GENUYA KONFRANSI (1922) – iqtisadi vә maliyyә mәsәlәlәri üzrә beynәlxalq konfrans. 29 dövlәtin – Albaniya, Almaniya, Avstriya, Belçika, Bolqarıstan, B.Britaniya, Çexoslovakiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İsveçrә, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, RSFSR, Rumıniya, Serb, Xorvat vә Sloven Krallığı, Yaponiya, Yunanıstan, hәmçinin 5 Britaniya dominionu – Avstraliya, Cәnubi Afrika İttifaqı, Hindistan, Kanada, Yeni Zelandiya nümayәndәlәrinin iştirakı ilә Genuya ş.-ndә (İtaliya) keçirilmişdir (10 aprel–19 may). Rusiyanın konfransa dәvәt edilmәsi Antanta dövlәtlәrinin bolşevizmin tanınması, çağırılmadığı tәqdirdә isә borcları almağın çәtinlәşәcәyi anlamına gәldiyindәn mübahisәli mәsәlә oldu. RSFSR konfransa tanınmayan dövlәt qismindә qatıldı. G.Çiçerinin (RSFSR xalq xarici işlәr komisarı) başçılıq etdiyi nümayәndә heyәti (onun tәrkibindә N.Nәrimanov da var idi) tәkcә RSFSR-in deyil, digәr sovet respublikalarının (Azәrb., Belorusiya, Buxara, Erm., Gürcüstan, Xarәzm, Ukrayna), hәmçinin Uzaq Şәrq resp.-nın “maraqlarını” tәmsil edirdi. G.k.-nın işindә iştirakdan imtina edәn ABŞ müşahidәçi kimi İtaliyadakı sәfiri R.Çayld ilә tәmsil olunurdu. G.k.-nda Qәrb dövlәtlәrinin әn fәal nümayәndәlәri D. Lloyd Corc, C.N.Kerzon (B.Britaniya), K.Y.Virt, V.Ratenau (Al- maniya), L.Fakta (İtaliya), L.Bartu, K.Barrer (Fransa) idi. G.k.-nın çağırılması haqqında qәrar B. Britaniyanın tәşәbbüsü ilә Kann konfransında (1922) qәbul edilmişdi. G.k.-nın rәsmi mәqsәdi “Mәrkәzi vә Şәrqi Avropanın iqtisadi bәrpası üçün” tәdbirlәrin axtarılması, әn әsas mәsәlә isә kapitalist dünyasının RSFSR ilә münasibәtlәri (18,5 mlrd. qızıl rublun ödәnilmәsi) idi. Qәrb dövlәtlәri RSFSR-ә çar Rusiyasının vә Müvәqqәti hökumәtinin borclarını vә keçmiş mülkiyyәtçilәrin konsessiya vә icarә hüququnu tanıtmağa çalışırdırlar. Sovet nümayәndә heyәti bu tәlәblәri rәdd edәrәk xarici hәrbi müdaxilә vә blokada nәticәsindә RSFSR-ә vurulan zәrәrin (39 mlrd. qızıl rubl) ödәnilmәsini istәdi. Bununla belә, sovet nümayәndә heyәti elan etdi ki, RSFSR hökumәti RSFSR-in deyure tanınması, ona maliyyә yardımın verilmәsi, hәrbi borclarını lәğv edilmәsi müqabilindә müharibәyәqәdәrki borcları vә sahibkarların onlara әvvәllәr mәxsus әmlakını konsessiyaya vә ya icarәyә almaq hüquqlarını tanımağa hazırdır. Lakin bu mәsәlәlәr G.k.-nda hәll olunmadı vә maliyyә-iqtisadi mәsәlәlәrin müzakirәsi Haaqa konfransında (1922) davam etdirildi. G.k. gedişindә RSFSR Almaniya ilә Rapallo müqavilәsini (1922) imzaladı. B.Britaniya tәrәfi isә Rusiyanın digәr sovet respublikalarını sovetlәşdirmәsini bolşevik işğalı adlandırdı.
G.k.-nda adı çәkilmәsә dә neft mәsәlәsi mühüm yer tuturdu. Bakı nefti uğrunda mübarizә aparan ABŞ, Fransa, Belçika vә B.Britaniya itirdiklәri mülklәrini qaytarmağa vә konsessiyalar almağa cәhd edirdilәr. G.k.-na Ə. Topçubaşov başda olmaqla mühacirәtdәki AXC nümayәndәlәri dә qatılmışdılar. O, bolşeviklәrin Azәrb.-ın tәbii sәrvәtlәrini paylamaq cәhdinә etirazını bildirdi. N.Nәrimanov isә qismәn konsessiyaların verilmәsinin tәrәfdarı idi. Rapallo müqavilәsindәn sonra Almaniya Bakıda nümayәndәlik açdı.
G.k.-nda iştirak edәn türklәrin müza- kirәlәrә yaxın buraxılmaması vәziyyәti xeyli mürәkkәblәşdirdi. Belә mövqe, әslindә, Kiçik Asiyada sülhün bәrpasına mane olurdu, çünki G.k.-nın hәlli vacib problemlәrindәn biri dә Yaxın Şәrq problemi idi.