Л.И. Памяти А.Н.Генко // Кавказский этнографический сборник. М., 1972; В о л к о в а Н.Г., С е р г е е в а Г.А. Трагические страницы кавказоведения: А.Н.Генко // Репрессированные этнографы. М., 1999.