GENOTİPİK MÜHİT, g e n e t i k f o n – müәyyәn genin fenotipindә (orqanizmin quruluş vә funksiyalarında) tәzahürlәrә tәsir göstәrәn genlәrin mәcmusu. “G.m.” terminini 1926 ildә S.S.Çetverikov elmә daxil etmişdir. G.m. müxtәlif genlәrә mәxsus allellәrin müxtәlif tәsir vә qarşılıqlı tәsirlәrini әks etdirәn ümumi genotip sisteminin bir hissәsi olub fenotipin tamlığını tәmin edir. Genin eyni allellәrinin tәzahürü onların G.m.-indәn asılı olaraq müxtәlif ola bilәr. Orqanizmin keyfiyyәt әlamәtlәrinin (fenotipdә aydın görünәn) formalaşması zamanı G.m.-in mövcudluğu komplementarlıq, epistaz vә polimeriya kimi hadisәlәrdә daha dәqiq tәzahür edir, miqdari keyfiyyәtlәrin inkişafı zamanı isә hәr birindә allellәrin bu cür tәzahür dәrәcәsini az da olsa dәyişәn çoxlu miqdarda modifikator genlәr şәklindә özünü göstәrir. Lakin bu zaman seleksiyaçılar üçün bәzәn әlverişsiz olan bir-birilә bağlı dәyişikliklәr baş verir. Xüsusilә xәzli heyvanların tәbii aqressivliyini azaltmaq istiqamәtindә aparılan süni seçmә, xәz keyfiyyәtinin pislәşmәsinә vә reproduktiv tsikllәrin pozulmasına sәbәb olur. Bu o demәkdir ki, G.m. tәkamül prosesindә bir sistem kimi formalaşır vә fenotipin bütövlükdә optimal variantlarının saxlanmasını tәmin edir. Tibbi genetikada G.m.-in tәsiri onda özünü göstәrir ki, irsi xәstәliklәri eyni olan insanlarda onun simptomlarının tәzahür etmә xarakteri bir qayda olaraq müxtәlifdir.