GENŞER (Genscher) Hans Ditrix (21.3.1927, Raydeburq, indiki Qalle ş. – 31.3. 2016, Vaxtberq) – Almaniya dövlәt vә siyasi xadimi. 1943 ildә Hava Hücumundan Müdafiә yardımçı bölmәsinә göndәrilmiş, 1945 ildә vermaxtın әsgәri olmuş, qısa müddәt amerikan, sonra ingilis әsirliyinә düşmüşdür. 1946 ildә gimnaziyanı bitirmiş, Almaniya Liberal-demokrat partiyasına daxil olmuşdur. 1946–49 illәrdә Qalle vә Leypsiq un-tlәrindә hüquq vә iqtisadiyyat üzrә tәhsil almışdır. 1949 ildәn ADR-in Qalle dairәsinin mәhkәmә orqanlarında işlәmişdir. 1952 ildә AFR-ә gedәrәk Azad Demokrat Partiyasına (ADP) daxil olmuş, Bremenin әrazi mәhkәmәsindә (1954 ildәn vәkil) işlәmişdir. 1956–59 illәrdә bundestaqda ADP fraksiyasının assistenti, 1959–65 illәrdә fraksiyanın (1962 ildәn eyni zamanda partiyanın) işlәr müdiri vәzifәsindә çalışmışdır. 1965–98 illәrdә bundestaqın deputatı, 1968 ildәn sәdr müavini, 1974–85 illәrdә sәdri, 1992 ildәn ADP-nin fәxri sәdri olmuşdur. V.Brandtın koalisiya hökumәtindә (1969–74) daxili işlәr naziri, Q.Şmidtin (1974–82) vә Q.Kolun (1982–92) koalisiya hökumәtlәrindә vitse-kansler vә xarici işlәr naziri vәzifәlәrini tutmuşdur. G. 18 il әrzindә AFR-in xarici siyasәt idarәsinә rәhbәrlik edәrәk Qәrbi Avropanın iqtisadi, siyasi vә hәrbi inteqrasiyasının dәrinlәşmәsinә, burada AFR-in liderlik mövqeyinin möhkәmlәnmәsinә çalışmışdır. G. Avropanın sosialist ölkәlәri ilә münasibәtdә gәrginliyin zәiflәdilmәsi xәttini yürütmüş vә bunu onların daxili transformasiyası üçün vacib zәmin hesab etmişdir. O, SSRİ-dәki “yenidәnqurma”nı vә Şәrqi Avropadakı demokratiklәşdirmә proseslәrini dәstәklәmiş, vahid Almaniyanın bәrpası ilә bağlı danışıqlarda mühüm rol oynamış, Şәrqi Avropa ölkәlәrinin yeni demokratik hökumәtlәrinә vә keçmiş SSRİ әrazisindә yaradılmış dövlәtlәrin hökumәtlәrinә fәal diplomatik vә siyasi dәstәk göstәrmişdir. 1999 ildә deputat sәlahiyyәtlәri sona yetdikdәn sonra vәkilliklә mәşğul olmuş, 2000 ildәn “Hans-Dietrich Genscher Consult GmbH” vәkillik kontoruna rәhbәrlik etmişdir. 2001 ildәn Almaniyanın xarici siyasәt cәmiyyәtinin sәdri olmuşdur.