GENÓN (Guénon) Rene Jan Mari Jozef, Ə b d ü l v a h i d Y ә h y a (15.11.1886, Fransa, Blua – 7.1.1951, Qahirә) – fransız din mütәfәkkiri. 1904 ildә Parisә köçmüş, orada okkultistlәrlә (Papus, P. Sedir vә b.) tanış olmuş, mason lojalarında fәaliyyәt göstәrmişdir. 1912 ildә Şaziliyyә tәriqәti vasitәsilә islamı qәbul etmiş, hәmin tәriqәtә daxil olaraq Əbdülvahid adını almışdır. “Xaç simvolizmi” (1931) әsәrini ithaf etdiyi şazili şeyxi Əbdürrәhman İllişin müridi olmuşdur. 1930 ildәn Qahirәdә yaşamışdır.
G.-un dinini dәyişmәsinin sәbәbi, onun öz izahına görә, ehkam vә ayinlәrini yalnız zahiri formada saxlayan xristianlığın ekzoterik vә sırf dini әnәnәyә çevrilmәsi idi. O hesab edirdi ki, xaç suyuna çәkmә “ruhi realizasiya”ya sәbәb ola bilmәyәn virtual ayinә çevrilmişdir; bu tip “realizasiya” yalnız Şәrqin batini, ezoterik mәktәblәrindә (G.-a görә, islamda) saxlanmışdır. Hәm idrakın, hәm dә hәqiqi varlığın zәruri şәrti “ilk peyğәmbәr” Adәmә gedib çıxan “primordial Ənәnә”yә (lat. primordialis – ilkin) inisiasiya vasitәsilә qovuşmaqdır. G.-un әsәrlәrindә vahid ilkin Ənәnәnin – transsendent biliyin ifadәsi kimi әnәnәvi dinlәrin dәrin vәhdәti әksini tapırdı. G. özünü filosof yox, yalnız Şәrqdә qorunan әzәli hәqiqәtlәrin carçısı vә şәrhçisi kimi tәqdim edirdi. Bu hәqiqәtlәr kompleksini Ənәnәnin özәyini tәşkil edәn vә “intellektual intuisiya”nın kömәyilә dәrk olunan “fövqәlrasional” metafizika, yaxud bütün fәlsәfi vә elmi nәzәriyyәlәrdәn üstün olan vә onları qüvvәdәn salan qeyri-bәşәr mәnşәli sabit bilgi adlandırırdı. Ənәnә әtrafında izafi sәciyyәli әl-kimya, astrologiya vә digәr bu kimi sakral elmlәr isә rәmzi olub transsendent prinsiplәrin vә onların tәzahür formalarının dәrkinә yönәlmişdir. Tәzahür prosesi G.-un “Kәmiyyәtlәr sәltәnәti vә zaman әlamәti” (1945) әsәrindә әksini tapır: Kainatın “maddilәşmәsi” prosesi xalis ruhaniyyәtdәn – mütlәq yoxluqdan materiyanın әn aşağı pillәsinәdәk davam edir, “keyfiyyәt” varlığın dәrk olunan bütün obyektlәrinә nüfuz göstәrәrәk onlar arasında şaxәlәnir vә “kәmiyyәtlә әvәzlәnir”. “Yer üzündәki cәnnәt” daşlaşmış cәhәnnәmә çevrilir; ictimai münasibәtlәr sahәsindә teokratiya ardıcıl olaraq monarxiya, demokratiya vә oxlokratiya ilә әvәzlәnir; tәfәkkür sferasında mütәmadi tutqunlaşma, yaxud ali prinsiplәrin okkultasiyası gedir. G.-a görә, cәmiyyәtin Şәrq sivilizasiyalarında qismәn qorunub saxlanmış әnәnәvi tәşkil formalarında ruhi başlanğıc ictimai institutların vә fәrdlәrin fәaliyyәtini istiqamәtlәndirәrәk, insan varlığının bütün tәrәflәrini әhatә edir.
G.-nun bir sıra әsәrlәri Qәrb sivilizasiyasının sәrt tәnqidinә hәsr olunmuşdur. O, Renessans vә Reformasiyadan sonra Qәrbi tarixi prosesin getdikcә daha çox maddi dünyaya aludәçiliyә vә Ənәnәnin unudulmasına doğru involyusiyasının әn alçaq nöqtәsi sayır, müasir dünyada ortodoksal dinlәrin ezoterik formalarını (islamda tәsәvvüf kimi) isә Ənәnәnin daşıyıcıları baxımından nәzәrdәn keçirirdi. “Şәrq vә Qәrb” (1924) әsәrindә iki qütbün yaxınlaşmasının yalnız Qәrbin 16 әsrdәn etibarәn qurub yaratdığı ideologiyaları, bütlәşdirilmiş hәyat, elm, inkişaf kimi anlayışları tәrk etmәsi ilә mümkün olduğunu irәli sürürdü. G. “Hinduist doktrinaların öyrәnilmәsinә ümumi giriş” (1921), “Vedantaya görә insan vә onun reallaşması” (1925), “Dünya kralı” (1927), “Müasir dünyanın böhranı” (1927), “Şәrq metafizikası” (1939) vә s. әsәrlәrin, 300-dәn çox mәqalәnin (bәzilәri әrәbcә) müәllifidir. G. әnәnәçiliyin tәrәfdarlarına, din tarixçilәrinә (M.Eliade, A.Korben) vә s.-na әhәmiyyәtli tәsir göstәrmişdir.