GÉNUYA (Genova) – Şimali İtaliyada şәhәr. Eyniadlı әyalәtin vә Liquriya vil.-nin inz. m. Əh. 605 min (2012). Liquriya dәnizinin Genuya körfәzi sahili boyu ensiz zolaqla 30 km-dәn çox mәsafәdә uzanır. Amfiteatr şәklindә Liquriya Apennin d-rının yamacları ilә tәqr. 600 m hünd.-әdәk qalxır. Ölkәnin әn mühüm nәql. qovşağı. Beynәlxalq aeroport. G. dәniz portu İtaliya vә Aralıq dәnizindә әn irilәrindәndir. Yük dövriyyәsi 56,5 mln. t-dur (2005). İsveçrә vә AFR-in avanportudur.
Genuya şәhәrindәn görünüş.
İndiki G.-nın yerindә e.ә. 6–5 әsrlәrdәn qәdim italik tayfalarından olan liqurların mәskәni mövcud olmuş, e.ә. 4 әsrdә yunan koloniyası salınmışdır. Romalıların buraya gәlişi e.ә. 216 ilә, şәhәrin Karfagen tәrәfindәn dağıdılması vә sonralar bәrpası isә e.ә. 209 ilә aiddir. E.ә. 2 әsrdәn G. Roma dövlәtinin mühüm portu vә dәniz bazası idi. Eramızın 381 ilindә G.-da yepiskopluq yaradılmış, 395 ildә şәhәr Qәrbi Roma imperiyasının tәrkibinә keçmişdir. Erkәn orta әsrlәrdә G. әhәmiyyәtli rol oynamamışdır. 476 ildәn Odoakr dövlәtinin, 493 ildәn Ostqot krallığının tәrkibindә, 540 ildәn Bizansın hakimiyyәti altında olmuş, 641 ildә lanqobardlar (onların hersoqluqlarından birinin mәrkәzi idi), 774 ildә franklar tәrәfindәn işğal edilmişdir (markqraflığın mәrkәzi olmuşdur). 8–10 әsrlәrdә dәfәlәrlә әrәblәrin hücumlarına mәruz qalmışdır. 962 ildәn formal olaraq Müqәddәs Roma imperiyasından len asılılığında idi. G.-nın yüksәlişi 11 әsrdә başlamışdır. 1016 ildә Piza ilә ittifaqda әrәb donanmasını mәğlubiyyәtә uğratmış vә Sardiniya a.-nı geri almışdır. G. Aralıq dәnizi yanıda mühüm ticarәt mәrkәzinә çevrilmişdi. Sәlib yürüşlәrindә (1097 ildәn) iştirakı G.-nın rolunun artmasına vә qüdrәtli dәniz dövlәtinә çevrilmәsinә sәbәb olmuşdur. 12 әsrdә G. bütün hakimiyyәt şәhәr patrisiatının әlindә cәmlәnәn kommuna halına gәlmişdi. Kommunanın başında әvvәllәr konsullar kollegiyası, 1217 ildәn podesta, 1257 ildәn xalq kapitanı, 1270 ildәn iki xalq kapitanı, 1339 ildәn doj dayanırdı. G.-nın әsas rәqiblәri Piza vә Venesiya dәniz respublikaları idi. 13–14 әsrlәrdә G. dәniz qüdrәtinin әn yüksәk hәddinә çatmışdı. 1284 ildә G. Meloriya yaxınlığında Piza donanmasını, 1298 ildә isә Kurtsola yaxınlığında Venesiya donanmasını darmadağın etdi vә nәticәdә Aralıq dәnizinin ş. hissәsindә, hәmçinin Qara dәnizdә mövqeyini möhkәmlәndirdi. Bu dövrdә G. Krımda (Kәfә vә s.) çoxsaylı mәskәn-koloniyaya sahib idi. 1380 ildә Kyoca yaxınlığında Venesiyaya mәğlub olduqdan sonra G.-nın mövqeyi sarsılmışdı. 1396 ildәn G. növbә ilә Fransa vә Milanın hakimiyyәti altında olmuşdur. 15 әsrdә Qara dәniz koloniyalarının itirilmәsi, 16 әsrdә ticarәt yollarının Atlantika okeanına keçirilmәsi G.-nın ticarәt mәrkәzi kimi әhәmiyyәtinin azalmasına sәbәb olsa da, onun bank vә kredit әmәliyyatları mәrkәzi kimi rolu artmışdı. 1528 ildә G.-da oliqarxiya sәciyyәli vә İspaniyadan asılı olan respublika bәrpa olunmuşdu. 1684 ildә G. fransız donanmasının bombardmanına mәruz qalmış, Avstriya irsi uğrunda müharibәnin gedişindә müvәqqәti olaraq Avstriya qoşunları tәrәfindәn işğal edilmişdi (1746). 1797 ildә Genuya resp.Fransa resp. tәrәfindәn tutulmuş vә Liquriya respublikası kimi yenidәn qurulmuşdu, 1805 ildә isә I Napoleon tәrәfindәn yeni yaradılmış İtaliya krallığına qatılmışdı. Vyana konqresinin (1814–15) qәrarına әsasәn, G. Sardiniya krallığının tәrkibinә daxil edilmişdi (1815). 1849 ildә respublikanın bәrpası şüarları ilә baş vermiş, kral qoşunları tәrәfindәn yatırılmış üsyanın mәrkәzi idi. G. Risorcimentoda mühüm rol oynamış, İtaliyanın mәxfi inqilabi-demokratik tәşkilatlarının mәrkәzlәrindәn biri olmuşdur. 1860 ildә İtaliya krallığının tәrkibinә qatılmışdır. 19 әsrin ikinci yarısında G. iri sәnaye şәhәrinә, İtaliyanın әsas ticarәt portuna çevrilmiş, İtaliya fәhlә hәrәkatının mühüm mәrkәzi olmuşdur. 1892 ildә burada İtaliya Sosialist partiyası yaradılmışdır. San-Corco sarayında Genuya konfransı (1922) keçirilmiş, şәhәrin yaxınlığında SSRİ ilә Almaniya arasında Rapallo müqavilәsi (1922) imzalanmışdır. İkinci dünya müharibәsi zamanı 1943 ilin sentyabrında alman qoşunları tәrәfindәn işğala mәruz qalan G. Müqavimәt hәrәkatı mәrkәzlәrindәn biri olmuşdur. 1945 ilin aprelindә partizanlar vә üsyan qaldıran әhali tәrәfindәn azad edilmişdir.
Genuya. Mәrkәzi meydan.
Marko Polo G.-nın hәlә erkәn orta әsrlәrdәn Azәrb. ilә ticarәt әlaqәlәri olduğunu xәbәr vermişdir. 14 әsrdә G. taciri Lukino Azәrb.-da olmuş vә bu ölkә haqqında qeydlәrini qәlәmә almışdır. 14 әsrin sonlarında G. tacirlәri Tәbriz, Şamaxı vә Bakıda olmuşlar. Bu dövrdә Xәzәr dәnizindә ticarәt donanması saxlayan G. tacirlәri Xәzәrsahili şәhәrlәrdә nümayәndәliklәrini yaratmışdılar. Teymurun sarayındakı Kastiliya sәfiri Klavixo G. tacirlәrinin Sultan Üveys dövründә Tәbriz yaxınlığında mәskәn salmaq niyyәtindә olduqlarını göstәrmişdir. 15 әsrdә G. tacirlәri ipәk almaq üçün Şamaxıya gәlirdilәr. 16 әsr G. tarixçisi Pavel İovi mәlumatlarında Tәbrizdәn bәhs etmişdir. 17 әsrdә Sәfәvilәr dövlәti ilә Osmanlı imperiyası arasında münasibәtlәrin sabitlәşmәsi G. ilә ticarәtin bәrpası üçün şәrait yaratmışdı. Bu dövrdә Azәrb. tacirlәri G. ilә sıx iqtisadi әlaqәlәrini Osmanlı әrazisindәki tranzit yollar vasitәsilә hәyata keçirirdilәr.
G.-nın buxtaәtrafı vә dağ yamacında yerlәşәn köhnә hissәsi amfiteatr şәklindә olub, gözәl mәnzәrә yaradır. Orta әsr tikililәrindәn şәhәr divarlarının qalıqları (1155), yeraltı xәzinә-muzeylә (1956, memar F. Albini) birlikdә San-Lorenso baş kilsәsi (11 әsr; 1307 il yanğınından sonra yenidәn tikilmiş, kampanila – 1522, günbәz – 1567, memar Q. Alessi); Santa-Mariya-di-Kastello (11–13 әsrlәr), Müq. Avqustina (1260; 1938 ildәn Liquriya memarlıq vә heykәltәraşlıq muzeyidir) kilsәlәri, Dojlar sarayı (buraya Palatsso Komunalenin binası daxildir, 13 әsrin sonu, 16, 19–20 әsrin әvvәllәrindә yenidәn qurulmuş, 1992 ildә bәrpa edilmiş, hazırda muzeydir) saxlanılmışdır. 16 әsrdә G.-nın baş magistralı – Strada Nuova (1550–58, hazırda Qaribaldi küç.) salındı; burada tәntәnәli İntibah üslubunda saraylar [Palatsso Doria (Doria – Pamfili, 1528–33, memar C. Montorsoli), Palatsso Sauli (1555, qismәn saxlanılmışdır), Palatsso Parodi (1567) vә Karreqa – Kataldi (1588; hәr üçünün memarı Alessidir) vә s.] inşa edilmişdir. Memar Alessinin ardıcılları Doria-Tursi (1565 ilin әvvәli, memarlar R. vә C.Luraqo), Podesta (1563–65, memar C.B.Kastello), Byanko (1565, memarlar C.Orsolino vә D.Pontsello, 1892 ildәn rәsm qalereyasıdır), Rosso (1671–77, memar M. Laqomacore; 1874 ildәn Rosso Palatsso muzeyidir) vә s. saraylar tikmişlәr. 17 әsrdә B.Byankonun layihәsi ilә barokko üslubunda Durasso Pallaviçin villası (1618; hazırda Liquriya arxeologiya muzeyidir) vә Palatsso del Universitet (1634, yezuit kolleci; 1775 ildәn un-t binasıdır) binaları ucaldılmışdır. Şәhәrdә memar K.F.Barabinonun layihәsi әsasında neoklassisizm üslubunda “Karlo Feliçe” teatrının binası (1826–27) vә Liquriya Zәrif Sәnәtlәr Akademiyası (1826–31) tikildi. Çox sayda fәvvarәlәr, abidәlәr (X.Kolumb, heykәltәraş L. Bartolini, 1846–62; C. Qaribaldi, heykәltәraş C.Turini, 1888), terras parklar şәhәrә xüsusi gözәllik verir.
Genuya mayakı. 1544.
Orta әsrlәr G.-sının bir hissәsi porta bitişmişdir; dar küçәli mәhәllәlәrdә yeni memarlıq komplekslәri salınır vә binalar inşa edilir. Port kompleksindәn q.-ә doğru sahәdә sәnaye zonası yerlәşmiş, c.-a doğru isә kurort obyektlәri sıralanır. Port r-nundan şm.-ş.-dә 19 әsr tikililәrinin mәhәllәlәri, şәhәrәtrafı tәpәlәrdә – kütlәvi yaşayış binaları (o cümlәdәn Bernabo – Brea, 1950–53, memar L.K.Daneri vә b.) yerlәşir. Mayakdan (1544) başlayaraq, Palçevra çayı vadisindә 13, 16–19 әsrlәrә aid qәdim istehkam tikilisi yerlәşir.
Un-t (1471), 10-dan artıq elmi cәmiyyәt, assosiasiya vә in-t, o cümlәdәn G. elmi cәmiyyәti (1866), X.Kolumb in-tu vә s.; Duratsso Custiniani kitabxanası (1806), astronomiya rәsәdxanası (Kastellaçço fortunda, 13 әsr); tәbiәt tarixi (1867), Şәrq incәsәnәti (1905: Şәrq incәsәnәti kolleksiyası, Avropada әn iri kolleksiyalardan biri), Villa Kroçe müasir incәsәnәt qalereyası (1985), dәniz (1930), milli qalereya (1958; Palatsso Spinolada), G. tarix vә mәdәniyyәti (1983), Risorcimento (1934) muzeylәri, Madzini in-tu, X. Kolumb, N. Paqanini vә C.Madzininin ev-muzeylәri (G.-dә doğulmuşlar) vә s.; “Ateneo”, “Karlo Feliçe” (1828; opera vә baletlәr tamaşaya qoyulur), “Albatros”, “Qustavo Modena” vә s. teatrları, N. Paqanini ad. konservatoriya (1829) var. Violinçalanların “Premio Paqanini” beynәlxalq müsabiqәsi (1954 ildәn) keçirilir.
Şәhәrin sonrakı inkişafı onun liman, hәmçinin turizm vә mәdәniyyәt mәrkәzinә çevrilmәsinә yönәlmişdir; ekoloji problemli istehsal lәğv edilir (o cümlәdәn neft emalı z-dları, köhnә liman zonasındakı müәssisәlәr vә s.) vә ya rekreasiya biznesinә uyğunlaşdırılır. 1992–2004 illәrdә köhnә liman zonası R. Pyanonun layihәsi әsasında yenidәn qurulmuşdur (Porto Vecchio); Dәniz akvariumu yaradılmışdır (1993 ildәn, Avropada әn irilәrindәn biri, 2005 ildә 1,3 mln. tamaşaçı), Antarktida muzeyi (1996), “Qalata” dәniz muzeyi (21 әsrin әvvәlindә ispan memarı Q. Vaskes Konsueqranın layihәsi üzrә yaradılıb). Limanın qәdim hissәsi (Porto Antico) mәdәni-rekreasiya zonasına (restoranlar, mağazalar, kinoteatr, uşaq şәhәrciyi vә s.) çevrilmişdir. Böyük Genuyaya ş.-dәn Çinkue-Terre tәbiәt qoruğu birlәşir.
Genuya. San-Lorenso böyük kilsәsi. 11–16 әsrlәr.
Böyük G. Turin vә Milandan sonra sәnaye әhәmiyyәtinә görә İtaliyanın üçüncü ticarәt mәrkәzidir; Milan – Turin – Genuya sәnaye üçbucağının “tәpәlәrindәn” birini tәşkil edir. Tәsәrrüfat fәaliyyәti sәnaye xammalının böyük hissәsinin vasitәsilә daxil olduğu port ilә sıx әlaqәlidir. G. iqtisadiyyatının әsasını әnәnәvi olaraq ağır sәnaye sahәlәri tәşkil edir. Kornilyan-Liqurenin qәrb әtrafında “Finsider” (ildә tәqr. 2 mln. t polad, gücünә görә ölkәdә ikinci terdәdir; hәmçinin çuqun, әrinti, әlvan metallar vә s. istehsal edir) qrupunun “Ilva” şirkәtinin tam tsiklli metallurgiya kombinatı yerlәşir. Sestri-Ponente şәhәrәtrafında “Finmeccanica” qrupunun “Ansaldo” şirkәtinin gәmiqqayırma verfi (iri okean gәmilәri, hәrbi kreyserlәr, kabotaj üzmә üçün gәmilәr vә debarkadalar) var. Aviasiya vә gәmi motorlarının, turba, qazan, traktorlar, elektrik avadanlıqları, elektrik cihazlar vә komponentlәr, mәişәt texnikası vә s. istehsalı inkişaf etmişdir. 20 әsrin son rübündә G. iri neft emalı (ümumi gücü tәqr. ildә 10,5 mln. t xam neft olan olan 4 neft emalı z-du fәaliyyәt göstәrirdi) mәrkәzinә çevrilmişdir; 2003 ildә yalnız Buzalla (gücü 2 mln. t; neft uz. 24 km olan neft borusu vasitәsilә Multedo limanından gәlir) şimal şәhәrәtrafında neft emalı z-du işlәyirdi. Kimya (duzlu turşu, mineral gübrәlәr vә s.), әczaçılıq, kağız, toxuculuq [idxal (pambıq, cut) xammaldan müxtәlif parçalar, o cümlәdәn texniki, qablaşdırma istehsal edilir], iri yeyinti (әsasәn yerli xammala әsasında; şәkәr, zeytun yağı, meyvә konservlәri vә cemlәr) sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. Ənәnәvi tor (krujeva) (Rapallo, Kyavari, Portofino, Santo-Marqerita-Liqure), әlcәk, gül essensiyaları istehsalı inkişaf etmişdir.
20 әsrin sonlarından şәhәr iqtisadiyyatında sәnayenin payı azalmış, xidmәt sferasının (çalışanların 2/3-si) әhәmiyyәti artmışdır, onun әsas sahәlәri: sәnaye xidmәti (o cümlәdәn, sәnaye müәssisәlәri üçün kompyuter tәminatının işlәnib-hazırlanması), hәmçinin port vә aeroport, ticarәt, bank işi (G.-nın әn qәdim bankı 1407 ildә әsası qoyulmuş Banca San Giorgiodur), turist xidmәti vә s. Şәhәr iqtisadiyyatının әn mühüm vә әnәnәvi sahәlәrindәn biri, әsasәn, port ilә әlaqәli beynәlxalq iri topdan, hәmçinin pәrakәndә ticarәtdir. G.-da beynәlxalq sәrgilәr vә yarmarkalar keçirilir, o cümlәdәn Avropada әn iri “Euroflora” (1956 ildәn; başlı mәkanda 5 ildәn 1 keçirilir) gül vә dekorativ bitkilәr sәrgisi, “Technotel Hospitality” (mehmanxana vә restoranlar üçün avadanlıq vә texnologiyalar; 1965 ildәn 2 ildә 1 dәfә keçirilir) sәrgi-yarmarkası, “Salone Nautico” (kater, yaxta, qayıq; yelkәn idmanı üçün avadanlıq; 1962 ildәn hәr il keçirilir), rabitә vasitәlәri, “Bibe” çaxır vә lükör vә s. G. İtaliyanın Rivyera (San-Remo, Alassio, Bordigera, Nervi, Rapallo, Kiavari, Portofino, Santa-Margerita-Liqure vә s. kurort şәhәrlәri dә daxil olmaqla) mәrkәzidir; turizm vә onunla әlaqәli sahәlәr şәhәr iqtisadiyyatının daha dinamik inkişaf edәn sektorlarından biridir.
G.-da әnәnәvi olaraq beynәlxalq avarçәkmә yarışları, X.Kolumbun şәrәfinә bayramlar, yaxtsmenlәrin “Dәniz respublikaları reqatası” yarışları keçirilir. Avropanın iki mәşhur futbol klubu – “Sampdoriya” vә “Cenoa” çıxış edir. 2002 ildә burada akademik avarçәkmә üzrә dünya çempionatı olmuşdur.