GENUYA KOLONİYALARI, Ş i m a l i Q a r a d ә n i z y a n ı d a – 13–15 әsrlәrdә Genuya tacirlәrinin möhkәmlәndirilmiş ticarәt mәrkәzlәri. 1266 ildә genuyalılar Qızıl Orda tәrәfindәn Krıma tәyin edilmiş Mәngü xandan sonradan koloniyalarının mәrkәzinә çevrilmiş Kәfәnin (indiki Kerç) onların ixtiyarına verilmәsinә nail oldular. Genuyalılar venesiyalıları sıxışdıraraq 1357 ildә Çembalonu (Balaklava), 1365 ildә Soldayyanı (Sudak) әlә keçirdilәr. Sonra Bosporo (indiki Kerçin yerindә) vә Tana (Donun mәnsәbindә) koloniyaları meydana gәldi. G.k.-nda yunanlar, italyanlar, tatarlar vә b. yaşayırdı. 14 әsrin sonlarında bu koloniyalar Qara dәniz ticarәtindә hәlledici rol oynayır, geniş vasitәçi ticarәt aparırdılar. Genuya tacirlәri Qaradәnizyanı r-nlardan taxıl, duz, dәri, xәz, mum, bal, taxta, balıq, kürü satır, İtaliya vә Almaniyadan mahud, Yunanıstandan yağ vә şәrab, Asiya ölkәlәrindәn әdviyyat, qiymәtli daşlar, müşk, Afrikadan fil dişi vә s. mallar gәtirirdilәr. Tatar xanlarından vә türk sultanlarından alınmış әsirlәrin satışı mühüm yer tuturdu.
Koloniyalardakı qalalarda qarnizonlar yerlәşirdi. Genuyalılar koloniya әrazisinin formal ali sahibi, yalnız tәbәәlәri üzәrindә hakimiyyәtә malik olan vә onlara tam özünüidarә hüququ verәn monqol-tatar xanları ilә müttәfiqlik әlaqәlәri saxlayırdılar. 1380 ildә Genuyanın piyada qoşunları Mamayın tәrәfindә Kulikovo vuruşmasında iştirak etmişdir. Bununla belә, G.k. dәfәlәrlә tatar xanlarının hücumlarına vә talanlarına mәruz qalmışdır (1299, 1308, 1344–47, 1396–97 vә s.). Genuya tacirlәrinin ticarәt fәaliyyәti yerli әhalinin soyğunu vә istismarı ilә uzlaşırdı. Koloniyalar daxilindә dәrin ictimai tәbәqәlәşmә gedir, milli-dini ziddiyyәtlәr kәskinlәşirdi. Daha iri koloniya olan Kәfә inkişaf etmiş sәnәtkarlıq mәrkәzi idi. Kәfәni yoxsul kütlәni tabe etmiş vә kölә halına salmış varlı tacir tәbәqәsi idarә edirdi. 1433 ildә Çembaloda yerli әhalinin genuyalılara qarşı üsyanı, 1454 ildә Kәfәdә şәhәr yoxsullarının böyük üsyanı baş verdi; sonralar sinfi mübarizәnin kәskinlәşmәsi Kәfәdә yeni üsyanlara (1456, 1463, 1471, 1472 vә 1475) sәbәb oldu. Sosial vә milli-dini ziddiyyәtlәrin dәrinlәşmәsi, ticarәt vә sәlәm kapitalı nümayәndәlәri arasında mübarizәnin kәskinlәşmәsi, Venesiya ilә rәqabәt 15 әsrdә G.k.-nın süqutunu әvvәlcәdәn müәyyәnlәşdirdi. Bizans imperiyasının süqutundan (1453) sonra Genuya Qara dәniz koloniyalarını özünün San-Corco bankına güzәştә getdi. G.k.-nın beynәlxalq mövqeyi pislәşdi. 1475 ildә Osmanlı dövlәti vә onun vassalı Krım xanlığı G.k.-nı tutdular.
İtaliya memarlarının rәhbәrliyi ilә qullar tәrәfindәn tikilmiş qala divarlarının, bürclәrin vә sarayların qalıqları Kәfәdә, Çembalo vә Soldayyada saxlanılmışdır. Soldayyadakı qala vә konsul qәsri (14 әsr) italyan memarlığının gözәl nümunәlәrindәn biridir; burada freskaların qalıqları bizә gәlib çatmışdır. 1951–52 illәrdә Kәfәdә aparılmış arxeoloji qazıntılar nәticәsindә şәhәrin, sәnәtkarlıq vә ticarәt tarixinin araşdırılması üçün qiymәtli materiallar әldә edilmişdir.