GEOBOTÁNİKA – Yer kürәsinin bitki örtüyünün tәrkibi, strukturu vә fәaliyyәti haqqında elm. G. terminini A.Qrizebax vә F.İ.Ruprext eyni vaxtda (1866) tәklif etmişlәr.
Bitki örtüyünün xüsusi tәbii törәmә olması barәdә ilkin anlayışlar 19 әsrin әvvәllәrinә aid olub A.Humboldt vә O.Dekandolun tәdqiqatları ilә bağlıdır. G. bir elm kimi 19 әsrin 2-ci yarısı–20 әsrin әvvәllәrindә formalaşmışdır. G.-nın әn mühüm metodoloji anlayışları olan “flora” vә “bitkilik” dedikdә, bitki alәminә tәşkilolunmanın orqanizmüstü sәviyyәsi kimi baxılır (populyasiya-növ ekosistem, landşaft, qurşaq–zona vә biosfer sәviyyәsindә). G. anlayışı müxtәlif geobotaniki mәktәbin nümayәndәlәri tәrәfindәn formalaşmışdır. G. geniş mәnada ümumi vә xüsusi olmaqla 2 bölmәyә ayrılır.
Ümumi G.-ya daxildir: bitkilәrin birlikdә bitmәsi zamanı bir-biri ilә qarşılıqlı münasibәtlәrinin qanunauyğunluqlarını, bitki qruplaşmalarını (fitosenozları) öyrәnәn vә onların tәsnifat prinsiplәrini işlәyib hazırlayan fitosenologiya; abiotik, biotik vә antropogen amillәrin bitki populyasiyalarına vә növlәrinә, hәmçinin bitki qruplaşmalarına tәsirini öyrәnәn b i t k i e k o l o g i y a s ı; bitkilәrin müxtәlif sәviyyәli taksonlarının vә onların tәbii-tarixi komplekslәrinin (floraların) Yer kürәsindә paylanması qanunauyğunluqlarını, Yerin bitki örtüyünün, ayrı-ayrı tәbii zonaların vә dağ qurşaqlarının, hәmçinin landşaftların diferensiasiyasını öyrәnәn botaniki coğrafiya. Xüsusi G. bitki örtüyünün әsas tiplәrinin (bataqlıqşünaslıq, meşәşünaslıq, çәmәnçilik vә s), ayrı-ayrı biomların bitki qruplaşmalarının spesifikliyi, G.-nın nәzәri müddәalarının tәcrübәdә tәtbiqi mәsәlәlәri (mәs., meşәçilik, çәmәnçilik, yaşıllaşdırma vә landşaft dizaynı sahәlәrindә) ilә mәşğul olur. Coğrafi xәritәlәrdә bitki örtüyünün müxtәlif modellәrinin tәsvir edilmә prinsiplәrinin işlәnib hazırlanması G.-nın öyrәndiyi mәsәlәlәrә daxildir (geobotaniki kartoqram düzәltmә). G. hәm dә mühitin ayrı-ayrı amillәrinin vә ekoloji rejimin qiymәtlәndirilmәsi mәsәlәlәrini dә öyrәnir (indikasiya G.-sı). G. fiziki coğrafiya, iqlimşünaslıq, torpaqşünaslıq vә digәr bu kimi Yer elmlәri ilә sıx әlaqәdardır. Bitki örtüyünün formalaşmasının tarixi mәsәlәlәri onu tarixi geologiya, bitki filogeniyası vә paleobotanika ilә yaxınlaşdırır.