GENOSİD (yun. γέυος – nәsil, tayfa vә lat. caedo – öldürmәk), s o y q ı r ı m ı – milli, etnik, irqi, yaxud dini qrup üzvlәrinin öldürülmәsi, sağlamlığına ağır zәrәr vurulması, doğumun zorakı yolla qarşısının alınması, uşaqların zorla başqalarına verilmәsi, zorakı köçürülmә, yaxud qrup üzvlәrinin fiziki mәhvini nәzәrdә tutan digәr hәyat şәraitlәrinin yaradılması yolu ilә hәmin qrupun tam vә ya qismәn mәhvinә yönәlmiş fәaliyyәt. G. beynәlxalq birliklәrdә dә narahatlıq doğuran әn ciddi cinayәtlәrdәn biridir.
Polşa hüquqşünası R. Lemke özünün “Axis Rule in Occupied Europe” (1944) әsәrindә ilk dәfә “G.” terminindәn istifadә etmәklә onu elmi әdәbiyyata gәtirmişdir. G.-in cәzaya layiqliyi Nürnberq beynәlxalq hәrbi tribunalının nizamnamәsindә әsaslandırılmışdır. G. hüquqi anlayışı “Genosid cinayәtinin qarşısının alınması vә cәzalandırılması haqqında” beynәlxalq Konvensiyada (1948) formulә edilmişdir. Konvensiyanı 130-dan çox dövlәt ratifikasiya etmişdir, hazırda o, beynәlxalq ümumi hüququn bir hissәsidir vә G.-in cinayәt kimi tanınması jus cogens normasıdır.
BMT-nin Beynәlxalq mәhkәmәsinin “Genosid cinayәtinin qarşısının alınması vә cәzalandırılması Konvensiyasına qeydlәr” mәşvәrәtçi nәticәsinә (28.5.1951) әsasәn konvensiyanın prinsiplәri ona qoşulmayan dövlәtlәr üçün dә mәcburidir. G.-ә görә dövlәt xidmәti vәzifәsi tutan, hәmçinin fәrdi qaydada şәxslәr mәsuliyyәti daşıya bilәrlәr. Milli, yaxud dini düşmәnçilik vә dözümsüzlük, elәcә dә digәr niyyәtlәr G.-in motivlәri ola bilәr. G. aktının özünә, onu törәtmәk mәqsәdilә qәsdin tәşkilinә, G.törәtmәyә birbaşa vә açıq tәhrikә, G. törәtmәyә sui-qәsdә vә onda iştiraka görә cәza nәzәrdә tutulur.
G.-ә görә cinayәt tәqibi praktikası konvensiya maddәlәrinin normalarına әsaslanır; hәmin normalara uyğun olaraq, müqәssirlәr “әrazisindә bu әmәlin törәdildiyi dövlәtin sәlahiyyәtli mәhkәmәsi, yaxud bu Konvensiyanın tәrәflәrinә münasibәtdә yurisdiksiyaya malik ola bilәn beynәlxalq cinayәt mәhkәmәsi (tәrәflәrin yurisdiksiyasını tanıdığı cinayәt mәhkәmәsi) tәrәfindәn mühakimә olunmalıdır”. G. keçmiş Yuqoslaviya vә Ruanda üzrә ad hok beynәlxalq cinayәt tribunallarının yurisdiksiyasına, Beynәlxalq cinayәt mәhkәmәsinin mәhkәmә aidiyyәtinә daxil edilmişdir. Konvensiya müvafiq mәhkәmә aidiyyatının reallaşdırılması üçün G. törәtmәkdә tәqsirli bilinәn şәxslәrin verilmәsi vәzifәsini, beynәlxalq cinayәt tribunallarının vә Beynәlxalq cinayәt mәhkәmәsinin nizamnamәlәri onların mәsuliyyәtә cәlb olunması üçün tәhvilini nәzәrdә tutur. G. haqqında işlәr üzrә hüquqi qiymәtlәndirmә vә әdalәt mühakimәsi beynәlxalq hüquqa müvafiq şәkildә hәyata keçirilmәli vә ona zidd olmamalıdır.
“G” termini ayrı-ayrı әlamәtlәrinә görә G. cinayәtinә oxşar olan, lakin hüquqi mәnada G. olmayan әmәllәrin qiymәtlәndirilmәsi zamanı siyasi mәnada istifadә olunur. Mәs., konvensiyada nәzәrdә tutulmayan sosial, sosial-siyasi vә digәr әlamәtlәrinә görә müәyyәnlәşәn qruplara qarşı hәrәkәtlәr G. kimi tәsnif olunmur. “G.” termini konvensiya qüvvәyә minәnәdәk baş vermiş әmәllәrin hüquqi qiymәtlәndirilmәsi zamanı da istifadә oluna bilmәz, belә ki, onun normalarının geriyә qüvvәsi yoxdur.
Azәrb. Resp.-da vәtәndaşların irqi, milli vә dini mәnsubiyyәtinә görә hәr hansı hüquqlarının mәhdudlaşdırılması, hәmçinin irqi, milli, dini ayrı-seçkiliyin, nifrәtin tәbliğatı qadağandır vә qanunla cәzalandırılır. Bununla yanaşı, Azәrb. xalqı 20-ci әsrdә G.-ә mәruz qalmış xalqlardan biridir [bax Mart soyqırımı (1918), Xocalı soyqırımı].